ABŞ Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə qarşı sanksiya tətbiq edib

ABŞ Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə qarşı sanksiya tətbiq edib
# 06 aprel 2021 01:57 (UTC +04:00)

ABŞ Rusiyanın müdafiə sektoru ilə əməkdaşlığına görə Türkiyənin dövlət qurumuna və qurumun dörd rəsmi nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşri – Federal Reyestrdə bildiriş yerləşdirilib.

Bildiriş rəsmi şəkildə yayımlanacaq və aprelin 7-dən etibarən qüvvəyə minəcək.

Sanksiyalar Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə və orada çalışan dörd məmura, həmçinin ölkənin müdafiə sənayesi naziri İsmayıl Dəmirə aid edilib.

Sanksiyalar “Amerikanın rəqiblərinə qarşı sanksiyalarla cavab verilməsi haqqında” (CAATSA) Qanun çərçivəsində tətbiq olunub. Bildirişin mətnində Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri barədə söz açılmır, halbuki rəsmi Vaşinqton uzun müddətdir Moskva ilə hərbi əməkdaşlığına görə Ankaranı sanksiyalarla təhdid edirdi.

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə qarşı sanksiyalar ABŞ-dan idxalın dayandırılmasını və quruma 10 milyon dollardan çox kreditin verilməməsini nəzərdə tutur. Qara siyahıya salınmış dörd türkiyəli məmur isə ABŞ-a giriş imkanlarından məhrum ediləcək, onların aktivləri bloklanacaq və amerikalıların həmin şəxslərlə hər hansı bir əməliyyat aparması qadağan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR