ÜST COVID-lə bağlı yeni kampaniyaya başlayıb

ÜST COVID-lə bağlı yeni kampaniyaya başlayıb
# 27 aprel 2021 11:30 (UTC +04:00)

"Avropanın böyük bir hissəsində yoluxma hallarının sayında artım müşahidə edilməkdədir".

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin məlumatında yer alıb.

Məlumatda qeyd olunub ki, COVID-19 xəstələrinin sayının artmasına səbəb ictimai səhiyyə tədbirlərinin yumşaldılması, ştammların davamlı dövriyyəsi və insanların ehtiyatı əldən verməsidir: "Zəruri ictimai səhiyyə tədbirləri bu mübarizənin təməlidir. Dövlət səhiyyə orqanları üçün bu, test, təmasın izlənməsi, izolyasiya, karantin və keyfiyyətli səhiyyə xidməti deməkdir. Fərdlər üçün isə kütləvi məkanlardan uzaq olmaq, fiziki məsafə saxlamaq, əl gigiyenası, maskadan istifadə və qapalı yerlərin havalandırması vacib olaraq qalmaqdadır. Virusun ötürülməsinin öz-özünə azalacağını gözləməkdənsə, yayılma sürətini aşağı salmalıyıq.

Bunu etmək üçün əl yuma, maskadan istifadə və fiziki məsafə kimi COVID-19 və mövcud ştammlara qarşı effektiv olan qoruyucu tədbirlərə davam etməyimiz gərəkdir.

Biz bir deyil, bir neçə peyvənddən qlobal istifadənin başlanğıc mərhələsindəyik və bu, pandemiyanın indiki mərhələsinin sona çatması üçün böyük bir addımdır. Peyvəndlərin əhatə dairəsi artdıqca, xəstəlik və ölüm hallarını azaltmaq və zəruri səhiyyə xidmətlərini davam etdirmək mümkün olacaq. Bununla birlikdə, ötürülmə nisbətini və virusun mutasiya imkanını azaltmaq üçün qoruyucu tədbirlərin hamısını etməliyik. Peyvənd olunmaq qabaqlayıcı tədbirləri dayandırmaq, özümüzü və digərlərini riskə atmaq demək deyil".

Bildirilib ki, ÜST-ün Avropa üzrə Regional Ofisinin #HamısınıEt kampaniyası hər kəsi bütün qabaqlayıcı tədbirlərə davam etməyə çağırır. Buraya daxildir:

- Əlləri yumaq

- Burnu, ağzı və çənəni əhatə edən maska taxmaq

- Kütləvi məkanlardan uzaq olmaq və fiziki məsafəni qorumaq

-Mümkün olduqda pəncərələri açmaq və havalandırmanı yaxşılaşdırmaq

- Öskürəndə ağzı və burnu örtmək

- Səhiyyə qurumlarının tövsiyəsinə uyğun olaraq sıranız gələndə peyvənd olunmaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR