AMİP Fransa Senatının qərarına etiraz bəyanatı yayıb

AMİP Fransa Senatının qərarına etiraz bəyanatı yayıb
# 26 noyabr 2020 13:35 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı bəyanat yayıb.

AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı qəbul edilən qərar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı Fransa Senatı tərəfindən düşünülərək, planlı şəkildə həyata keçirilmiş siyasi qəsddir: “Bu hal bütün dünyanın gözü qarşısında Fransa Senatının separatizmi və terroru dəstəkləməsinin əyani sübutudur. Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu qərarı 1992-ci ildə Azərbacann dövlətinin BMT tərəfindən tanınmış ərazi bütövlüyünə qarşı atılmış siyasi akt kimi qəbul edirik”.

“Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir və işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında nəinki fərq qoymur, əksinə işğalçını müdafiə edən mövqe nümayiş etdirir”, - deyə bəyanatda vurğulanır.

Bəyanatda o da qeyd olunur ki, tarixində görünməmiş qətliamlar törətmiş bir ölkə Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamlarla çıxış edərək bu cür bir qətnamələr qəbul etməkdənsə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə, Çadda, Qabonda, Kamerunda, Ruandada, Cibutidə, Kambocada və Vyetnamda törətdiyi soyqırımlara qiymət versə, eləcə də BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirsə, daha yaxşı olar.

AMİP bəyanatda Fransanın dərhal ATƏT Minsk Qrupu həmsədrliyindən, eləcə də ümumiyyətlə Minsk Qrupu üzvlüyündən çıxarılması və digər tələblərlə də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR