Yersiz bəyanat: Minsk Qrupunun həmsədrləri reallıq hissini itirib - TƏHLİL

Yersiz bəyanat: Minsk Qrupunun həmsədrləri reallıq hissini itirib - TƏHLİL
# 14 aprel 2021 17:24 (UTC +04:00)

Aprelin 13-də Prezident İlham Əliyevin xarici politoloqlar qarşısında çıxışı zamanı ATƏT-in Minsk Qrupu haqqında dediyi fikirlərdən bir neçə saat sonra həmsədrlərin qış yuxusundan ayılmasının və Qarabağla bağlı bəyanat verməsinin şahidi olduq. Müharibədən əvvəl hərbi əməliyyatların başlanma riskinin yüksək olduğu bir vaxtda ağızlarına su alan və münaqişə tərəfləri arasında konstruktiv təkliflər vermək əvəzinə susan və hadisələrə seyrçi qalan Minsk Qrupu hadisələr göstərdi ki, tamamilə başqa ssenarinin olacağını düşünürdü.

Hər halda Minsk Qrupunu təmsil edən bəzi dövlətlərin Bakı və İrəvandakı səfirliklərinin öz vətəndaşlarını Qarabağ regionuna səfər etməmək barədə xəbərdar etməsi ona dəlalət edir ki, Tovuz hadisələrindən sonra bu dövlətlər müharibə riskinin kifayət qədər yüksək olduğunu bilir və bunun qarşısının alınması üçün heç bir tədbir görmürdülər. Onlar hesab edirdilər ki, bir neçə günlük hərbi əməliyyatlar başlayarsa, bu, heç də Azərbaycanın qələbəsi ilə nəticələnməyəcək. Lakin Azərbaycanın müharibənin başlandığı ilk gündən beynəlxalq hüquqa və onların özlərinin qəbul etdikləri BMT Qətnamələrinə istinadı və əsgərlərimizin uğurları onların planları ilə üst-üstə düşmədi. Məhz bunun nəticəsi idi ki, müharibənin getdiyi bir vaxtda elə həmin 3 dövlət tərəfindən BMT TŞ-da beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan addımların atılmasına cəhdlər edilmişdi.

Dünən ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatı da müharibəyə qədər olduğu kimi tərəflər arasında obyektivliyi güdməyən və postmüharibə reallıqlarını nəzərə almayan yersiz bəyanat kimi qiymətləndirmək daha doğru olardı. Həmsədrlər bəyanatlarında meyitlərin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri və münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlayıb. Tərəflərə digər narahatlıq doğuran sahələrin həlli və uzunmüddətli sülh üçün əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün əlavə səylərin tələb olunduğunu xatırladıb.

Bunlara aşağıdakılar daxildir:

Müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi;

beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi;

dini və mədəni irsin qorunması və mühafizəsi; münaqişədən təsirlənmiş icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi.

Həmsədrlər ATƏT mandatlarının şərtlərini və bütün bölgə xalqının sabit, dinc və firavan bir gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərin yaxşı tanıdığı elementlər və prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıblar.

Bu baxımdan, həmsədrlər tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar. Minsk Qrupu həmsədrləri tərəflərin qeyd şərtsiz öz prioritetlərini əks etdirən, strukturlaşdırılmış gündəliyi nəzərdən keçirmələri və birlikdə razılaşdırmaları üçün birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayıblar.

Həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri bu səylərə dəstək göstərməyə çağırırlar. Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, həmsədrlər tərəflərə həmsədrlərin səyahət marşrutu ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət çevikliyini təmin etmə tələbini xatırladıblar.

Minalanmış ərazilərlə bağlı təklifdən fərqli olaraq, onların, müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması məsələsini qabartmaları məntiqə və mövcud reallıqla uzlaşmır. Minsk qrupunun qeyd etdiyi “müharibə əsirlərinin və digər məhbuslar” sözlərinin də göründüyü kimi, Üçtərəfli Bəyanatdan bir neçə həftə sonra - noyabr ayının sonunda təxribat-diversiya məqsədilə Azərbaycan ərazisinə keçmiş erməni silahlılarının “müharibə əsirləri” və “digər məhbuslar” kateqoriyalarına heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın mülki və hərbi vətəndaşlarını öldürüb, ərazimizdə açıq-aşkar şəkildə terrorçuluqla məşğul olublar. Məhz buna görə də zərərsizləşdirilərək həbs ediliblər.

Bəyanatda dini, mədəni və tarixi abidələrin qorunması ilə bağlı bəndin yer alması isə Minsk Qrupu adına utancverici və gülünc haldır. Çünki məhz həmin təşkilatı təmsil edən dövlətlər vaxtilə dəfələrlə Azərbaycanın ermənilərin 30 il ərzində işğal altındakı torpaqlarda barbar davranışları ilə bağlı çağırışlarına məhəl qoymayıb, bölgədə monitorinq aparmaqdan boyun qaçırıb. Hətta bir dəfə - ATƏT-in Faktaraşdırıcı Missiyasının işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləməsinə baxmayaraq, həmin vaxtdan keçən illər ərzində bir dəfə belə Minsk Qrupu faktlara əsaslanan bu hesabatla bağlı heç bir addım atmadı.

Minsk Qrupunun, həmsədrlərin, ATƏT sədrinin şəxsi nümayəndəsi Kaspşikin heç bir işə yaramadığını, vasitəçilərin regiona səfərlərinin ancaq turistik, istirahət, kef xarakteri daşıdığını illərdir, həm Azərbaycan hakimiyyəti, həm ekspertlər, həm də sadə insanlar bəyan edir. Uzağa getməyə ehtiyac yoxdur, bunun məhz belə olduğunu isə keçmiş həmsədr Riçard Hoqland da təsdiqləyib. Minsk Qrupunun fəaliyyətinə ən obyektiv qiymət verən Amerikalı sabiq həmsədr R. Hoqlandın açıqlamalarına nəzər yetirsək, ABŞ, Fransa və Rusiyadan olan diplomatlar üçün “münaqişənin həlli” funksiyalarının nədən ibarət olmasını görə bilərik. Riçar Hoqland deyir: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.

Keçmiş həmsədrin açıqlamalarından da görünür ki, Minsk Qrupu, həmsədrlər 30 ildə heç bir iş görməyib, aktiv fəaliyyət görüntüsü yaradıblar, münaqişənin həlli istiqamətində bir addım belə atılmayıb.

Beləliklə, istər müharibəyə qədərki dövr, istərsə də indiki proseslər göstərir ki, Minsk Qrupu sülhyaratma təşkilatından daha çox həmin dövlətlərin bölgədəki xarici siyasət maraqlarının aktoru kimi çıxış edir. Münaqişənin artıq həll edildiyi və Üçtərəfli Bəyanatın imzalandığı bir vaxtda Azərbaycanı və Ermənistanı danışıqlara çağıran diplomatlar deyəsən həmişə olduğu kimi yenə də reallıq hissini itiriblər. İndiki halda onların əsas vəzifəsi sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin quruculuğu ola bilər.

Əlbəttə ki, Azərbaycan hər şeyin fərqindədir. 30 il ərzində dünyanın istənilən nöqtəsindəki münaqişəyə, o cümlədən cırtdan Ermənistana təsir alətləri olan dövlətlərin işğalçı ilə işğala məruz qalan arasında balanslı siyasəti bundan sonra da davam edəcək. Lakin dəyişən reallıq var. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasındakı regiondakı yeni geosiyasi proseslər Minsk qrupunun iştirakı olmadan həyata keçirilir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR