Sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik ediləcək

Sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik ediləcək
# 06 aprel 2021 17:59 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. İş adamlarının müraciətlərinə vaxtında baxılır və lazımi tədbirlər görülür. Bu günlərdə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Birliyə yeni təklif daxil olub.

“Azəriqaz”-dan “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib. Bu günədək bu sənəddə əksini tapan 4.8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq. Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi. Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla məsrəflərinə qənaət etmək istəyirdilər.

Məlumata görə, bu kimi müraciətləri nəzərə alan Dövlət Xidməti müvafiq təklifi “Azəriqaz” İB-yə yönəldib və Birlik də belə bir təşəbbüsü müsbət qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR