Bakıda torpaq idarəçiliyi ilə bağlı elmi-praktiki konfrans keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

"APA-Economics"in məlumatına görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, eləcə də akademiklər, akademiyanın elmi-tədqiqat institutlarında, universitetlərin müvafiq kafedralarında çalışan alimlər, media nümayəndələri iştirak ediblər. 

 

Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin  kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirələr aparmaqdır. Bundan başqa, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın aktuallığından danışıb, müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayıb. Eyni zamanda, bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.

 

Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə qeyd edib ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib: "Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında torpaqların səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşıb, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görülüb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyev Torpaq Siyasətinin məntiqi davamıdır".     

 

Komitə sədri bildirib ki, hazırda ölkədə elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir: "Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir".

 

Komitə sədri ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə məlumat verib. Bildirib ki, əldə edilən peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.

 

Komitə sədri Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakının faydalı olacağını bildirib. Onun sözlərinə görə, elm adamlarının verəcəyi təkliflər, aparacağı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına səbəb olacaq.

 

Digər çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda uğurla həyata keçirilən aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarından danışıb. Qeyd edib ki, bu konfrans da torpaq idarəçiliyi sahəsində yeni ideyaların, müasir fikirlərin meydana gəlməsinə imkan verəcək.  

 

Daha sonra tədbirdə təqdimatlar və çıxışlar olub. Konfransda AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədov,  Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini, professor Ramiz Quliyev,  coğrafiya elmləri doktoru Zakir Eminov və digər alimlər torpaqların səmərəli istifadəsində aqroiqlim ehtiyatlarının və relyefin nəzərə alınmasının zəruriliyi, Azərbaycanda torpaq ehtiyatlarından istifadənin müasir vəziyyəti, ölkədə aparılan torpaqların elektron kadastr uçotu və digər mövzularda məruzələr və təqdimatlarla çıxış ediblər.

 

Konfransda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorantların və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan edilib. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, bu sahədə alim və tədqiqatçıların innovativ məlumat bankının yaradılmasına təkan verməkdən ibarətdir. Müsabiqənin şərtləri yaxın zamanlarda Kütləvi İnformasiya Vasitələrində açıqlanacaq.

 

Sonda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273