Deputat: "Dekabrın 1-dən sonra defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq"

Deputat: "Dekabrın 1-dən sonra defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq"
# 30 noyabr 2020 17:53 (UTC +04:00)

“Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Bu, Azərbaycanın tam qələbəsini təmin edən sənəd olmaqla bərabər üç rayonumuzun da döyüşsüz olaraq qaytarılması deməkdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, hazırda anlaşma əsasında nəzərdə tutulmuş Ağdam və Kəlbəcər rayonları müzəffər ordumuzun tam nəzarəti altındadır və yaxın bir neçə saatda da Laçın rayonumuz işğaldan azad ediləcək:

“Bu böyük qələbələr xalqımızın və bütövlükdə regionumuzun tarixində yeni sülh və əməkdaşlıq mərhələsinə yol açır. Hazırda prosesin tərkib hissəsi olaraq rus sülhməramlılarının regiona gəlməsi davam etdirilir. Sonuncu belə sövqetmə Azərbaycanın Rusiya Federasiyası ilə həmsərhəd bölgəsi olan şimal rayonlarımızdan daxil olmaqla Bərdəyə istiqamətləndirildi və tam təhlükəsiz şəraitdə sülhməramlılar və humanitar yüklər təyinat məntəqəsinə çatdırıldı. Bu fakt bir daha Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etibar və etimada söykənən münasibətlərin göstəricisi olmaqla bərabər, həm də Azərbaycanın üzərinə götürdüyü hər hansı anlaşma şərtlərini məsuliyyətli dövlət kimi yerinə gətirməsi hadisəsidir. Bu vaxta qədər Rusiyadan gətirilən yüklər və sülhməramlı kontingent hava nəqliyyatı vasitəsilə Ermənistan üzərindən baş tuturdu ki, bu da əlavə xərclər və vaxt itkisi hesabına başa gəlirdi. Azərbaycanın üzərindən keçən yol nəqliyyat kommunikasiyası isə həm əlavə xərclərin, həm də vaxt itkisinin qarşısını alır”.

Deputat qeyd edib ki, dekabr ayının 1-dən sonra defakto postmüharibə mərhələsinə qədəm qoyacağıq:

“Bu da özlüyündə üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasının başlanğıc mərhələsi hesab olunacaq. Kommunikasiyaların açılması isə yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımı şərtləri formalaşdıracaq. Hesab etmək olar ki, yüklərin Azərbaycandan daşınması artıq bu yeni mərhələnin başlanmasının işarəsidir və onun hər hansı bir insidentsiz baş tutması özlüyündə növbəti əməkdaşlıq münasibətləri üçün də çoxtərəfli etimad mühitinin yaranmasına xidmət edir. Nəticə etibarilə hamımız bilirik ki, regionumuzda sülhün və əməkdaşlığın bərqərar olması və xüsusilə bunun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra baş verməsi hamıdan çox elə Azərbaycanın istəyi idi və biz bu məqsədimizə çatmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR