"Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb

"Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb
# 30 aprel 2021 14:59 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi "Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb.

Bu barədə İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev APA-ya açıqlamasında bildirib: “Ssenari müsabiqəsi fevralın 1-dən aprelin 30-dək elan edilmişdi. İttifaqa kifayət qədər ssenari daxil olub, amma qurumun İdarə heyətinin qərarı ilə ölkədə davam edən pandemiya şəraitini nəzərə alaraq, bundan əlavə ölkəmizin müxtəlif bölgələrindən ssenari yazmaq istəyən və ya hələ ssenarisini yazıb bitirə bilməyən şəxslər tərəfindən İttifaqa daxil olan xahiş zənglərini nəzərə tutaraq müsabiqənin vaxtı 1 ay-may ayının 31-ə qədər uzadılır”.

Ə.Vəliyev qeyd edib ki, müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı, pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, ən yaxşı bədii film ssenarisinə 5 min, ən yaxşı sənədli film ssenarisinə 3 min 500, ən yaxşı qısametrajlı film ssenarisinə 3 min, ən yaxşı animasiya film ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq.

Ssenari müsabiqəsinin qaydaları ilə tanış olmaq istəyənlər qrumun Arki.az saytına daxil olaraq məlumat ala bilərlər.

Qeyd edək ki, ssenarilər may ayının 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməli və ya şəxsən təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR