Azərbaycanda İnnovasiya Mərkəzi yaradılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

"APA-Economics"in məlumatına görə, 17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zaonun bununla bağlı video təbriki nümayiş olunub.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü" olduğunu xatırladaraq 2006-cı ildən etibarən hər il dünyada bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirildiyini bildirib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun  “Süni intellekt” olduğunu qeyd edən nazir ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb.

 

O, 10 ildən çox müddətdə  keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib.

 

“Bu gün gənclərin ölkəmizin innovativ inkişafında rolunun artırılması üçün bir çox işlər görülür.  Startap hərəkatı genişlənir, innovativ ideyalar qrant, kredit və investisiya vasitəsilə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən tədbirləri intensivləşdirmək üçün İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır”, - deyə nazir vurğulayıb.

 

Təltifetmə mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin,  Bakı Mühəndislik Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, “BestComp Group” şirkətinin, “Nar” operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak edib.       

 

Məlumat verilib ki, “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” iki mərhələdə keçirilib.

 

Olimpiadanın 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş  birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.

 

Olimpiadanın birinci və ikinci (final) mərhələsində müvafiq informasiya sistemi üzərindən təqdim olunan tapşırıqlar (10-12 məsələ) 5 saat müddətində həll edilib.

Olimpiadanın final mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.

Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.

 

Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə Fərqlənmə Sertifikatı ilə təltif olunublar.

 

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Fəxri Fərman” və “Diplom”ları, eləcə də Olimpiadanın sponsorları “NAR” operatoru və “BestComp Group” şirkəti tərəfindən mükafatlandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027