BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi: “BMT Azərbaycanın hansı işləri həyata keçirdiyini bilir və qiymətləndirir” - MÜSAHİBƏ - VİDEO

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi: “BMT Azərbaycanın hansı işləri həyata keçirdiyini bilir və qiymətləndirir” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2013 08:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Brukun (Antonius Broek) APA-ya müsahibəsi

- Bu il Azərbaycanla BMT arasında əlaqələrin qurulmasının 21-ci ildönümü qeyd olunur. Siz bu əməkdaşlığın və BMT-nin Azərbaycandakı fəaliyyətinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu il biz əməkdaşlığın 21-ci ildönümünü qeyd edirik. Bu əməkdaşlıq Azərbaycanın müstəqil olmasından sonra başlayıb. Bizim uzunmüddətli əməkdaşlığımız mövcuddur və düşünürəm ki, bu əməkdaşlıq müsbət və uzaqgörən idi. Təbii ki, Azərbaycan bir çox ölkələr kimi münaqişə dövrü yaşayıb və həmin dövrdə BMT vacib rol oynayıb. İkincisi, Azərbaycanın ÜDM-i bir çox keçmiş Sovet İttifaqı ölkələrindəki kimi elə də yüksək deyildi, ona görə də Azərbaycanla BMT arasında əməkdaşlıq üçün çoxlu imkanlar vardı. Bir çox BMT təşkilatları Azərbaycana gəlib. Bu proses BMT-nin İnkişaf Proqramının ölkədə fəaliyyəti ilə başlayıb, sonradan da bura UNİCEF, Ümumdünya Ərzaq Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və s. qoşulub. Mən inanıram ki, biz birlikdə yoxsulluğun azaldılması üçün çox iş gördük. Biz eyni zamanda mina təmizləmə sahəsində də əməkdaşlıq edirik. Bu günə qədər ANAMA ilə birgə işləyirik. Bu gün Azərbaycan minatəmizləmə sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni regiondakı bir çox ölkələrlə bölüşür. Biz dayanıqlı inkişaf sahəsində də böyük işlər görürük. Düşünürəm ki, biz birlikdə vacib addımlar atırıq. Azərbaycan BMT-nin güclü tərəfdaşıdır, ölkə müxtəlif konvensiyaları imzalayıb və BMT-nin Nizamnaməsində əks edilən BMT prinsip və dəyərlərinə sadiqdir.

- Yaxın gələcəkdə BMT-nin Azərbaycandakı nümayəndəliyi hansı layihələri həyata keçirməyi planlaşdırır? Bu layihələr hansı sahələri əhatə edəcək?

- İlk növbədə BMT və onun ixtisaslaşmış qurumlarının idarə etdiyi proqramlar ölkələrin və BMT-nin prioritet və mandatları ilə uyğundur. Biz beşillik proqram əsasında fəaliyyət göstəririk və hər ölkədəki fəaliyyətimiz bu sənəd əsasında həyata keçirilir. Bu fəaliyyət planı BMT-nin İnkişafına Yardım üzrə Çərçivə Sənədi adlandırılır. Bu, hökumət və BMT arasında əməkdaşlıq prioritetləri üzrə ümumi sazişidir. Bununla da biz bu sənədi 2015-ci ildə yenidən imzalamaqla dayanıqlı əməkdaşlıq və tullantıların emalı, bərpa olunan enerji, eroziya səviyyəsinin azaldılması, daşqınların idarəçiliyi də daxil olmaqla ətraf mühit sahəsi ilə bağlı istiqamətin növbəti 5 illik planını tutacağıq. Birgə işlədiyimiz vacib sahələrdən biri hər sahədə səmərəliliyin artırılması, vətəndaşlara xidmət edilməsi və bu əməliyyatlar üçün xərclərin azaldılması üçün müasir rabitə və informasiya texnologiyalarından istifadəsi ilə elektron hökumətin inkişaf etdirilməsidir. Biz elektron hökumət sahəsi ilə bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və s. ilə sıx işləyirik. Bu yaxınlarda biz Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə yeni tərəfdaşlığa başladıq. Bu, hökumətin təşəbbüsü idi və biz bu istiqamətdə yaxından əməkdaşlığa hazırıq. İkincisi, biz İKT-nin regionda geniş yayılması, imkanların genişləndirməsi, yeni texnologiyaların tətbiqi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə gələcək illərdə birgə çalışmağa davam edəcəyik. Bu, gələcək illər üçün böyük bir proqram olacaq. Biz həmçinin müasir avadanlıqları istifadə etməklə gömrük sahəsində idxal və ixracata nəzarətin gücləndirilməsi üçün hökumətə dəstək veririk. Böhranlı vəziyyətlərin qarşısının alınması və bərpa işləri sahələrində də iş davam edəcək. Bir də gender bərabərliyinin təşviqi, qadınlara qarşı zorakılıq halların azaldılması və gənclərin işlə təmin edilməsi istiqamətdə də işləyirik. Təbii ki, İnkişaf Proqramı olaraq biz bu işi tək həyata keçirmirik. Biz UNİCEF-lə uşaqlar və təhsillə bağlı məsələlər üzərində işləyirik, Qaçqınlar üzrə Ali Komissarlıqla qaçqınların, Ümumdünya Səhiyyə Təşkilatı ilə isə səhiyyəyə aid problemlərin həllində birgə səyləri həyata keçiririk. Bizim çoxlu proqramlarımız var, lakin onlar barədə danışmaq düşünürəm ki, çox vaxt tələb edəcək. Bizim əməkdaşlığımız yüksək səviyyədədir və mən əvvəlcədən deyə bilərəm ki, gələcək illərdə biz onu daha da dərinləşdirəcəyik. Bildiyiniz kimi, sizin ölkənizin gəlirləri artır və Azərbaycan eyni zamanda donor ölkəsinə çevrilir. Bu, neft və qazdan əldə olunan gəlirlərin tək öz ölkəsinin insanlarına xərclənməsi yox, eyni zamanda bu gəlirlərin digər ölkələrlə paylaşılmasıdır. BMT hökumətlərlə bu cür əməkdaşlığın qurulmasında Azərbaycana dəstək göstərir. Buna Azərbaycanın humanitar sahədə Əfqanıstan Respublikası ilə əməkdaşlığını misal göstərmək olar. Azərbaycanın qlobal səviyyədə bu cür insanlıq naminə atdığı addımları çox yüksək qiymətləndirilir və mövcud fəaliyyət dünyadakı inkişaf tendensiyasına uyğundur.

- Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və mayda ona sədrlik edib. Siz ölkəmizin sədrliyini necə dəyərləndirirsiniz?

- Bu çox yaxşı sualdır, çünki indi sizin ölkəniz BMT TŞ-də ikinci dəfədir ki, sədrlik edir. 2012-ci ilin mayında Azərbaycan BMT TŞ-də sədrlik etmişdi və bu ay ikinci dəfədir ki, Azərbaycan Şuraya sədrlik edir. Bildiyiniz kimi, hazırda dünya bir çox problemlərlə üzləşir və mən əminəm ki, Azərbaycan BMT TŞ-də müzakirələri aparmaqla problemlərin həllində böyük rol oynayacaq. Böyük məsələlərin həlli hələ qabaqdadır və sizin ölkənizin dünyada sülh və təhlükəsizliyə töhfə vermək istiqamətində səy və bacarıqlarını bir daha nümayiş etdirmək üçün imkanı var. TŞ-yə üzvlük dövründə Azərbaycan Suriyadakı münaqişə və kütləvi qırğın silahları kimi əhəmiyyətli müzakirələrdə öz fikrini bildirir. Həmin dövr ərzində hökumətin bir sıra yüksək vəzifəli rəsmiləri TŞ sessiyalarında iştirak edib və burada bəyanatlarla çıxış ediblər, ona görə düşünürəm ki, bu, çox gözəl bir imkan oldu və Azərbaycanın dünyada vacib dövlət kimi tanınmasına gətirib çıxardı. Düşünürəm ki, Azərbaycan postsovet və ya MDB ölkələrindən BMT TŞ-yə qeyri-daimi üzv kimi seçilən ilk ölkədir.

- Bildiyiniz kimi, Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası öz işini davam etdirir. Siz bu sessiyadan nə gözləyirsiniz və sessiyanın işini necə qiymətləndirirsiniz?

- İlk öncə sessiya təzəcə başlayıb. Müxtəlif ölkələr, nümayəndə heyətləri hələ də Baş Assambleyada (BA) öz açılış nitqləri, bəyanatları ilə çıxış edirlər. Müzakirə olunası çoxlu vacib məsələlər var. Siz bunu başlanğıcda verilən bəyanatlardan və TŞ-də davam edən proseslərdən görə bilərsiniz. Dünyada narahatlığa səbəb olan bir neçə sahə var ki, orada fərqli qərarlar qəbul edilməlidir. İkincisi, gördüyümüz kimi, gənc nəsil haqlı olaraq dünyada öz parlaq gələcəyini tələb edir. Düşünürəm ki, bu, narahatlığın ifadəsidir. Dövlətlər və ölkə başçıları bu məsələləri həll etməlidir. Minilliyin İnkişaf Məqsədlərinə hədəf ili kimi qoyulan 2015-ci ilə qədər nail olmaq lazımdır. Hadisələr göstərir ki, münaqişələrin kökündə gənc nəslin narazılığı dayanır. Assambleya həqiqətən bu məsələləri nəzərdən keçirəcək. İkincisi, dünyanın istənilən yerində olduğu kimi, BMT-də də iqtisadi böhran yaşanır və maliyyələşmə, eyni zamanda resursların səfərbərliyi məsələsi problem olaraq qalır. BA-da resursların səfərbər edilməsi ilə bağlı müzakirələr keçiriləcək. Bütün dünyaya aid bəzi məsələlər müzakirə olunub və mən bilirəm ki, Azərbaycan fəallıqla bu müzakirələrə qatılıb. Əminəm ki, nəticələr müsbət olacaq, lakin hazırda hansısa fikir yürütmək, məncə, çətindir. Assambleya işini yekunlaşdırdıqdan sonra xüsusi məsələlər üzrə işçi qrupları yaradılaraq məsələlərin həllinə doğru addımlar atılacaq.

- Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə necə nail olur?

- İlk növbədə deməliyəm ki, Minilliyin İnkişaf Məqsədləri (MİM) 2000-ci ildə BMT üzvləri tərəfindən imzalanıb və 2015-ci hədəf ilinədək tamamlanması planlaşdırılıb. Bir neçə ölkə bu məqsədlərin bəzilərinə nail olunmasında problemlərlə üzləşib. Ümumilikdə isə ölkələrin çoxu xüsusilə yoxsulluğun azaldılmasında tərəqqi əldə edib. Ona görə də 2015-ci ildən sonra nə olacağı barədə düşündüyümüz zaman biz eyni zamanda bu gün MİM ilə bağlı tərəqqini sürətləndirəcəyimiz haqqında düşünməliyik. Azərbaycan ilk növbədə yoxsulluğun azaldılması işində nəzərəçarpacaq irəliləyişlər əldə edib.

Səhiyyə, təhsil, gender bərabərliyi və bir çox digər sahələrdə də nailiyyətlər əldə olunub və düşünürəm ki, Azərbaycan 2015-ci hədəf ilinədək MİM-in çoxuna nail olacaq. Düşünürəm ki, səhiyyə sahəsində çoxlu uğurlar qazanmaq üçün bu imkandan istifadə etmək lazımdır. Məktəblərdə əldə olunan bacarıqların iş bazarına və müasir cəmiyyətin tələblərinə uyğunlaşdırılması kimi təhsil sahəsində islahatlara ehtiyacın olduğunu düşünürəm. İbtidai, orta və ali təhsil arasında aydın əlaqələrin genişləndirilməsi lazımdır. Tək Azərbaycan deyil, həmçinin bir çox ölkələr MİM-lərə kəmiyyət baxımından nail olublar. Nailiyyət keyfiyyət üzərində qurulmalıdır ki, xəstəxanalarda və digər səhiyyə müəssisələrində, təhsil və ümumiyyətlə, sosial xidmətlərin təklif edilməsində uğur əldə edilsin. Azərbaycan MİM-lərə nail olmaq üçün çoxlu işlər görüb və bu oda nu göstərir ki, müstəqillik əldə etdikdən sonra neft və qaz ehtiyatlarından istifadə etməklə ölkənin inkişafı naminə fəaliyyət göstərilib. Ölkə təbii ehtiyatlardan çoxlu gəlirlər əldə edir və sərmayələri vətəndaşların inkişafı üçün yatırır, nəticədə yoxsulluq səviyyəsi aşağı düşür. Hazırda qarşıdakı məqsəd iqtisadiyyatın şaxələndirilməsi olmalıdır. Bir çox işlər görülüb və bir çox işlər görülə bilər, çünki neft və qaz ehtiyatları sonsuz deyil və biz gənclər də daxil olmaqla vətəndaşların məşğulluğu üçün sərmayə yatırmalıyıq. İqtisadiyyatınız şaxələndirilməlidir. Düşünürəm ki, sonradan gəlirləri şəhər və kəndlər, tək Bakı və regionlar arasında deyil, həmçinin regional şəhər və onların qəsəbələri arasında bərabər bölüşdürmək mümkün olmalıdır.

- BMT baş katibi və ya digər yüksək vəzifəli şəxslərin Cənubi Qafqaza, xüsusən də Azərbaycana səfəri gözlənilirmi?


- Yüksək səviyyəli rəsmilərin səfəri ilə bağlı danışıq və müzakirələr aparılır. Onlardan bəziləri artıq keçən aylarda Azərbaycana səfər ediblər. Məsələn, baş katibin iqtisadi və sosial məsələlər üzrə nümayəndəsi Vu Honqbo ötən il Bakı İnternet İdarəçiliyi Forumu çərçivəsində Azərbaycana səfər etmişdi. Mən bilirəm ki, Azərbaycan həmçinin BMT baş katibi Pan Gi Munun Bakıya səfərinin reallaşmasını da istəyir. Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri ilə BMT baş katibi arasında qurumun Nyu-York, Cenevrə qərargahında, o cümlədən Doha şəhərində görüşlər keçirilib. Onun bu ölkəyə səfər etməməsi yüksək səviyyəli danışıqlar aparılmadığından xəbər verməməlidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov onunla mütəmadi olaraq görüşür. Düşünürəm ki, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark da yaxın vaxtlarda Azərbaycana səfər etmək istəyir, lakin mən bu səfərin nə zaman reallaşacağını deyə bilmərəm. Ölkənizə səfər etmək onun üçün çox maraqlı olar və biz səfərin reallaşması üçün fürsət axtarırıq. Bir daha demək istəyirəm ki, ölkənizlə bu yüksək vəzifəli şəxslər arasında dialoq aparılır. Onların sizin ölkənizə gəlib-gəlməməsi o demək deyil ki, onlar başqa ölkələrə nisbətən sizə daha az diqqət ayırırlar. Mən sizi əmin edə bilərəm ki, BMT Azərbaycanın hansı işləri həyata keçirdiyini bilir və onu qiymətləndirir.

- BMT Dağlıq Qarabağ münaqişənin həllinə necə yardım edə bilər?

- Bu məsələ ilə bağlı Azərbaycan və Ermənistan və həmsədrlər arasında dialoqun keçirilməsi və münaqişənin həlli yolunun tapılması üçün ATƏT-in Minsk Qrupu yaradılıb. Bu günə kimi bu, bizim ümid etdiyimiz nəticəyə gətirib çıxarmayıb. BMT ümid edir ki, məsələnin həlli çox tez zamanda tapılacaq və təbii ki, həmsədrlər münaqişə tərəflərinin razılığa gəlməsinə nail olacaqlar. Mənim mandatım yoxdur ki, özümdən nəsə edim, lakin ümid edirəm ki, ölkələr sülh yolunun tapılması naminə bir araya gələcəklər. Məsələnin həlli yalnız dialoqdur və biz yenidən müharibənin olmasını istəmirik. Əminəm ki, bu münaqişə tərəflərin və həmsədrlərin də arzusu deyil. 20 il əvvəl çoxlu vətəndaş məcburi köçkün olaraq evlərini tərk etdi və çox insanlar konfliktdən əziyyət çəkdi. BMT humanitar məsələlərdə hər zaman köməklik edib və razılaşma əldə olunan kimi münaqişə tərəfləri ilə humanitar yardım ilə bağlı proqramların icra edilməsinə dərhal başlayacaq. Amma deyərdim ki, ən əsas məsələ insanların həyatlarının yaxşılaşdırılması, barışıq və qarşılıqlı anlaşma üçün şəraitin yaradılmasıdır. Ümid edirəm ki, məsələnin həlli yolu regionda yaşayan və münaqişədən əziyyət çəkmiş insanların xeyri üçün tez bir zaman ərzində tapılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR