«Khazar Islands» layihəsinin reklam, marketinq və satış işlərini «Ihlas Holding» aparacaq - FOTOSESSİYA

«Khazar Islands» layihəsinin reklam, marketinq və satış işlərini «Ihlas Holding» aparacaq   - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2012 07:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Bakıda səfərdə olan «Ihlas Holding»in vitse-prezidenti Həsən Alsancak qeyd edib ki, ilk öncə «Khazar Islands» layihəsi onlar üçün xəyal kimi görünüb. Lakin artıq həyata keçirilmiş işləri və ümumi layihələndirməni görəndən sonra bu layihənin real olduğuna inanıblar: «Bu bizim indiyədək gördüyümüz ən böyük və gözəl layihələrdəndir. Biz «Khazar Islands»ın uğurlu olacağına inanırıq».

Holdinq rəsmisi onu da qeyd edib ki, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, «Ihlas Holding» «Khazar Islands»ın reklam, marketinq, inşaat və satışı ilə məşğul olacaq. H.Alsancak «Ihlas Holding»ın layihəyə investisiya yatıracağını da istisna etməyib və bildirib ki, hazırda bu məsələ holdinqdə müzakirə olunur.

Öz növbəsində «Khazar Islands» layihəsini icra edən «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli bildirib ki, tərəflər arasında ilkin razılaşmanın əldə olunmasına baxmayaraq, yaxın zamanlarda «Avesta» ilə «Ihlas Holding» bu istiqamətdə müvafiq sənəd imzalayacaq: «Tərkibində 100-dən artıq şirkət, o cümlədən Türkiyənin TQRT telekanalı olan «Ihlas Holding»lə gələcək əməkdaşlığı yüksək qiymətləndirirəm. Bununla bağlı rəsmi müqavilənin isə yaxın günlərdə imzalanacağı gözlənilir».

Qeyd edək ki, İ.Nehrəmli H.Alsancakın Bakıya səfəri çərçivəsində onu layihənin gedişi və ərazidə həyata keçirilən işlərlə tanış edib, layihə barədə ətraflı məlumat verib.

Xatırladaq ki, «Khazar Islands» layihəsinə xarici investor və şirkətləri baş ofisi Brüsseldə (Belçika) yerləşən Avropa İqtisadi, Ticarət və Sənaye Palatası (European Economic Chamber of Trade, Commerce and Industry) cəlb edir.

Qeyd edər ki, «Khazar Islands» layihəsinə indiyədək 1,2 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Artıq layihə çərçivəsində dənizdə 300 ha sahə doldurulub. Hazırda 12-dək binanın tikintisi gedir, onların arasında 10, 22 və 25 mərtəbəli binalar var. Artıq bəzi binalarda tikinti işləri 10-cu mərtəbəyə çatıb. Bu binaların inşası 2013-cü ilin sonunda başa çatacaq, 2014-cü ildə isə burada yaşayış başlanacaq.

Layihə çərçivəsində tikinti işləri mərhələlərlə aparılacaq və 1-ci mərhələdə 5,5 mln. kv. sahənin tikintisi nəzərdə tutulub. Artıq 200 min kv. metr sahənin tikintisi başlanıb və işlərin 40%-i yerinə yetirilib. İşlər sürətlə aparılır və bu ilin sonunadək tikinti işləri 500 min kv. metr sahəni əhatə edəcək. Gələn ildən isə tikinti işlərinin aparıldığı sahə hər il 1,5 mln. kv. metr artmalıdır ki, 1-ci mərhələ nəzərdə tutulduğu kimi 2016-cı ildə başa çatsın.


Paralel olaraq şəhər infrastrukturu da qurulur. Layihə çərçivəsində yaradılan adaların sahil xəttinin abadlaşdırılması, yeni bulvarların tikintisi aparılır. İndiyədək 4 km-lik bulvar tikilib. Ümumilikdə, ilk mərhələdə 20 km-lik bulvarın və 20 körpünün tikintisi nəzərdə tutulur.

Artıq ilk körpünün tikintisi başa çatmaq üzrədir: 274 metr uzunluğu olan körpünün aşırımı 76 metrdir ki, bu da respublikada ən böyük göstəricidir. Körpünün tikintisi fransalı mütəxəssislərlə birgə həyata keçirilir.

Bundan başqa, şəhərdə kommunikasiya və infrastruktur layihələri həyata keçirilir, şəhərə su çəkilir, elektrik xətləri isə artıq çəkilib. Şəhərin girişində hər biri 5 ha olan 2 böyük park salınır. Artıq burada yaşıllaşdırma işləri gedir. Parkların birində 3 stadion və digər idman qurğuları, digər parkda isə uşaq əyləncə qurğuları tikiləcək.

Şəhərdə nəzərdə tutulan 8 yeraltı keçiddən birincisinin tikintisi başlanıb, 7 km uzunluğunda asfalt yol çəkilir.

Bundan başqa, şəhərdə 10 restoran tikilməlidir. Layihədə ilk obyektlərin açılışı may ayına, çimərlik mövsümü ərəfəsində nəzərdə tutulub. Həmin vaxt işə düşən restoranlarla yanaşı, 1 min nəfərlik çimərlik də fəaliyyətə başlayacaq. Bu çimərlik demək olar dənizin ortasında, sahil xəttindən 2,5 km məsafədə yaradılacaq. Artıq bir neçə böyük hovuzun tikintisi, qum qatının yaradılması işləri də başa çatıb. «Khazar Islands»ın yeni şəhərin icra hakimiyyətinin təməli də may ayında qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR