Türk Şurasının Baş katibi Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə bağlı bəyanat yayıb

Türk Şurasının Baş katibi Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə bağlı bəyanat yayıb
# 30 aprel 2021 17:27 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə əlaqədar bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

Baş katib bildirib ki, Qırğızıstan-Tacikistan dövlət sərhədində hər iki tərəfdən insan tələfatına səbəb olan gərginlik dərin narahatlıq doğurub: “Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tez bir zamanda sağalmasını diləyir, ölkələrin Xarici İşlər Nazirliklərinin danışıqlarından və tərəflər arasında atəşkəsin dərhal tətbiqindən məmnun olduğumuzu bildiririk.

Müqəddəs Ramazan ayında birləşmək və müxtəlifliklərimizi kənara qoymaq üçün əlimizdən gələni etməliyik. Buna görə də mövcud problemlərin yalnız iki ölkə arasında mehriban qonşuluq münasibətləri ruhuna uyğun diplomatik danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməli olduğuna inanırıq”.

Türk Şurasının Baş katibi tərəfləri diqqətli olmağa və gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinərək vəziyyəti sabitləşdirmək üçün ortaq tədbirlər görməyə çağırıb.

“Xüsusilə Qırğızıstan tərəfinin barışın bərpasına verdiyi töhfəni qeyd edirik. Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu ətrafında sıx təmas saxlamağa davam edəcək”, - deyə B. Amreyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR