Bu il Azərbaycanda əhali artımı 135 min nəfər proqnozlaşdırılır

Bu il Azərbaycanda əhali artımı 135 min nəfər proqnozlaşdırılır
# 16 yanvar 2013 11:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda əhalinin sayının son bir ildə 121,4 min nəfər artaraq 9 milyon 356,5 nəfərə çatması o deməkdir ki, təkcə bir ildə ölkədə bir rayonun sakinləri qədər insan artımı var”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, statistika göstərir ki, əhalinin artım tempi yüksəlib və bu, bir az da arta bilər: “2013-cü il üçün də Azərbaycanda əhali artımı 135 min nəfər proqnozlaşdırılır”.

Son illər ölkədə ölənlərin sayının azaldığını deyən komitə sədri bildirib ki, Azərbaycanda orta ömür ilbəil artır, bu isə doğuşa nisbətdə ölüm sayının azalmasına gətirib çıxarır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yekununa əsasən respublika üzrə əhalinin gözlənilən sayı 9 milyon 356,5 min nəfər olub. 2011-ci illə müqayisədə Azərbaycan əhalisinin artımı 121,4 min nəfər olub. Bu da əhalinin ümumi sayına nisbətən 1,3% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR