Tənqidçi-yazar: "Marquez və Yaşar Kamal kimi yazarların eyni xüsusiyyətləri daşıdığını düşünürəm" - MÜSAHİBƏ

tenqidci yazar marquez ve yasar kamal kimi yazarlarin eyni xususiyyetleri dasidigini dusunurem musahibe

Müasir Türk ədəbiyyatının tanınmış simalarından biri, tənqidçi-yazar Firidun Andaçın APA-ya müsahibəsi

 

- Yaşar Kamalın vəfatından sonra sizin onun barəsində növbəti kitabınız çıxmışdı. Onun ölümüylə Türk və dünya ədəbiyyatı nə itirdi? Yaşar Kamaldan 10 ay qabaq Gabriel Garcia Marquez vəfat etmişdi...

 

- Türk və  dünya ədəbiyyatına baxanda görürük ki, Gabriel Garcia Marquez və Yaşar Kamal  siyasi və ictimai səviyyədə təsirləri güclü olan  yazarlar idi. Bu, yazarın yaşadığı çağı və cəmiyyəti bütöv şəkildə qavraması deməkdir. İnsanı, təbiəti, tarixi, ölkəsinin vətəndaşlarının yaşadığı gündəlik problemləri görərək - XİX əsr ədəbiyyatını kriteriya kimi götürsək- bir növ,  Stendhal kimi cəmiyyətə ayna tutmaq. Yazarın öz yaşadığı zəmanəni qavraması demək-dünyanın həqiqətlərini yaxşısı-pisi, müsbəti-mənfisi, keçmişi-gələcəyi ilə bütöv şəkildə görməsi deməkdir. Onlar bizə keçmişdəki gələcək röyasını anladan yazarlardır. Onların yaradıcılıqlarının mərkəzində insan var-tarlada, kənddə, şəhərdə - həyatın hər sahəsində var olmaq üçün mübarizə aparan insanların taleyini biz onların əsərlərindən öyrənirik. İnsanlar o yazarların əsərlərini oxuyaraq, bir növ, şüur peyvəndi olurlar. Bu yazarların konkret zəmanəsi yoxdur, onlar bütün dövrlərin yazarlarıdır, bütün xalqların və nəsillərin şüurunda onların yeri vardır. Biz bu gün Dostoyevskini oxuyaraq bir fərdi, Tolstoyu, Çexovu oxuyaraq cəmiyyəti anlamağa çalışırıq. Mən Marquez və Yaşar Kamal kimi yazarların eyni xüsusiyyətləri daşıdığını düşünürəm.

 

- Yaşar Kamalla bağlı çox spesifik bir xatirənizi bizimlə paylaşmağınız mümkündürmü?

 

- Yaşar Kamalla görüşəndə çox şey danışardıq, yazacağı əsərlərdən danışmağı sevərdi. Xatırlayıram, “Zınqırovlu qurd” adlı bir roman yazacağını demişdi. Kəndlilər onları bezdirən, qoyunları yeyən, uşaqlarına hücum edən bir qurdu yaxalayıb boynuna zınqırov asaraq təkrar təbiətin qoynuna buraxırlar. Əslində bu, bir metaforadır, qurdu ağrı-acılara və ölümə tərk edirlər. Yəni, sən bizə bu cür ziyan vurursan, biz də səni yaxalayıb, öldürərək  xilas olmaq yerinə, boynunda zınqırovla çöldə-bayırda gəzməyinin sənə verilən ən böyük cəza aldığına inandıq. Yaşar Kamal deyərdi ki, mən öz gəncliyimi buna bənzədirəm. Biz də o vaxtlar bir yerə gedəndə iş verməzdilər, başımıza çox qəziyyə gələrdi- həyatımızın bu gerçəkliyini yazmaq istəyirdim. Mənə danışdığı və heç unutmadığım əhvalatlardan biri bu idi. Deyirdi ki, bunu sənə niyə danışıram? Çünki hər dəfə danışanda o romanı yenidən yazıram. Bu, onun ədəbiyyat ənənəsindən aldığı bir reallıq idi. Yəni, Homerin əsərləri belə o zamana qədər danışıla-danışıla gəlib, nəhayət, Homer o hadisələri yazıb. Yaşar Kamalın təhkiyə dünyasının bir ayağı xalqın şifahi ədəbiyyatındadır. Bir çox şəxsi xatirəm olsa da, danışdığım zınqırovlu qurd məsələsi mənə çox təsir etmişdi. Təəssüf ki, onu yazmadı və ya yaza bilmədi. Ancaq Yaşar Kamaldan mənə xoş bir xatirə kimi daim ağlımdadır.

 

- Romana baxış məsələsində Yaşar Kamalın təsirləndiyi yazarlardan birinin William Faulkner olduğunu görürük. Faulkner də deyir ki, yazmaq üçün mənə pul yox, kağız, qələm, tütün, bir az da viski lazımdır. Yaşar Kamal “yazmaq üçün kağız-qələmə ehtiyacı” olan yazarlardandır. Bu baxımdan o, hansı ənənənin davamıdır, ondan sonra gələnlər onun ənənəsini nə şəkildə davam etdirə biləcəklər?

 

- Bir gün söhbət edərkən bunu dedi: ədəbi nəsil kimi sizin bəxtiniz bizdən daha çox gətirib. Səbəbini soruşdum. "Çünki biz 1940-cı illərin əvvəlində  yazmağa başlayanda Türkcəni çox inkişaf etdirmiş, yeni ədəbiyyatın önünü açmış  çox böyük yazarlar yox idi. Halid Ziya Uşaklıgil vardı. Ancaq  siz yazmağa başlayanda görürsünüz ki, sizdən əvvəl Sait Faik, Sabahattin Ali, Orhan Kemal var, mən varam, başqa yazarlar var. Sizlərin bəxti gətirib. Çünki yaxşı və ya pis, bizdən əvvəlki nəsil, daha sonra biz varıq, dili və ədəbiyyatı bir yerə qədər gətirmişik. Bu, ədəbiyyatda davamlılıq və ənənə məsələsini izah edən düşüncədir. Mən həmişə bunu deyirəm: ədəbi yaddaş olmadan bir yazar heç nə yaza bilməz. Çünki hər yazar yazmağa başlayanda başqa yazarın yaddaşına ehtiyac hiss edir. Yaşar Kamal bu cür ədəbi yaddaşı yaratmış bir yazardır. Biz o yazarlardan mövzuları deyil, ifadə tərzlərini, inkişaf etdirdikləri dili və yazı texnikasını öyrənirik. Yaşar Kamal kimi yazarlar bizə insanı, təbiəti  və cəmiyyəti necə yaza biləcəyimizin yollarını öyrədir. "İncə Məməd” və ya “Quşlar da getdi” əsərlərində təbiətin tükənməyə başladığını necə yazıb? Ədəbiyyat baxımından bu, çox önəmlidir, ona görə mən Yaşar Kamalı müasir ədəbiyyatımızın məhək daşlarından biri kimi görürəm.

 

- Bəs “yazmaq üçün kağız və qələmə ehtiyacı olmağın” simvolu?

 

- Söhbət edəndə yazı masasına baxardım. Topa ilə kağızlar və kiçik bir qabda karandaşları dururdu. Heç unutmuram, bir gün o karandaşlardan birini götürüb dedim ki, bu, mənim olsun.

"Yox, ona qətiyyən toxunma”

"Bunlar ovsunlanıbmı?”

"Yox, onlar mənim karandaşlarımdır. Qələm istəyirsənsə, indi gedib içəridən sənə gətirərəm”.

 

İçəridən bir qələm gətirdi. Karandaş onun yazması ən əsas alət idi. Yazmağa başlamadan əvvəl uzun-uzadı gəzintiyə çıxar, düşünər, planlaşdırar, son mərhələyə gəlinəndə oturub yazardı. Səssizliyi və tənhalığı seçərdi. Ona heç kimin əlinin çata bilməyəcəyi, görə bilməyəcəyi yerlərə gedərdi. Bir romanının üzərində çalışarkən onu Antalyadakı bir mehmanxanada tapdım. Təsadüfən romanı yazmağa fasilə verdiyi bir vaxtda onunla roman barədə danışmışdıq. Özü  tamamilə kağız-qələmlə başabaş qalmaq üçün tənhalığı seçirdi. Jurnalistikayla vidalaşmasının əsas səbəbini də özü mənə demişdi: jurnalist kimi qalsaydım, romanlarımı yaza bilməzdim. Çünki vaxtımı çox alaraq məni tükədirdi. "Cümhuriyet” qəzeti məni işdən qovmaqla yaxşılıq etdi. Çünki özümü tamamilə ədəbiyyata həsr etdim.

 

- Vəfatından sonra Yaşar Kamal barədə Zülfü Livanelinin xatirələr kitabı, sizin isə onun yaradıcılığını təhlil edən kitabınız çıxdı. Müqayisə aparmağınız üçün soruşmuram, ölümündən sonra siz Türk ədəbiyyatçısına necə bir Yaşar Kamal təqdim etməyə çalışdınız?

 

- Əslində, mən Yaşar Kamala bütöv şəkildə baxmaq üçün onunla bağlı kitablar yazmışam. Yəni, onun yazdığını anlamaq, təhlil etmək üçün. İndiyə qədər 3 kitab yazmışam. Bu yaxınlarda Dostoyevskiyə həsr edilmiş və Ülkər İncənin tərcümə etdiyi 1000 səhifəlik kitab barədə Ülkər xanımla danışanda dedi ki, tədqiqatçı Dostoyevski barədə 5 kitab yazandan sonra bu kitabı çap etdirib. Yəni ömrünü verdiyi bu kitab Dostoyevski barədə dünyada ən yaxşı əsər sayılır. Mən Yaşar Kamal barədə üçüncü kitabımı bitirəndə düşündüm ki, növbəti kitabımda Yaşar Kamalı tədqiqatçı kimi yox, onun romanlarının qəhrəmanları kimi yazmağım lazımdır. Yaşar Kamal barədə 35 ildir, yazıram, ömrüm vəfa etsə, bundan sonra 2 kitab da yazmağı düşünürəm. Bir oxucu kimi Yaşar Kamalı daha yaxşı anlayaraq oxuculara təqdim etmək istəyirəm. Mən şəxsi xatirələrdən çox yazarın yaradıcı dünyasını kəşf etməyə çalışıram. Yaşar Kamal özü deyərdi ki, sən məni məndən daha yaxşı tanıyan bir adamsan. Yaşar Kamalı təkcə yazarlar və ədəbiyyatşünaslar yox, sosioloqlar, iqtisadçılar, tarixçilər də öyrənməlidirlər. Məsələn, “Dəmirçilər bazarının cinayəti” romanı iqtisadçılar üçün çox yaxşı material verən əsərdir - onlar o əsəri ətraflı öyrənməlidirlər.

 

- Sizin üslubunuz mənə Viktor Şklovskini xatırladır: struktur araşdırmalarının esse tərzində ifadəsi. Strukturalist məktəbə məxsus kitabların tərcümələriylə Türkiyə son 10-12 ildə tanış olmağa başladı. Toplum sizi nə dərəcədə anlaya bilir?

 

- Bu gün bir dosta məktub tərzində kiçik yazı yazdım. James Joyce imzalı bir kitab bu yaxınlarda Türkcə çıxdı, o kitabı əsas aldım. Bəzi əsərlər var ki, onları oxumazdan əvvəl  müəllifin başqa və daha sadə formada yazılmış əsərlərini, xatirələrini, müsahibələrini  mürəkkəb əsəri  barədəki təhlilləri oxumağınız lazımdır. "Ulysses”i  oxumazdan qabaq mütləq “Dublinlilər” oxunmalıdır...

 

- Və ya “Səs və hiddət”i oxumazdan əvvəl Faulknerin müsahibələri  və təhlilləri. Faulkner ona görə deyir ki, 3 dəfə oxuyub başa düşməyənlər dördüncü dəfə oxusunlar..

 

- Biliyi olmadan yazı yazan çox yazıçı var. Onların ədəbiyyata verəcəyi heç nə yoxdur. Eyni zamanda, biliksiz tənqidçi və ədəbiyyatşünasların. Türk ədəbiyyatşünaslığının və tənqidinin  tarixində Nurullah Ataç, Tahsin Yücel, Nermi Uygur və s. insanların olması məni çox sevindirir. Ədəbiyyatımızın oxucu tərəfindən daha yaxşı anlaşılması üçün onlar da yazarlarımız kimi məhək daşlarıdır.

 

- Oya Baydardan dinlədiyim məlumata görə, hər il Türkiyədə 480 ilə 600 arasında yeni roman yazılıb çap edilir. Azərbaycanda isə bu statistika müqayisəyə gəlməz dərəcədə azdır. Roman olmadan dilin inkişaf etməsi bir tərəfə dursun, dil  yaşayarmı?

 

- Türkiyədə də ildə 25-30 roman çap edildiyi dönəmlər olub. İndiki rəqəmlər, təbii ki, ürəkaçıcıdır. Başqa ölkələrlə müqayisədə, Türkiyədə kitab çapı, fikir və düşüncə müzakirələri sahəsindəki vəziyyətin daha yaxşı olduğunu görsək də bu, Türkiyədə tam mənada söz və ifadə azadlığının olduğunu göstərmir. Bir ölkədə yazar-jurnalist həbsdədirsə, orada fikir və düşüncə azadlığından söhbət gedə bilməz. Azərbaycanda vəziyyət sizin dediyiniz kimidirsə, buna təəssüflənirəm. Çünki bir yerdə fikir və düşüncə azadlığı varsa, oradan roman çıxar. Digər tərəfdən, ildə 500 romanın çap edildiyi yerdən roman çıxar, 5 romanın çap edildiyi yerdən isə çıxmaz.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ