KİV: Tramp seçki nəticələrini dəyişdirmək üçün ədliyyə nazirini istefaya göndərmək istəyib

KİV: Tramp seçki nəticələrini dəyişdirmək üçün ədliyyə nazirini istefaya göndərmək istəyib
# 23 yanvar 2021 14:44 (UTC +04:00)

ABŞ-ın eks prezidenti Donald Tramp vəzifədə olduğu son həftələrdə Corciya ştatındakı seçki nəticələrini ləğv etmək üçün ədliyyə nazirini vəzifədən azad etmək və bu posta ona daha sədaqətli şəxsi gətirmək planı olub.

APA-nın "New York Times"ə istinadən verdiyi xəbərə görə, bu barədə keçmiş administrasiyada çalışan, adının açıqlanmasını istəməyən rəsmi bildirib.

"New York Times"in məlumatına görə, Ədliyyə Nazirliyinin hüquqşünası Cefri Klark keçmiş prezident Donald Trampla birgə baş prokurorun səlahiyyətlərini yerinə yetirən Cefri Rozeni vəzifəsindən (o, həm də ədliyyə naziridir) kənarlaşdırmaq və Corciya ştatındakı seçki nəticələrinin ləğv olunması üçün nazirliyin səlahiyyətlərindən sui-istifadə planı hazırlayıb. Bu plan baş prokuror Cefri Rozenin Trampın Corciyadakı seçki nəticələrinin ləğv olunması ilə bağlı istəyinə rədd cavabı verdiyi üçün hazırlanıb.

Mənbənin verdiyi məlumata görə, Cefri Rozenin vəzifəsindən azad olunacağı təqdirdə Ədliyyə Nazirliyinin əməkdaşlarının kütləvi şəkildə istefa verəcəyi ilə bağlı xəbərdarlıq Donald Trampın fikrini dəyişdirib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə Donald Tramp məğlubiyyətini etiraf etməyib. Qələbə çaldığını iddia edən Donald Tramp məhkəməni nəticələri ləğv etməyə çağırıb.

Lakin seçki saxtakarlığı ilə bağlı Donald Trampın iddiaları təsdiqlənməyib.

ABŞ-ın yeni prezidenti Co Baydenin andiçmə mərasimi yanvarın 20-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR