Baydenin bəyanatı daha çox kimin ziyanınadır? - TƏHLİL

Baydenin bəyanatı daha çox kimin ziyanınadır? - TƏHLİL
# 25 aprel 2021 13:48 (UTC +04:00)

24 aprel 2021-ci il tarixində özünü demokratiya və insan haqları kimi üstün prinsiplərin beşiyi sayan ABŞ-ın Prezident Baydenin timsalında nə qədər ədalətsiz və məsuliyyətsiz addım atdığının bir daha şahidi olduq.

Vurğulamaq lazımdır ki, ABŞ son bir neçə onilliklər ərzində hər il 24 aprel ərəfəsində Türkiyəyə psixoloji təzyiq metodlarından istifadə edib, okeanın o tayında oturan prezidentlərin bu hadisələri necə adlandıracağı maraqla izlənilib. 1978-ci ildə ilk dəfə sabiq ABŞ Prezidenti Cimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış edib. Ronald Reyqan isə Holokosta həsr olunmuş çıxışlarının birində “erməni soyqırımı” ifadəsini işlətmişdi.

Ənənəvi olaraq, Baydendən əvvəl ABŞ prezidentləri 24 aprel 1915-ci il hadisələri üçün "böyük fəlakət" və ya "tarixin qaranlıq dövrü" kimi ifadələr işlədiblər.

Bill Klintonun prezidentliyi dövründən isə bu, hər il aprelin 24-də təkrarlanan “ənənəyə” çevrilib. Obama dövründə də hər il erməni diasporu onun həmin hadisələrə soyqırım deməsi üçün dəridən qabıqdan çıxıb. 2009-cu il aprelin 24-də ABŞ Prezidenti Obama “erməni soyqırımı” ifadəsini işlətməsə də, “erməni faciəsi” söyləyib. Baydenin Obama hakimiyyəti dövründə vitse-prezident olduğuna və ənənəvi olaraq demokratlarla erməni lobbisi arasında yaxın təmasların mövcudluğunu nəzərə alsaq, bu ilin apreli ərəfəsində erməni diasporunun ABŞ Prezidentinə böyük ümidlər bəslədiyi təsadüfi sayıla bilinməzdi. Hadisələr göstərdi ki, Baydenin bu il 1915 hadisələrini soyqırım adlandıracağı artıq fevral ayından bəlli idi. Deməli, Türkiyəyə qarşı ədalətsiz mövqenin sərgilənməsi aylar əvvəl planlaşdırılmışdı.

Görünən odur ki, son zamanlar Türkiyənin Avrasiyada artan rolu okeanın o tayında əyləşən bir çoxlarının qorxulu kabusuna çevrilib. Baydenin soyqırım ifadəsindən istifadə etməsi Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir. Bu gün Türkiyə bir çoxlarının təsəvvür etməyəcəyi qədər güclənib, inkişaf edib. Ərdoğanın başçılığı ilə Türkiyənin ABŞ-dakı dərin dövlətin Yaxın Şərqlə bağlı 2050 strategiyasına zərbə vurması, Ankaranın Şimali və Mərkəzi Afrikadan tutmuş Suriya, İraq, Azərbaycan, Mərkəzi Asiyada artan gücü Vaşinqtonu narahat etməyə bilməzdi. Bir zamanlar həm daxili siyasətdə, həm də hərbi, siyasi, iqtisadi baxımdan ABŞ başda olmaqla Qərbdən asılı olan Türkiyə məhz R.T. Ərdoğanın başçılığı ilə yeni siyasi xətt götürərək regional güc olmağı bacarıb.

Hazırda Pekin-Moskva-Ankara yaxınlaşması, Avrasiya qitəsinin orta xətt nəqliyyat qovşağının bu dövlətlərin idarəçiliyi altına keçidinə startın verilməsi mütləq şəkildə hər üç dövlətlə bağlı Vaşinqtondakı strateqlərin ölçü götürməsini zəruri edirdi. 2020-ci ildə Qafqazdakı hadisələr zamanı məhz öz günahları ucbatından kənarda qalan Vaşinqton indi regiondakı proseslərə qıcıqla yanaşır və Zəngəzur dəhlizinin, bir müddət sonra isə İstanbul kanalı vasitəsilə ilə reallaşdırılması planlaşdırılan Orta xətt ticarət yolunun Çin, Rusiya və Türkiyənin himayəsi ilə reallaşmasında maraqlı görünmür. Məhz 44 günlük müharibədən sonra Zəngəzur koridorunun aktuallaşdığı və Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalının yüksək olduğu bir dövrdə 1915-ci il hadisələrini soyqırım adlandıran Vaşinqton Ermənistanı nəyin bahasına olursa olsun, Rusiyadan və Türkiyədən uzaqlaşdırmağı qarşısına məqsəd qoyub. Xülasə, Baydenin dünənki açıqlaması, həm də Cənubi Qafqazdan nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi layihələrə ciddi zərbədir. Bu qərarın Türkiyə-Ermənistan münasibətlərinə də ağır zərbə vuracağı şübhə doğurmur. 44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb, bu reallıq Türkiyə ilə Ermənistan arasında münasibətlərin də yeni müstəviyə keçidini zəruri edir. Baydenin bu bəyanatı, eləcə də buna bənzər digər addımlar isə Türkiyə və Ermənistan arasında gözlənilən normallaşma mərhələsinə, əlaqələrin qurulması, sərhədlərin açılması, bununla da, Ermənistanın blokadadan çıxması ilə nəticələnəcək prosesə əngəllər yaradır. Başqa sözlə, Bayden bunun Ermənistanın özünü çətin duruma salmış oldu.

Digər tərəfdən, Baydenin 1915 hadisələrinə məhz Nikol Paşinyanın hakimiyyətdə olduğu zaman soyqırım adlandırması Ermənistanın baş naziri üçün seçkiqabağı bir hədiyyədir. Təsadüfi deyil ki, hazırda Ermənistan müxalifəti ABŞ prezidentinin 24 aprel bəyanatını bu ölkədə seçkilərin nəticələrinə təsir edəcək davranış kimi qələmə verirlər.

Hər halda Baydenin bu hadisələrə soyqırım adını verməsi birmənalı olaraq ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur və Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb.

1915 hadisələrinə siyasətçilər deyil, tarixçilərin qiymət verməli olduğu halda Baydenin bu addımı sözsüz ki, tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti, əlavə bir çalar olacaq. Türkiyənin milli maraqları əsasında müstəqil siyasəti həzm edə bilməyən qüvvələr başa düşməlidirlər ki, onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın nüfuzunun azaldığı dövrdə Türkiyəyə qarşı bu saxta iddiaya qoşulmaq regionda Vaşinqtonun milli maraqlarına zərbə ilə nəticələnəcək.

Baydenin bu ədalətsiz yanaşması təbii ki, Azərbaycanla ABŞ arasında münasibətlərə də mənfi təsir göstərəcək. Çünki Azərbaycan Türkiyəyə qarşı atılan istənilən addımı təbii olaraq özünə qarşı atılmış addım kimi qəbul edir.

Təsadüfi deyil ki, Azərbaycan Baydenin bəyanatından sonra Türkiyəyə dəstək verən ilk ölkə oldu. Baydenin açıqlamasından bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutdu. Telefon danışığı əsnasında dövlət başçıları Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Azərbaycan Prezidenti bu qərarın yanlış olduğunu qeyd edib, onu tarixi səhv adlandırıb. Dövlət başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı, Baydenin açıqlamasının regionda yaranmaqda olan əməkdaşlıq meyllərinə ciddi zərər vurduğunu bildirdi və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi. Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, o da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Azərbaycanın XİN də Baydenin açıqlamasını pisləyərək qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur. Bildirilib ki, qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

“100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, - deyə Azərbaycan XİN-in açıqlamasında bəyan edib.

Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq məhz Prezident Baydenin 1915 hadisələrinə saxta siyasi qiymət verdiyinin şahidi olduq. Hazırda ABŞ Administrasiyası və Konqresində erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmilərin olduğunu və son bir neçə ayda 1915 hadisələrinin soyqırım adlandırılması üçün Baydenə ciddi təzyiqlərin edildiyini nəzərdən keçirsək, niyə məhz indi həmin hadisələrə bu cür qiymət verilməsinə təəccüblənmərik. Bayden Administrasiyasına nəzər yetirdikdə son 30 ildə erməni lobbisinə xidmət edən kifayət qədər siyasətçinin adını sadalaya bilərik. Daha da konkretləşdirsək, Bayden Administrasiyasının erməni lobbisinin girovuna çevrildiyini söyləmək olar. Belə qənaətə gəlmək olar ki, erməni diasporu, erməni lobbisi uzun illər ərində böyük vəsaitlər, böyük pullar sərf edərək öz çirkin niyyətinə çatmış oldu, ən acınacaqlısı isə odur ki, ABŞ kimi bir superdövlətin rəhbəri hüququ, ədaləti tapdalayaraq, ölkəsinin milli, regional və qlobal maraqlarını bir qrup lobbistə qurban verərək bu tora düşdü.

ABŞ-ın timsalında növbəti dəfə ədalətsiz qərarın verildiyinin şahidi olduq. Sözsüz ki, Cozef Baydenin bu açıqlamasından ən çox zərər çəkən tərəf, elə ABŞ və Ermənistan olacaq. Məlumdur ki, Baydenin nə deməsindən asılı olmayaraq reallıqda əhəmiyyətli heç nə dəyişməyəcək. ABŞ Prezidentinin sözü beynəlxalq məhkəmə deyil, heç bir hüquqi gücü yoxdur. Əksinə, onun bu addımı beynəlxalq hüququn prinsiplərinin pozulması, indiyədək bu mövzuda verilmiş əhəmiyyətsiz çoxsaylı bəyanatlardan biridir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR