Azad Rəhimov: “Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək, onlardan 16-sı olimpiya idman növüdür”

Azad Rəhimov: “Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək, onlardan 16-sı olimpiya idman növüdür”
# 08 oktyabr 2014 22:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə “2014-2024-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2014-2020-ci illər üçün Milli Strategiya”nın layihələri hazırlanıb: “Hazırda ölkəmizdə gənclər əhalinin təxminən 30 faizini təşkil edir. Onların inkişafı, xüsusilə regionlarda yaşayan gənclərin məlumatlandırılması və sosial xidmətlərin göstərilməsi məqsədilə Sizin tapşırığınız əsasında ölkədə “Gənclər evləri” şəbəkəsi yaradılır. 2014-cü ildə nazirliyin sifarişi ilə 4 gənclər mərkəzi yaradılıb. Naxçıvan, Xəzər, Suraxanı və Sabunçu gənclər evi də daxil olmaqla, qısa müddət ərzində ölkədə artıq 31, ilin sonunadək daha ən azı 3, 2015-ci ilin sonunadək isə təkcə “Dövlət Proqramı” çərçivəsində 7 belə müəssisə inşa ediləcək”.

Azad Rəhimov qeyd edib ki, intellektual və yaradıcı gənclərin inkişafı üçün stimulların yaradılması vacib prioritetlərdəndir: “Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq yüksək nailiyyətlər əldə etmiş 6 nəfər gənc hər biri 10 min manat olmaqla “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilib. Bu ilin may ayında “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” adlı Gənc Alimlərin Beynəlxalq Bakı Forumu keçirilib. Dünyanın 96 ölkəsindən 400-dək iştirakçı elmin müxtəlif sahələri üzrə müzakirələrə qatılıb. Hesabat dövründə respublikanın bütün rayon və şəhərlərindən seçilmiş 1900 nəfər nümayəndənin iştirakı ilə Azərbaycan Gənclərinin VII Forumu keçirilib”.

Nazir bildirib ki, son on il ərzində ölkədə gənclərin qeyri-hökumət təşkilatlarının sayı 6 dəfəyədək artaraq 51-dən 300-ə çatıb: “Onlara dövlət tərəfindən göstərilən dəstəyin həcmi bu müddətdə dəfələrlə artıb. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə təkcə nazirlik tərəfindən keçirilən müsabiqədə ümumi məbləği 2 milyon manatdan artıq olan və 115 min avro olan 110 layihə dəstəklənib. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində yeni elektron xidmətlər yaradılıb, xüsusi saytda tam məlumat bazası yerləşdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu uğurlu fəaliyyət göstərərək, hesabat dövrü ərzində 827 layihəni dəstəkləyib, bunlardan 13-ü beynəlxalq layihə olub. Ümumilikdə isə Gənclər Fondu tərəfindən 2012-ci ildən başlayaraq 1457 layihə dəstəklənib. Fond ölkənin hər bir şəhər və rayonunda gənclərin müxtəlif sahələrə olan maraqlarını əks etdirən layihələrin həyata keçirilməsinə nail olub. 2014-cü ildə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə 21 ölkədə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqələri keçirilib, 174 qalibin ölkəmizə səfəri təmin edilib. Bütövlükdə isə, 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilib, 3 minədək esse təqdim edilib, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər edib”. 2014-cü ilin yay aylarında Bakı və rayonlarda 1700 nəfərin iştirakı ilə “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələri təşkil edilib.

Azad Rəhimovun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması daim diqqət mərkəzindədir: “2014-cü il sentyabrın 30-da Moskvada 500 gəncin iştirakı ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) “RAGT: dialoq və fəaliyyət” adlı V Konfransı keçirilib. Tərəfimizdən 42 xarici ölkə və beynəlxalq təşkilatla ikitərəfli əməkdaşlıq müqaviləsi icra edilir. Azərbaycanın gənclər təşkilatları 30-dan artıq beynəlxalq qurumun tamhüquqlu üzvüdür və 5 beynəlxalq platformanın yaradılması təşəbbüsü ilə çıxış edib”.

Nazir vurğulayıb ki, dövlət gənclər siyasətinin həyata keçirilməsində Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlər və inkişaf səviyyəsi beynəlxalq qurumlar tərəfindən də qeyd edilib: “ Məhz bu səbəbdən BMT-nin İnkişaf Proqramı, UNESCO, Avropa Şurası və BMT Baş Katibinin Gənclər üzrə xüsusi elçisinin ofisinin birgə qərarı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forum Bakıda keçiriləcək. 2014-cü il oktyabrın 28-30-da keçiriləcək Forumda BMT-yə üzv ölkələrdən 700 nümayəndə və ekspertin iştirakı nəzərdə tutulub”.

Azad Rəhimov bildirib ki, hesabat dövründə ölkədə 120 respublika, 32 beynəlxalq səviyyəli yarış keçirilib, 130 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub, dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 108 qızıl, 162 gümüş, 283 bürünc olmaqla ümumilikdə 553 medal qazanılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 medal çoxdur. "Əlamətdar haldır ki, 2014-cü il iyulun 14-28 tarixlərində Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Olimpiya Oyunlarında idmançılarımız 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 ölkə arasında 10-cu yeri tutaraq tarixi qələbəyə imza atıblar. Bu nəticə ilə komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci yerdə olub”.

Nazir qeyd edib ki, 2014-cü il Azərbaycanda idman hadisələri ilə zəngin olub: “Belə ki, Bakı şəhərində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və digər beynəlxalq tədbirlər keçirilib.

Azad Rəhimov bildirib ki, ötən dövr ərzində Avropa Oyunlarına hazırlıq işləri davam etdirilib: “Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarına hazırlıq işlərinə nəzarət məqsədi ilə təsis edilmiş Koordinasiya Komissiyasının Bakı şəhərində 2 iclası keçirilib, təqdim olunan hesabatlarda yüksək səviyyədə hazırlıq qeyd edilib. Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra böyük şəhərlərində və paytaxtlarında Avropa Oyunlarının təqdimatları uğurla keçirilib. Hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir. Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc Əməliyyat Komitəsində işlə təmin edilib. Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışır. Aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilib. Bu iş davam etdirilir, ölkələrin sayı daha da artacaq”.

Nazir qeyd edib ki, Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək, onlardan 16-sı olimpiya idman növüdür: “Əlamətdar haldır ki, 11 idman növü üzrə yarışlarda qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya oyunlarında iştirak lisenziyaları veriləcək. İdmançıların ümumi sayı 6000-dən çox olacaqdır ki, bu rəqəm son qış olimpiya oyunları iştirakçılarının sayından 2 dəfə çoxdur. Oyunların başlanmasına 247 gün qalmasına baxmayaraq, Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb və yekun mərhələyə qədəm qoyulub”.

Azad Rəhimov bildirib ki, hesabat dövründə sayca 41-ci olan Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimləri keçirilib: “Eyni zamanda, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi açılışa hazırlanıb. Hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, 16 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir. I Avropa Oyunları ilə əlaqədar çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, 68000 tamaşaçı tutumu olan Futbol stadionunun, BMX-Velosipedi veloparkının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının əsaslı təmiri və digər obyektlərdə müvəqqəti qurğuların tikintisi davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR