İsveç Azərbaycanlılarının Koordinasiya Şurası ATƏT-ə bəyanat göndərib - FOTO

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası ATƏT-ə bəyanat göndərib - FOTO
# 24 aprel 2021 17:57 (UTC +04:00)

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İsveçin Xarici İşlər Nazirinə, Birləşmiş Millətlərin İsveç nümayəndəliyinə və ATƏT-ə bəyanat göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan 30 ilə yaxındır ki, qəsdən çoxsaylı minalar yerləşdirib.

Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minalara görə mülki və hərbçi azərbaycanlılar həyatını itirir, xəsarət alır. Bəyanatda bildirilib ki, Ermənistan minalanmış ərazilərin xəritəsinə malik olsa da xəritəni vermək istəmir. İsveç hökumətinə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsinə dəstək göstərməsi ilə bağlı çağırış edilib.

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyəti də Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara və ABŞ-nın Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.

Məktubun mətnində deyilir ki, bu məktub Nyu-York Azərbaycan Birliyi və ABŞ-dakı digər yeddi cəmiyyətin adından, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən yerləşdirilmiş minalar və digər partlayıcı qurğularla kütləvi çirklənməsindən doğan ciddi təhlükəyə diqqətinizi cəlb etmək üçün yazılır:

“Ermənistanın minalanmış ərazilərlə bağlı məlumat verməkdən imtina etməsi, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngəl yaradır. Bu gün mülki vətəndaşlar və hərbi qulluqçular Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minalar səbəbindən həyat və sağlamlıqlarını itirirlər.

Bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərə son qoydu.

İndi azad edilmiş torpaqlarda hamı üçün təhlükəsiz və dinc bir mühit təmin etməyin vaxtı gəldi. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də minalar qoyulduğu üçün öz evlərinə qayıda bilmir. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini təqdim etmir”.

Qeyd olunub ki, müvafiq məktublar BMT-nin, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının ABŞ-dakı nümayəndəliyinə də göndərilib.

Həmçinin Azərbaycan icması Yuta ştatının rəhbərliyinə məktub ünvanlayıb.

Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərli tərəfindən ünvanlanan müraciətdə bildirilir ki, ötən il 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, təxminən 30 ilə yaxın öz doğma el-obalarından didərgin düşən həmyerlilərimiz indiyədək öz evlərinə dönə bilmir:

“Ermənistan silahlı qüvvələri işğaldan azad edilmiş Azərbaycan ərazilərinə minlərlə minalar yerləşdirib. Minalar isə gözə görünməyən qatil kimidir, hərbçi və mülki sakini, təəssüf ki, bir-birindən fərqləndirmək xüsusiyyətinə malik deyil”.

Azərbaycanın bu istiqamətdə müəyyən ciddi addımlar atdığı və bu təhlükənin aradan qaldırılmasına çalışdığı, lakin Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minalar səbəbindən həsrət qaldıqları torpaqları görmək üçün işğaldan azad olunmuş ərazilərə səfərlər edən Azərbaycan vətəndaşlarının həlak olduğu və ya müxtəlif bədən xəsarətləri aldığı nəzərə çatdırılıb.

Məktubda qeyd edilib ki, minalar xüsusən yaşayış yerlərində, çayların, kəsişmənin və qəbiristanlıqların yaxınlığında yerləşdirilib ki, bu da 1949-cu il Cenevrə Konvensiyasının və I Əlavə Protokolunun açıq şəkildə pozulmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR