"OPEC+": Öhdəlikləri yalnız 6 ölkə tam icra edir

"OPEC+": Öhdəlikləri yalnız 6 ölkə tam icra edir
# 20 oktyabr 2020 17:25 (UTC +04:00)

2020-ci ilin may-sentyabr aylarında "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) sazişi çərçivəsində yalnız altı ölkə neft hasilatının azaldılmasına dair öhdəliklərini tam yerinə yetirib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "OPEC+" ölkələrinin nazirlərinin monitorinq komitəsinin iclasının (JMMC) hesabatında deyilir.

Hesabata əsasən, sentyabr ayına ümumi azalma çatışmazlığı gündə 2,33 mln. barel təşkil edib. Öhdəliklərini tam yerinə yetirən ölkələr sırasında Səudiyyə Ərəbistanı, Küveyt, Əlcəzair, Oman, Malayziya və Bəhreyn yer alıb. Öhdəliklərini ən aşağı səviyyədə icra edən ölkə hələ də İraq olaraq qalır. Ölkə razılaşan səviyyədən gündəlik 578 min barel artıq neft hasil edib.

Bundan əlavə, gündəlik razılaşan səviyyədən təxminən 226 min barel artıq istehsal Nigeriyanın payına düşüb, eyni həcm Qabona da qeydə alınıb. May-sentyabr aylarında artıq hasilat həcmləri Konqoda 167 min barel, BƏƏ-də 132 min barel, Anqolada və Ekvatorial Qvineyanın hər birində isə 95 min barel təşkil edib.

OPEC-ə üzv olmayan ölkələrə gəldikdə, hasilatın azaltması üzrə təşəbbüsdən kənara Rusiya (gündə 430 min barel), Cənubi Sudan (246 min barel), Qazaxıstan (147 min barel), (Bruney 22 min barel), Azərbaycan (14 min barel) və Sudan (8 min barel) çıxıb.

Qeyd edək ki, Rusiyanın Energetika Naziri Aleksandr Novak JMMC-dan sonra verdiyi məlumata əsasən, "OPEC+" ölkələri sentyabr ayında neft hasilatının azaldılmasına dair öhdəliklərini 102% icra edib. Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında "OPEC+" razılaşması üzrə sazişin icra nisbəti 103% təşkil edib.

Xatırladaq ki, "OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR