AMEA-da Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı istiqamətində işlər aparılır

AMEA-da Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı istiqamətində işlər aparılır
# 04 iyun 2014 16:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı istiqamətində işlər aparılır.

APA-nın xəbərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələrə məsul əməkdaşların ümumi toplantısında Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirib ki, Azərbaycanda indiyəcən formalaşmamış elmi jurnalistika sahəsi elm və texnologiyada baş verən yenilikləri, sosial həyatın problemləri və inkişafı ilə bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir: “Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərlə oxucu kütləsi arasında əlaqə yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə əlaqələndirməkdir. Ölkədə elmi jurnalistikanın formalaşması və inkişafı məqsədilə layihə, o cümlədən təlim və seminarların, yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bu kimi layihələrə akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən jurnalistlərlə yanaşı, yerli KİV-in də əməkdaşları cəlb olunacaq, onlara xarici ölkələrdə təşkil edilən müvafiq təlim və seminarlarda iştirak imkanları yaradılacaq. AMEA-nın ictimaiyyətlə əlaqələr sahəsində əsas hədəfi Azərbaycanda elmin populyarlaşması, o cümlədən elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR