Ukrayna Baş nazirinin müavini: “İnsanlarınız şübhələnməyiblər ki, qəbiristanlığı belə vəhşicəsinə minalayıblar”

Ukrayna Baş nazirinin müavini: “İnsanlarınız şübhələnməyiblər ki, qəbiristanlığı belə vəhşicəsinə minalayıblar”
# 14 aprel 2021 15:46 (UTC +04:00)

“Biz böyük nümayəndə heyəti ilə səfər etmişik. Bu gün nümayəndə heyətinin bütün üzvləri burada deyil, Ukraynanın infrastruktur naziri digər əraziyə gedib, infrastrukturun bərpası ilə bağlı təcrübəni bölüşür və kömək etməyə hazır olduğumuzu bildirir. Bu, faydalı ola bilər. Eyni zamanda Azərbaycanın infrastrukturun bərpası sahəsində təcrübəsini öyrənir”.

Bunu APA-nın yeli bürosuna açıqlamasında Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

Ukraynalı nazir deyib ki, 2014-cü ildə Krım, Sevastopol, daha sonra Donbassın bir hissəsi işğal edilib: “Biz o zaman Donetsk və Luqansk vilayətlərinin 2/3-ni azad etdik. Hazırda həmin ərazilərdə dinc yaşayış mövcuddur. Bu gün həmin ərazilərdə də minalanmış sahələr var. Bizim fermerlər minalanmış olduğu üçün həmin torpaqları becərə bilmirlər, biz onları minalandığı üçün həmi ərazilərə buraxmırıq”.

Aleksey Reznikov qeyd edib ki, bu gün tərəfdaş, dost ölkəyə səfərə gəliblər: “Bizim bölüşməyə çox şeyimiz var. Bizdə müəyyən təcrübələr var ki, Azərbaycanla bölüşə bilərik, eyni zamanda Azərbaycan müəyyən təcrübələrini bizimlə bölüşə bilər. Mən Xorvatiyaya səfər etmişdim, orada müharibə 25 il əvvəl başa çatıb. Xorvatiyanın Minalardan Təmizləmə Mərkəzində oldum, mənə qiymətli məlumatlar təqdim etdilər. 25 il əvvəl Xorvatiyada müharibə başa çatıb, hələ 500 kv.km ərazini minalardan təmizləmək lazımdır. Xorvatiyaya minalanmış əraziləri təmizləmək üçün Avropa İttifaqı texnologiya, təcrübə və maliyyə baxımından dəstək verib, yalnız 50 kv.km ərazini minalardan təmizləyə biliblər”.

Ukrayna Baş nazirinin müavini nəzərə çatdırıb ki, ukraynalı hərbçilərin fikrincə, bir gün müharibə aparılmış ərazini minalardan təmizləmək üçün 3-5 gün lazım gəlir: “Ukraynada müharibə 7 ildir, davam edir. Ona görə də perspektivdə ərazilərin minalardan təmizlənməsinin lazım olduğunu bilirik. Azərbaycanı da qarşıda ərazilərin minalardan təmizlənməsi ilə bağlı böyük işlər gözləyir. Mən sizin mütəxəssisləri və onların işlərini gördüm. Slovakiya istehsalı olan xüsusi maşınlardan minaların təmizlənməsində necə istifadə edildiyini, bir neçə minanın partladığını gördük. Bu gün heç də bütün ölkələr ərazilərin minalardan sürətli təmizlənməsi texnologiyasına malik deyillər. Mən sizə bu sahədə uğur arzulayıram”.

Aleksey Reznikov vurğulayıb ki, ərazilərin minalardan təmizlənməsi təmkinlə və yavaş həyata keçirilməlidir: “Təcrübə göstərir ki, insanları, uşaqları maarifləndirmək lazımdır. Mən Sizdə faciəli halların baş verdiyi barədə məlumatlıyam, insanlar yaxınlarının olduğu qəbiristanlığı ziyarət edərkən minaya düşüblər, ölüm halları da olub. İnsanlarınız şübhələnməyiblər ki, qəbiristanlığı belə vəhşicəsinə minalayıblar. Təəssüf ki, belə hallar olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR