Azərbaycan investorları Özbəkistanda bir sıra şirkətləri satın ala bilər

Azərbaycan investorları Özbəkistanda bir sıra şirkətləri satın ala bilər
# 15 aprel 2021 15:33 (UTC +04:00)

Azərbaycan investorları istehsal, telekommunikasiya və enerji sektorunda fəaliyyət göstərən Özbəkistan şirkətlərinə investisiya yatırmaqda və onları satın almaqda maraqlıdır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Blackgarden Advisory" şirkətinin rəsmisi Emin Kərimov "Caspian Energy Club"ın təşkil etdiyi "Online B2G Forum"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, şirkət bu istiqamətdə Özbəkistanın maliyyə təşkilatları və fondları ilə əlaqə quraraq, qeyd olunan sahələrdə fəaliyyət göstərən şirkətlərə ortaq sərmayə yatırmağa, onların fəaliyyətlərini öyrənməyə və nəzərdən keçirməyə hazırdır.

"Biz biznes coğrafiyasını genişləndirməkdə maraqlı olan investorları və iş adamlarını təmsil edirik. Özbəkistan bazarına investorlarımızın böyük marağı var. Söhbət xüsusilə istehsal, telekommunikasiya və neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərdən gedir", - deyə E. Kərimov qeyd edib.

Öz növbəsində, Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestorların Cəlb Edilməsi Agentliyinin direktor müavini Oybek Elmuratov bildirib ki, təmsil etdiyi qurum zərurət yarandıqda Özbəkistanın yerli və ya nəhəng beynəlxalq investisiya fondları ilə əlaqələrin yaradılmasına kömək etməyə və bu əlaqələri qurmaq üçün Özbəkistanda tərəfdaş qismində çıxış etməyə hazırdır.

"Bizim səhmləri satıla biləcək şirkətlərin fəaliyyətini təhlil etmək səlahiyyətimiz var. İlk növbədə, bu, dövlət payı olan şirkətlərə aiddir. Özbəkistanda dövlət müəssisələrinin özəlləşdirilməsi üçün genişmiqyaslı proqram qəbul edilib. Ölkədə 3 mindən çox müəssisə var ki, yaxın beş il ərzində onların 2,3 mindən çoxunda dövlət payı azaldılacaq. Bu şirkətlərin çoxu özəlləşdirməyə hazırlaşdıqdan sonra özəlləşdiriləcək. Azərbaycan investorlarına maraqlı ola biləcək bir çox enerji şirkəti var ki, onların böyük əksəriyyəti 100%-lik dövlət payı ilə satılır", - deyə O. Elmuratov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR