Polşada Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi anılıb

Polşada Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi anılıb
# 25 fevral 2021 22:46 (UTC +04:00)

Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı haqda Polşa ictimaiyyətinin məlumatlandırılması istiqamətində bir neçə tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Polşanın “Dziennik Trybuna” qəzetinin çap versiyası və internet səhifəsində səfir Nərgiz Qurbanovanın Xocalı Soyqırımına həsr edilmiş “Qafqaz göründüyü kimi deyil” başlığı altında məqaləsi dərc edilib.

Məqalədə 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımının növbəti anım gününü qeyd etdiyi bildirilir.

Faciənin tarixi barədə geniş məlumat verilərək, bir gecədə 613 Xocalı sakininin, o cümlədən, 106 qadın, 63 uşaq və 70 yaşlının Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilməsi, 1275 mülki şəxsin girov götürülməsi barəsində acı həqiqətlər oxucuların diqqətinə çatdırılıb.

Məqalədə, həmçinin, Ermənistanın 1987-ci ildə Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinə rəsmi idia irəli sürməsi və nəticədə Azərbaycana qarşı hərbi təcavüzü, BMT Təhlükəsizlik Şurası tərəffindən qəbul edilib, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan məxsusluğunu təsdiq edən 4 qətnamənin qəbul edilməsi vurğulanıb.

Səfir N.Qurbanova “Dzennik Tribuna” qəzetində 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan tərəfindən hərbi cinayətlərin törədilməsi, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Beyləqan, Goranboy, Ağstafa, Siyəzən, Kürdəmir, Xızı şəhərlərində və rayon mərkəzlərində mülki şəxslərin və obyektlərin qadağan edilmiş kasset mərmilərlə xaincəsinə bombalanması, nəticədə 100-dən çox mülki şəxsin, o cümlədən 11 uşağın həlak olması və 400-dən çox mülki şəxsin yaralanması və mülki infrastrukturun məhv edilməsi barədə məlumat verib.

Bununla yanaşı, Səfirliyin təşəbbüsü ilə Varşavanın Regional Qan Donor Mərkəzinin binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Daha bir təşəbbüs kimi Səfirlik tərəfindən Varşavada yerləşən Yanuş Kurçak adına 2 saylı Uşaq Evinin sakinləri olan kimsəsiz uşaqlar üçün şirniyatlar və oyuncaqlar alınaraq qarşı tərəfə təqdim edilib.

Digər bir tədbir Səfirlik və Polşadakı Azərbaycan diaporunun nümayəndələri ilə təşkil olunub. Belə ki, Varşavanın ən nüfuzlu "Raffles Europejski Warsaw" hotelində Xocalı soyqırımının ildönümünə həsr edilmiş onlayn konsert keçirilib.

Sonra Varşavada yerləşən Karol Şimanovski adına 4 saylı dövlət musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi inciləri səsləndirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalı soyqırımından bəhs edən film polyak dilinə tərcümə edilərək geniş ekranda nümayiş etdirilib.

Qeyd edək ki, tədbir “Facebook” şəbəkəsi üzərindən Polşa ictimaiyyəti arasında yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR