Rusiya iqtisadiyyatı kiberhücumlara görə 100 mlrd. dollar itirə bilər

Rusiya iqtisadiyyatı kiberhücumlara görə 100 mlrd. dollar itirə bilər
# 30 iyun 2020 17:50 (UTC +04:00)

Rusiya iqtisadiyyatının kiberhücumlardan itkisi 7 trln. rubl (100 mlrd. ABŞ dollarından çox) təşkil edə bilər.

"APA-Economics"in məlumatına görə, bu qənaətə Rusiya "Sberbank"ının mütəxəssisləri gəlib.

Bununla belə, bir çox şirkət hələ də təhdidlərlə üzləşməyə hazır deyil. "Threat Zone 2020" adlı araşdırmanın nəticələrinə görə, şirkətlərin 83%-i böyük bir hadisə baş verdikdə iş fəaliyyətini bərpa etmək və saxlamaq planlarına sahib deyil.

Dünya İqtisadi Forumunun (WEF) məlumatına görə, kiberhücumlar və məlumat oğurluğu qlobal böhranın ən çox ehtimal olunan səbəbləri sıralamasında 9-cu sırada yer alır. Eyni zamanda onlardan gələn ziyan daim artır və WEF-in proqnozlarına görə, 2030-cu ildə zərər 90 trln. dollara çata bilər.

Yaxın gələcəkdə keçiriləcək kibertəhlükəsizlik forumlarının əsas mövzusu sürətli rəqəmsallaşma və kibercinayətkarların fəallığının artması fonunda baş verə biləcək kütləvi kiberböhrana hazırlaşmaqdır.

Rusiya Mərkəzi Bankı bu ilin beş ayı ərzində təxminən 1,6 mlrd. rubl (22,7 mln. dollar) həcmində elektron ödəmə vasitələrindən istifadə etməklə 165 minə yaxın saxta əməliyyat qeydə alıb. Ötən illə müqayisədə qeyri-qanuni əməliyyatların sayı və həcmi azalıb. Orta hesabla, fırıldaqçı fəaliyyətlərə görə fiziki şəxslər təxminən 10 min rubl (140 dollar) itirirlər. Müştəri hüquqi şəxs olduğu təqdirdə müştərinin razılığı olmadan əməliyyatın həcmi təxminən 152 min rubl (2 135 dollar) təşkil edir.

Bu əməliyyatların təxminən yarısı internetdə mal və xidmətlər alarkən baş verir. Digər üçüncüsü isə distant bank xidmətləri ilə bağlı əməliyyatlardır. Saxta əməliyyatların təxminən 10%-i bankomat və POS-terminallardan istifadə etməklə həyata keçirilir.

Ötən il saxta əməliyyatların həcmi 6,4 mlrd. rubl (90 mln. dollar) təşkil edib. Bu cür əməliyyatların sayı 576 min olub.

Kiberfırıldaqçıların istifadə etdiyi ən populyar üsulun hələ də sosial mühəndislik olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR