Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir

Azərbaycan nümayəndə heyəti Ukraynada səfərdədir. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmilərlə yanaşı, 40-a yaxın iş adamı daxildir.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərin ilk günü - martın 13-də Ş. Mustafayev Ukraynanın baş naziri Vladimir Qroysman ilə görüşüb. Görüşdə Ş. Mustafayev ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığını, əlaqələrin inkişafında Azərbaycan və Ukrayna dövlət başçılarının siyasi iradəsinin önəmini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Ukrayna BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir.

Ş. Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamə bütün sahələrdə, eləcə də iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Hazırda Azərbaycan və Ukrayna sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, tranzit sahələrində əməkdaşlıq edir. Bununla belə, ölkələrimiz ticarət, maşınqayırma, kimya, metallurgiya, kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı sahələrində əlaqələri genişləndirə, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parkları və aqroparklarla əməkdaşlıq edə bilər. Görüşdə həmçinin, Azərbaycanın böyük tranzit potensialı qeyd edilərək, bu sahədə əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb. Ş. Mustafayev bildirib ki, ölkəmiz Ukraynada Azərbaycan Ticarət Evinin yaradılmasında maraqlıdır və səfər çərçivəsində Ukraynanın aidiyyəti qurumları ilə bu sahədə də danışıqlar aparılacaq.

 

Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ukraynanın baş naziri ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

 

Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Kutavoy ilə keçirilmiş görüşdə Azərbaycan və Ukrayna arasında aqrar sahədə əlaqələr, eləcə də kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, Azərbaycanda yaradılan aqroparklara investisiya qoyuluşu sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etdiyini, emalın genişləndiyini vurğulayan nazir Ş. Mustafayev fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi kimi Azərbaycan məhsullarının Ukraynaya ixrac imkanlarını diqqətə çatdırıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan və Ukraynanın kənd təsərrüfatı sahəsində gördüyü işlər, tətbiq olunan yeniliklər, ixrac imkanları barədə məlumat verilib.

 

Həmin gün Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi, AZPROMO-nun və Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Ukrayna-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan tərəfi sənaye, kənd təsərrüfatı, maliyyə, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı ilə təmsil olunub.

 

Biznes forumda çıxış edən Ş. Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquqi baza yaradıldığını, indiyədək 130-a yaxın sənəd imzalandığını, 2008-ci ildə imzalanmış Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, hazırda Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir. Ötən 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb.


Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verən Ş. Mustafayev Ukrayna iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib. Bildirilib ki, kənd təsərrüfatı, sənaye, ticarət sahələrində də əməkdaşlıq imkanları genişdir. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sahəsi üzrə ixtisaslaşmış sənaye parkında investorlar üçün əlverişli şəraitin yaradıldığını qeyd edib, bu sahədə Ukrayna ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

 

Vurğulanıb ki, bu gün keçirilən Ukrayna-Azərbaycan biznes forumu da iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Ukraynanın İnfrastruktur nazirinin müavini Viktor Dovqan, Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov və Ukrayna-Azərbaycan Sahibkarlar və Sənayeçilər Birliyinin sədri Əli Əliyev çıxışlarında Ukrayna-Azərbaycan iqtisadi əlaqələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıblar.

 

AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatası tərəfindən Azərbaycanın investisiya mühiti və ölkəmizdə işgüzar imkanlara, Ukraynanın iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair təqdimatlar keçirilib.

 

Sonra AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatası, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ukraynanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ