Prezident İlham Əliyev XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisini ziyarət edib

Prezident İlham Əliyev XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisini ziyarət edib
# 13 aprel 2012 08:29 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, dövlət başçısına sərgi barədə ətraflı məlumat verilib. Bildirilib ki, artıq 11 ildir Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artır. Əgər 2002-ci ildə sərgidə 7 ölkədən 23 şirkət iştirak edirdisə, bu gün 32 ölkədən 201 şirkət iştirak edir ki, bu da Azərbaycanın dünyada getdikcə artan nüfuzunun göstəricisidir.

Daha sonra Azərbaycan prezidenti sərgidə iştirak edən şirkət və təşkilatların stendlərinə baxış keçirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, aprelin 12-dən 14-dək davam edəcək “AITF-2012” sərgisində dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, hoteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdirilir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edir. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirir. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edir. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirir. Ekzotik turizm təşkil edən şirkətlər Tailand, Mavriki və Seyşel kimi istiqamətlər təqdim edir.

Sərgi çərçivəsində Slovakiya, Macarıstan, Polşa və Çexiyaya turlar üzrə seminar, təqdimatlar və ustad dərsləri keçiriləcək.

«AİTF-2012»də Ümumdünya Turizm Təşkilatı (ÜTT) da öz stendi ilə iştirak edir. Eyni zamanda Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xüsusi stendlə çıxış edir. Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunur. Abşeron zonasının hotellər şəbəkəsinin də təqdim ediləcəyi sərgiyə Azərbaycanda fəaliyyət göstərən dünyaca tanınmış hotellər də qatılıb.

Tədbirdə “Azərbaycan Hava Yolları”, “Air Astana”, “AirBaltic”, “Qatar Airways”, “Flydubai”, “Çex Hava Yolları” və “Türk Hava Yolları” kimi aviaşirkətlər Azərbaycan bazarı üçün xüsusi təkliflər təqdim edəcək.

Xatırladaq ki, «AİTF-2012» sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və ÜTT, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Bu sərgiyə paralel olaraq 6-cı Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR