Bakıda «Sərgilərdə iştirakın səmərəliyinin artırılması» mövzusunda seminar keçirilib

Bakıda «Sərgilərdə iştirakın səmərəliyinin artırılması» mövzusunda seminar keçirilib
# 12 yanvar 2012 10:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda «Iteca Caspian» sərgi şirkətinin təşkilatçılığı ilə «Sərgilərdə iştirakın səmərəliyinin artırılması» mövzusunda praktiki seminar keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, şirkətlərin marketinq və satış mütəxəssislərinin iştirak etdiyi seminarı Rusiyanın «EkspoEffekt» sərgi konsaltinq agentliyinin baş direktoru Nikolay Karasyov keçirib.

Seminarda sərgilərdə iştirakın səmərəlilik göstəricilərinin müəyyən edilməsi, sərgidə iştirakdan əvvəl reklam kampaniyasının keçirilməsi, sərgi stendinin tərtibi və qurulması, potensial müştərilərlə davranışı, sərgidə istifadə edilən çap vasitələri kimi məsələlər üzrə təqdimat və məlumatlar verilib.

N.Karasyovun sözlərinə görə, sərgidə iştirak edəcək şirkət üçün sərgidən əvvəlki reklam kampaniyasının düzgün aparılması, o cümlədən müxtəlif vasitələrlə maraqlanan auditoriyanı ünvanlı şəkildə stendə dəvət edilməsi sərgidə iştirakın səmərə əldə edilməsində əsas məqamlardan biridir. N.Karasyov həmçinin sərgidə iştirakın səmərəliyinin rəqəmli göstəricisinin müəyyən edilməsinə dair hesablama düsturu təqdim edərək bildirib ki, «EkspoEffekt»in hesablama və araşdırılmalarına görə, işlər düzgün qurulanda, sərgidə iştirak edən şirkətin nümayəndələrinin hər biri stendlərdə hər saat 3 görüş keçirməlidir, ümumi görüşdürülənlərdən təxminən 20%-i potensial müştəridir, 10%-i ilə isə real müqavilələr bağlanılır. Nəticədə, sərginin ümumi iştirakçıları və sair göstəricilər nəzərə alınmaqla hər şirkət sərgi nəticəsində bağlanıla biləcək müqavilələrin dəyərini sərgidən əvvəl hesablaya və bu göstəricini əsas məqsəd kimi qəbul edə bilər.

N.Karasyov eyni zamanda görüşlərin real müqavilələrə çevrilməsi üçün təkcə sərgidə iştirak etmənin kifayət etmədiyini, həm də sərgidən sonra yaranan işgüzar əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, seminarda stenddə kənar əşyaların olmaması, yazılan sloqan və bu kimi vacib görünməyən məsələlərə də toxunulub və onların əhəmiyyəti vurğulanıb.

N.Karasyov bildirib ki, araşdırmalara əsasən, sərgilərdə iştirak edən şirkətlərin təxminən 75%-i kiçik və orta sahibkarlıq nümayəndələridir. Sahələrə gəldikdə isə ən faydalı və iştirakçıları maraqlandıran qida, tikinti, turizm, avtomobil və mebel sahələrm üzrə keçirilən sərgilərdir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR