Bakıda beynəlxalq turizm sərgisi başlayıb - FOTOSESSİYA - VİDEO

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisi işə başlayıb.
«APA-Economics»in xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev sərginin xüsusi əhəmiyyətindən danışıb.

Nazir qeyd edib ki, əgər 2002-ci ildə bu sərgidə 7 ölkədən 23 şirkət iştirak edirdisə, bu gün sərgidə 32 ölkədən 201 şirkət iştirak edir. Onun sözlərinə görə, ötən il Azərbaycanda turizm ili olduğundan, Azərbaycana gələn əcnəbilərin sayında rekord göstərici (2,134 mln. nəfər) qeydə alınıb, turizm sahəsi 2010-cu ilə nisbətən 14% artıb: “Bu sərgi regionun, o cümlədən Azərbaycanın sənaye inkişafına təkan verəcək”.

Qeyd edək ki, 3 gün davam edəcək sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, hoteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdirilir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edir. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirir. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edir. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirir. Ekzotik turizm təşkil edən şirkətlər Tailand, Mavriki və Seyşel kimi istiqamətlər təqdim edir.

Sərgi çərçivəsində Slovakiya, Macarıstan, Polşa və Çexiyaya turlar üzrə seminar, təqdimatlar və ustad dərsləri keçiriləcək.

«AİTF-2012»də Ümumdünya Turizm Təşkilatı (ÜTT) da öz stendi ilə iştirak edir. Eyni zamanda Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xüsusi stendlə çıxış edir. Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunur. Abşeron zonasının hotellər şəbəkəsinin də təqdim ediləcəyi sərgiyə Azərbaycanda fəaliyyət göstərən dünyaca tanınmış hotellər də qatılıb.

Tədbirdə “Azərbaycan Hava Yolları”, “Air Astana”, “AirBaltic”, “Qatar Airways”, “Flydubai”, “Çex Hava Yolları” və “Türk Hava Yolları” kimi aviaşirkətlər Azərbaycan bazarı üçün xüsusi təkliflər təqdim edəcək.

Xatırladaq ki, «AİTF-2012» sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və ÜTT, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Bu sərgiyə paralel olaraq 6-cı Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ