Prezident: “Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna”

Prezident: “Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna”
# 25 fevral 2021 16:35 (UTC +04:00)

“Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bizi buna təhrik etmək istəyirdilər: “Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar. Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR