Fövqəladə Hallar Nazirliyi Goranboyda baş vermiş yanğın barədə məlumat yayıb.
APA-nın xəbərində görə, məlumatda bildirilir ki, Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
07.09
Goranboyun Kürəkçay qəsəbəsində fərdi yaşayış evində baş verən güclü yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı dünyasını dəyişən ev sahibi A. Verdiyevin həyat yoldaşı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
***
06:32
Goranboyun Kürəkçay qəsəbəsində baş verən güclü yanğın nəticəsində ev sahibi Altay Verdiyev yanaraq dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, A. Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
06:10
Goranboyda güclü yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kürəkçay qəsəbəsində qeydə alınıb.
Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini, 1976-cı il təvəllüdlü Altay Verdiyevə məxsusdur. Dərhal hadisə yerinə FHN-in Goranboy rayonunun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, ev sahibi içəridə qalıb. Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Yanğının qaz sızmasından baş verdiyi bildirilib.