Koronavirusa görə Azərbaycana gələn turistlərin sayı 3,3 dəfə azalıb

Koronavirusa görə Azərbaycana gələn turistlərin sayı 3,3 dəfə azalıb
# 16 sentyabr 2020 12:12 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-avqust aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə ilə həyata keçirilib”, - komitədən bildirilib.

Bu dövrdə Azərbaycana gələnlərin 28,6%-i Rusiya, 25,6%-i Gürcüstan, 17%-i Türkiyə, 7,8%-i İran, 2,1%-i Ukrayna, 1,9%-i Hindistan, 1,8%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,2% olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,1% olmaqla Küveyt və Türkmənistan, 0,9%-i Böyük Britaniya, 0,8%-i İraq, hər birindən 0,7% olmaqla Özbəkistan və Belarus, 0,6%-i İsrail, 5,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 77,9%-ni kişilər, 22,1%-ni qadınlar təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Çindən gələnlərin sayı 11,7 dəfə, Cənubi Koreyadan – 10,6 dəfə, İsraildən – 7,9 dəfə, Polşadan – 7,6 dəfə, Yaponiyadan – 7,5 dəfə, İraqdan – 7,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,2 dəfə, Macarıstandan – 6,4 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən – 6 dəfə, Kanadadan və ABŞ-dan – 5,7 dəfə, Fransadan – 5,5 dəfə, Qətərdən – 4,9 dəfə, Almaniyadan və Niderlanddan – 4,8 dəfə, Böyük Britaniyadan – 4,6 dəfə, Türkmənistandan – 4,5 dəfə, Qazaxıstandan – 4,2 dəfə, İtaliyadan – 4,1 dəfə azalıb.

Ümumilikdə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 225,6 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8%-i dəmir yolu və avtomobil, 29,1%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR