Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mədəniyyət və incəsənəti müasir müstəvidə

azerbaycan xalq cumhuriyyeti dovrunun medeniyyet ve inceseneti muasir mustevide

“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Prezident İlham Əliyev

 

Dövlət başçısının 2017-ci il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam və 2018-ci il yanvar ayının 10-da imzaladığı “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubiley tədbirləri respublikamızda dövlət səviyyəsində qeyd olunur. Bu sərəncamların imzalanması ictimaiyyət tərəfindən ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramının göstəricisi kimi qiymətləndirilir. Bu da təsadüfi deyildir. Belə ki, dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması hər zaman dövlət başçısının diqqət mərkəzində olub və bu tarixin ən şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsinə də xüsusi önəm verilib. Bunun ən bariz nümunəsi kimi “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşrini, 2007-ci il may ayının 25-də Bakı şəhərində ucaldılmış “İstiqlal” abidəsinin dövlət başçısı tərəfindən açılışını, hər il mayın 28-də Respublika Gününə həsr olunmuş rəsmi qəbulun keçirilməsini qeyd etmək olar.

Qısa bir müddət ərzində parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrilən Azərbaycan Xalq Cümhuriyyəti hərbi-feodal rejimlərinin hökm sürdüyü müsəlman Şərqində yaranmış ilk respublika kimi tarixə düşdü.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə demokratiyanın, elmin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olmuşdur.

 

Mövcud olduğu qısa bir müddət ərzində xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr vermiş Azərbaycan Xalq Cümhuriyyətinin  yeni yaranmış müstəqil dövlət olaraq təhsilli milli kadrlara olan ehtiyacının ödənilməsi məqsədi ilə 1918-ci il avqustun 28-də “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərar qəbul edilib. Bu qərara əsasən bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Bu qərar ölkənin milli mədəniyyətinin və incəsənətinin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri idi. Çünki hələ o dövrdə Azərbaycan ziyalıları və dövlət xadimləri mədəni nümunələrin yaradılması və qorunub saxlanmasında ana dilinin əvəzsiz rola malik olmasını dərk edirdilər. Məhz buna görə də respublikada milli müəllim kadrlarının hazırlanması ehtiyacını ödəmək üçün  Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi, 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, qızlar və oğlanlar üçün gimnaziyalar açıldı.

 

Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi. Sənəddə rus dilinin də dövlət müəssisələrində keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin 28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.

 

Amalı millət yolu, haqq yolu olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını rəhbər tutaraq həyatın bütün sahələrində, xüsusən xalq maarifi və mədəniyyət sahələrində geniş islahatlara başladı.

Aydın məsələdir ki, o dövrdə gənclərin ali təhsil alması məsələləri də diqqətdən kənarda qalmadı. Bu hədəfə nail olunması məqsədi ilə 1919-cu il sentyabrın 1-də Bakı şəhərində milli ali təhsil ocağının yaradılması ilə bağlı qanun qəbul edildi və sentyabrın 29-da Bakı Dövlət Universitetinin nizamnaməsi qəbul edildi.

 

Cümhuriyyət dövründə Azərbaycan ən qabaqcıl ziyalıları və mədəniyyət xadimləri tərəfindən xalqımızın elmi və mədəni maariflənməsi işinin təşkil olunması məqsədi ilə müxtəlif milli cəmiyyətlər yaradılırdı. Bunların içərisində öz fəaliyyətləri ilə ən yadda qalanları “Türk Ocağı”,  “Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti”, “Qurtuluş”, “Yaşıl qələm” cəmiyyətləri idi. Bu cəmiyyətlərdən biri işində A.Şaiq, A.Kazımzadə və başqa ziyalılar yaxından iştirak etdiyi “Türk Ocağı” Cəmiyyəti idi. Bu Cəmiyyətin məqsədi əhali arasında türkçülük və azərbaycançılıq ideyasını təbliğ etmək idi. Bu cəmiyyətlərdən digəri isə Azərbaycanın orta əsr maddi mədəniyyət abidələrinin öyrənilməsini həyata keçirən “Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti” idi. Bu cəmiyyət tədqiqatlarının nəticəsi olaraq müxtəlif sərgilər təşkil edərək, xalqın öz tarixi keçmişinə marağının artırılmasını, vətənpərvərlik hisslərinin gücləndirilməsini təşviq edirdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə muzeylərin yaradılması istiqamətində görülən mühüm işlərin nəticəsi kimi mədəniyyət tariximizdə böyük hadisələrdən biri olan “İstiqlal” muzeyini göstərmək olar.  

 

Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyi olan “İstiqlal” muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılmış və parlamentin nəzdində fəaliyyət göstərib.  Muzeydə tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar nümayiş etdirilirdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli mətbuatın inkişafına da xüsusi diqqət göstərilirdi. 1919-20-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə “İstiqlal”, “Açıq söz” və başqa bir çox qəzet və jurnallar, o cümlədən, Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi Azərbaycan və rus dillərində “Azərbaycan” qəzeti nəşr olunurdu.

Cümhuriyyət dövründə ədəbi, mədəni və incəsənət mühitində də nəzərəçarpacaq dərəcədə canlanma meydana gəlmişdi. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və digər o dövrün sayılıb-seçilən şair və yazıçılar tərəfindən vətənpərvərlik ruhunda və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaradılırdı. Hüseyn Cavidin “Şeyx Sənan”, M.Hadinin “Eşq ilahəsi” əsərləri məhz bu dövrdə işıq üzü görmüşdü. Cəfər Cabbarlının Bakının türk qoşunları tərəfindən azad edilməsinə həsr etdiyi “Bakı müharibəsi” pyesi, Azərbaycan istiqlaliyyətini tərənnüm edən “Azərbaycan bayrağı” şeiri məhz o dövrdə ərsəyə gəlmişdi. Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança” pyesləri də o dövrün məhsulları idi.

Cümhuriyyət dövründə Azərbaycan mədəni həyatında baş verən dəyişikliklər teatrın inkişafına da təkan vermiş, teatr isə öz növbəsində xalqın milli mənlik şüurunun formalaşmasında böyük rol oynamışdır. Həmin dövrdə Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən tərkibində Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi böyük sənətkarların çalışdığı Bakıda teatr truppası yaradılmışdı.  Bununla yanaşı Bakıda Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı. Teatra Hüseyn Ərəblinski rəhbərlik edirdi. Teatrda bir çox tanınmış ədibin əsərləri tamaşaya qoyulmuşdu. Cəfər Cabbarlının “Bakı müharibəsi”, “Yulduz, yaxud Trablis müharibəsi”, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan”, Əbdürrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan”, Namiq Kamalın “Akif bəy” yaxud “Namus” əsərləri bu sırasında idi. Azərbaycanda ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edirdi.

 

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Professional teatrımızın tarixi 1873-cü ildən başlasa da, yalnız cümhuriyyət dövründə dövlət teatrı statusu aldı. Öz binası olmadığı üçün Mayılov qardaşları teatrı binasının məcburi surətdə, lakin ədalətli qiymətlə milli teatrımız üçün alınması barədə qərar qəbul edildi. O dövrdə teatr tamaşaçılar qarşısına zəngin repertuarla çıxırdı. Bu səhnədə Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlının əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də oynanılırdı. Azərbaycan aktyorları ölkənin hüdudlarından kənara qastrol səfərlərinə çıxırdılar. Türkiyə qəzetləri yazırdı ki, “Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər”.

Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Hacı İbrahim Qasımov, Xəlil İbrahim, Mehdi bəy Hacınski kimi yaradıcı ziyalılar teatr tənqidi ilə məşğul olur, bu sahədə baş verən prosesləri izləyir, teatr sənətinin inkişaf problemlərinə dair məqalələr yazırdılar.

“Leyli və Məcnun” operası ilə Azərbaycan professional musiqisinin təməlini qoymuş, sonralar bir sıra dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə “Dağıstan”, tərəkəməsayağı “Azərbaycan” adlı xoreoqrafik əsərlərini və Cümhuriyyət şairi Əhməd Cavadın sözlərinə “Azərbaycan” marşını bəstələyib.

 

Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edildi. Daha bir böyük bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə yazdığı “Şah İsmayıl” operası məhz Cümhuriyyət dövründə böyük uğurla səhnələşdirildi.

1919-cu ildə Bakıda 16 kinematoqraf fəaliyyət göstərməsini Cümhuriyyət dövründə kinematoqrafiyanın inkişafına verilən xüsusi diqqətin nəticəsi hesab etmək olardı.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa bir müddət ərzində mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu istiqamətdə tarixi əhəmiyyətə malik işlər görülüb.

 

Cümhuriyyət dövründə Azərbaycan hökuməti və parlamenti mətbuat və nəşriyyat işinin dövrün tələblərinə uyğun qurulması üçün bir sıra qərarlar qəbul edib. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet və jurnal çıxmışdır. “Molla Nəsrəddin”, “İstiqlal”, “Azərbaycan”, “Açıq söz”, “İqbal”, “Dirilik”, “Təkamül”, “Mədəniyyət”, “Qurtuluş” kimi mətbu orqanlar milli ideyaların carçısı idi. Təsadüfi deyildir ki, o dövrdə Azərbaycanda söz, mətbuat və vicdan azadlığı yüksək səviyyəyə çatmışdı.

 

Müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində oynadığı böyük rola yüksək qiymət verib: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.

 

Sadalanan bütün bu hadisələr Cümhuriyyət illərində ədəbiyyat, dil və mədəniyyət quruculuğu sahəsində görülən ən mühüm işlər idi.

 

Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır.

 Ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Üçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərarın qəbul edilməsi də ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı olduğunu göstərirdi. Xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini elan etdi. Həmin dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir”. 

 

Ümummilli liderin xalqımızın və dövlətimizin tarixinin, mədəniyyətinin və incəsənətinin öyrənilməsi və təbliğ olunması ilə bağlı reallaşdığı tədbirlər, hələ onun sovet dönəmində ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçirilməyə başlamışdır. Onun xalqımızın maddi-mənəvi tarixi abidlərinin qorunub saxlanması, milli mədəniyyətin, incəsənətin, musiqinin, teatr və kinonun, müxtəlif xalq yaradıcılığı nümunələrinin qorunub saxlanaraq inkişaf etdirilməsi ilə bağlı fəaliyyətinin sovet senzurasının cövlan etdiyi gərgin bir dövrə təsadüf etdiyini nəzərə alsaq nə qədər ağır bir yükün altına girdiyinin şahidi olarıq. Buna misal kimi “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasını və Heydər Əliyevin səyləri nəticəsində sovet senzurasından keçməsini göstərə bilərik.

 

Ulu öndər müstəqillik illərində xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra da bu istiqamətdə yorulmaz fəaliyyətini davam etdirmiş mədəniyyətimizin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının, qanunların qəbul edilməsinə, fərman və sərəncamların imzalanmasına öz töhfəsini verib. Onun hakimiyyəti illərində mədəniyyət və incəsənətin bir sıra sahələrində peşə bayramları təsis olundu, dövlətin dəstəyi ilə teatr və kinonun, musiqi və incəsənətin, televiziya və mətbuatın inkişafına şərait yaradıldı, bu sahələrdə çalışan insanların, mədəniyyət və incəsənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması, müxtəlif dövlət mükafatları və fəxri adlarla təltif olunması ənənələrinin əsası qoyuldu.

 

Çox sevindirici haldır ki, müasir dövrdə ölkəyə rəhbərlik edən cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun ideyalarının ən layiqli davamçısı kimi dövlət sükanın arxasında qətiyyətlə dayanır və bütün sahələrin inkişafına olduğu kimi, mədəniyyət və incəsənətin də inkişafına özünəməxsus töhfələr verir. Məhz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq siyasi və mədəni nüfuzu durmadan artır, Azərbaycan beynəlxalq səviyyəli siyasi, mədəni, idman tədbirlərinin keçirildiyi, dünyanın diqqət mərkəzində olan müasir inkişaf etmiş ölkəyə çevrilir.

 

Onu da qeyd etmək istərdim ki, bu gün qürurla çalışdığım Azərbaycan Televiziyası həm ümummilli lider Heydər Əliyevin, həm də cənab prezident İlham Əliyevin həyata keçirdiyi yüksək məramlı siyasətin geniş ictimaiyyətə çatdırılmasında, bu siyasətin təbliğ olunaraq gənc nəslə aşılanmasında dövlətin üzərinə qoyduğu vəzifələrin öhdəsindən daima layiqincə gəlməyə çalışır. Bütün bu işlər Azərbaycan Televiziyasının dünyanın ən müasir standartlarına cavab verən avadanlıqlarla təmin olunmuş maddi-texniki bazasında həyata keçirilib.

 

Xalqın milli mədəniyyətinin və incəsənətinin inkişafına ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın verdiyi böyük töhfələri xüsusilə qeyd etmək istərdim. Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətimizin inkişafına göstərdiyi xidmətlər “Heydər Əliyev Fondu”nun, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun həyata keçirdiyi bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, xalqımızın maddi-mənəvi mədəniyyət abidələrinin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsi kimi irimiqyaslı layihələrin reallaşdırılmasında öz ifadəsini tapıb.

 

 

Müasir dövrdə mədəniyyət və incəsənət xadimlərinin daimi dövlət qayğısı ilə əhatə olunması, onların əməyinə verilən qiymətin göstəricisi kimi müxtəlif fəxri adlarla və dövlət təltifləri ilə mükafatlardırılması, xüsusən də bu sahədə fəaliyyət göstərən gənc sənətkarların bu qayğı ilə əhatə olunması dönə-dönə vurğulanmalıdır. Bu gün sıralarında mənim də təmsil olunduğum bu gənclər ordusunun üzərinə xalqımızın tarixi ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək kimi müqəddəs bir vəzifə düşür.

 

Öncədən də qeyd etdiyim kimi, Azərbaycan Xalq Cümhuriyyətinin təbliğ olunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərin reallaşdırılmasında çalışdığım Azərbaycan Televiziyasının da özünəməxsus rolu vardır. Belə ki, Cümhuriyyət ili çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, siyasi prosesləri, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, sosial prosesləri və bütün bu proseslərdə müsbət rol oynamış mütərəqqi dövlət və mədəniyyət xadimləri, ziyalıların həyatının araşdırılması ilə bağlı 13 filmdən ibarət silsiləvi sənədli film hazırlanaraq efirə verilib. İlin sonunadək kanalımızda Xalq Cümhuriyyətinin tarixi ilə bağlı digər layihələrin də hazırlanaraq efirə verilməsi nəzərdə tutulub.

 

Sonda onu qeyd etmək istərdim ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş dövlətçilik ənənələri, mədəni, elmi, iqtisadi, kadr potensialı xalqımıza öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa, SSRİ-nin süqutundan sonra yenidən müstəqillik əldə edərək Azərbaycan Respublikası kimi tarixin səhnəsinə çıxmağa imkan verdi.

 

Mən də bir Azərbaycan vətəndaşı, gənci və ümummilli liderin də tarixi ifadədə söylədiyi bir Azərbaycanlı kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin şahidi olduğum üçün böyük fəxr hissi keçirirəm.

 

Yaşasın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası!

 

Ramil Qasımov - politoloq, Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267