Azərbaycanda aqrobioloji müxtəlifliyin qorunması üçün yeni layihəyə başlanılıb

Bu gün Bakıda “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin açılış mərasimi keçirilib.

 

"APA-Economics"in məlumatına görə, tədbirdə dövlət qurumları, beynəlxalq  təşkilat və inkişaf agentliklərinin 40-a yaxın nümayəndəsi iştirak edib.

 

Tədbirdə bildirilib ki, ərazisi və əhalisinin sayına görə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi sayılan Azərbaycan təxminən 5 milyon hektara yaxın əkinçilik ərazisinə malikdir ki, bu torpağın da təxminən 40 faizi fəal şəkildə becərilir: "Torpaq potensialının, genetik bitki mənbələrinin və iqlim şəraitinin zənginliyi ilə tanınan Azərbaycan bitkiçilik və əkinçiliyin təkamül mərkəzlərindən biri hesab olunur. Ümumilikdə, ölkə ərazisində 4500-dən çox çiçəkli, ali sortlu bitki növü və 230-dan çox endemik bitki qeydə alınmışdır. Azərbaycanda bitki istehsalı kənd təsərrüfatı istehsalının demək olar ki, yarısını təşkil edir ki, bunun da qalan yarısı heyvandarlıq məhsulları istehsalının payına düşür. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın genetik bitki ehtiyatları onların aqrobioloji müxtəliflik potensialını təhlükə altında qoyan bir sıra amillərə qarşı həssasdır. Belə ki, burada əkinçilik ekosistemlərinin deqradasiyaya uğraması, torpaq parçalanması və kəskin quraqlıq hallarını qeyd etmək olar".

 

Qeyd olunub ki, Azərbaycanın aqrobioloji müxtəlifliyinə təhlükə yaradan bu amillərə qarşı mübarizə aparmaq məqsədi ilə BMT-nin İnkişaf Proqramı və Kənd Təsərrüfatı Nazirliyi Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə start verib.

 

Layihə çərçivəsində 2018-2023-cü illər ərzində Azərbaycanda yayılmış mədəni bitkilərin yabanı əcdadlarının və xalq seleksiya sortlarının toplanması, saxlanılması, xəritələşdirilməsi, pasportlaşdırılması, genetik müxtəlifliyinin qiymətləndirilməsi, özək və əlamət kolleksiyalarının yaradılması və onlardan seleksiyada istifadə edərək yeni sortların yaradılması planlaşdırılır. Qədim xalq seleksiyası sortları və yeni yaradılacaq ekoloji təmiz sortlardan davamlı və dayanıqlı istifadəni təmin etmək üçün seçilmiş fermerlərə dəstək göstəriləcək. Bundan başqa, Azərbaycan ərazisində biomüxtəlifliklə zəngin olan ərazilərdə torpaq eroziyasının və deqradasiyanın qarşısının alınması istiqamətində tədbirlər görüləcək. Layihə müddətində aqrobiomüxtəlifliklə məşğul olan alim, mütəxəssis və fermerlərin bilik və bacarığını artırmaq üçün mütəmadi təlimlər keçiriləcək və bu sahə üzrə bəzi təhsil müəssisələrinin bir sıra tədris proqramlarının təkmilləşdirilməsinə dəstək veriləcək.

 

BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi Qulam İsakzai bildirib ki, bitkiçilik və əkinçiliyin inkişafı və ümumiyyətlə bölgələrin iqtisadi cəhətdən inkişaf etdirilməsində əsrlər boyu davam edən ənənələrə malik olan Azərbaycan kimi ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın diversifikasiya olunmasında mühüm rol oynayır. Q. İsakzai həmçinin vurğulayıb ki, kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olurlar və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar.

 

Qeyd edək ki, yeni qüvvəyə minmiş layihənin əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutudur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273