Rusiyalı siyasi ekspert: “Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin qurulmasına imkan vermir”

Rusiyalı siyasi ekspert: “Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin qurulmasına imkan vermir”
# 23 yanvar 2015 11:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Cənubi Qafqaz regionunda Rusiya ilə münasibətlərinin normal olmasında maraqlı olan yeganə ölkə Azərbaycandır. Lakin bunun qarşısını Dağlıq Qarabağ problemi alır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “2015-ci ildə Rusiya üçün xarici siyasətdə təhlükə” mövzusunda Moskvada keçirilən mətbuat konfransında Rusiya Elmlər Akademiyası Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi əməkdaşı, politoloq Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, Gürcüstanda son 20 ildə anti-Rusiya əhval ruhiyyəsi hökm sürür: "Qamsaxurdiyadan bu tərəfə heç bir gürcü lider Rusiya ilə normal münasibətlər qurmaqda maraqlı olmayıb. Onlar indi də Rusiyanı özlərinə təhlükə sayırlar. Hesab edirlər ki, Rusiya onları iki böyük əyalətini ələ keçirib. ABŞ isə onlardan uzaqda yerləşir, ona görə də heç bir təhlükəsi yoxdur. Hətta Rusiya Osetiya və Abxaziyanı Gürcüstana güzəştə getsə belə, Gürcüstan yenə də ABŞ istiqamətində siyasət yürüdəcək".

Rusiyalı ekspert Ermənistanda da çoxluğun Qərbə meyl etdiyini bildirib: “Ermənistan 2004-cü ildən NATO ilə danışıqlar aparır. Rusiyanın strateji tərəfdaşı olan bu ölkə, Qərblə də əlaqələri kəsmir. Bağlı qapılar arxasında danışıqlar gedir. Azərbaycan isə regionda yeganə ölkədir ki, Rusiyanın onunla gerçəkdən müsbət, normal tərəfdaşlıq münasibətləri ola bilər”.

Politoloq deyib ki, buna səbəb Azərbaycanın gerçəkdən müstəqil siyasət kursu yeritməsidir: “Lakin Dağlıq Qarabağ konflikti bu münasibətləri qurmağa imkan vermir. Nə qədər ki, bu konflikt həll olunmayıb, yüksək səviyyədə Moskva-Bakı münasibətlərindən danışmağa dəyməz”.

2015-ci ildə Rusiya qarşı təhlükələrdən danışan Aleksey Fenenko bildirib ki, Rusiya üçün əsas təhlükə ABŞ-dır: “Bunun bir sıra səbəbləri var. Birinci səbəb, Rusiya yeganə ölkədir ki, ABŞ-ı texniki cəhətdən məhv edə bilər. Onlarınkına bərabər hərbi-sənaye kompleksimiz mövcuddur. Rusiyadan başqa ABŞ-ın digər rəqibləri olan Çin və Hindistanın hərbi gücü hələ bu səviyyəyə çatmayıb. Onların hərbi gücünün bu səviyyəyə çatması hələlik məlum da deyil. İkinci səbəb isə, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması və ABŞ-ın hər hansı siyasi aksiyasına qarşı veto qoymaq imkanın olmasıdır. Üçüncü səbəb isə, Rusiyanın ABŞ-ın dünya lideri olması konsepsiyasını qəbul etməməsidir. Kobud şəkildə desək, ABŞ Rusiya problemin həll etmədikcə, tək qütblü dünyadan, ABŞ-ın dünya lideri olmasından danışmaq mümkün deyil. Ona görə də, ABŞ Rusiya problemini həll etməlidir. Bunun üçün ilk növbədə Rusiyanın nüvə potensialı ABŞ üçün təhlükəsiz olan səviyyəyə qədər aşağı salınmalıdır və BMT-nin Təhlükəsizlik Şurası yenidən formalaşdırılmalıdır. Bu ABŞ siyasətinin əsas strateji məqsədidir. Rusiya ilə ABŞ 2014-cü ilə kimi də bir-birinə rəqib olsalar da, hər iki ölkə arasında oyun qaydalara görə aparılırdı. Lakin hazırda oyun qaydasız olaraq aparılır. Fikrimcə bu, "soyuq müharibə"dən daha çox təhlükəlidir".

A. Fenenko Ukraynada gedən prosesləri də şərh edib: "Ukraynada baş verənlər Sovetlər İttifaqının bərpa edilməməsinin qarantıdır. Ukrayna uğrunda ona görə Qərb belə gərgin mübarizə aparır ki, Sovetlər İttifaqına bənzər layihənin gerçəkləşməsi mümkün olmasın".

Politoloq Ukrayna probleminin də Dağlıq Qarabağ münaqişəsi kimi dondurulmuş münaqişəyə çevriləcəyini söyləyib.

Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev isə çıxışında ABŞ-ın Cənubi Qafqazda mövqelərinin zəiflədiyini söyləyib: "ABŞ hazırda mövcud olduğu regionlarda diktə edə bilmir. Cənubi Qafqazda ABŞ açıq-aydın Gürcüstan və Azərbaycanda mövcuddur. Gürcüstanda keçirilən sorğuların nəticələrinə görə, ABŞ-ın mövqeləri zəifləyir. Çünki gürcü xalqı ABŞ-dan gözlədiyini əldə edə bilmədi. Ona görə də, Gürcüstanda ABŞ-a daha ümid etmirlər".

Ekspert deyib ki, Azərbaycanda isə sabitlik hökm sürür: “Lakin bu sabitliyi pozmağa cəhd edən xarici qüvvələr var. Azərbaycanda sabitliyin pozulması Rusiya üçün ən böyük təhdiddir. Gürcüstanda da vəziyyət gərgin olaraq qalır. Ermənistanda da vəziyyəti Rusiyanın əleyhinə gərginləşdirmək istəyən qüvvələr var. Həmin qüvvələr Ermənistanı Rusiyadan qoparmaq istəyir. Biz bunun Gümrü hadisələrində şahidi olduq. Fikrimcə, Cənubi Qafqazda turbulentlik artır. Ona görə artır ki, ABŞ Cənubi Qafqazdan ola bilsin ki, getməyə hazırlaşır”.

Mərkəzi Asiyada da vəziyyət gərgin olduğunu qeyd edən hərbi ekspert bildirib ki, bu regionda hər an sabitlik pozula bilər: "Qırğızıstan, Özbəkistan və Tacikistanda radikal islam daxildən partlaya bilər. Sabitliyin təhdid altında olduğu ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkəsi olduğuna baxmayaraq, Rusiyanın bu ölkələrlə yalnız ikitərəfli münasibətləri təhlükəsizliyə töhfə verə bilər. KTMT hərbi-siyasi bir təşkilat kimi Mərkəzi Asiya ölkələrində sabitliyi qoruya bilməz".

Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov ABŞ-ın Cənubi Qafqazda mövqelərinin zəifləməsi ilə bağlı fikirlərlə razılaşmadığını söyləyib: "Siz İrəvan aeroportundan üzü mərkəzə tərəf gedəndə böyük bir ərazisi olan ABŞ səfirliyini görə bilərsiz. Onlar regionda ən böyük radioqəbuledicilərinin və xüsusi xidmət orqanının bu ərazidə yerləşdiyini bildirirlər. Gümrüdə baş verən hadisələrə nəzər salsaq görərik ki, hadisələr həddindən artıq piar olundu. Əslində məişət zəminində törədilmiş hadisə idi. Çox təəccüblüdür ki, baş verən cinayət hadisəsinin sabahı günü etirazçılar əvvəlcədən hazırlanmış kimi müəyyən tələblərlə çıxış etməyə başladılar. Onların əsas tələbi Rusiya qoşunlarının Ermənistandan çıxarılması və Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması idi. Bütün bunlar şübhəli məqamlardır".

A. Martınov Gürcüstanda ABŞ təşkilatlarının sayının günü-gündən artdığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR