Azərbaycan təmsilçiləri “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edirlər

Azərbaycan təmsilçiləri “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edirlər
# 06 mart 2015 09:42 (UTC +04:00)

Bakı – APA. Berlin şəhərində “İTB Berlin” beynəlxalq turizm sərgisi keçirilir.

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət heyət, eləcə də Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti və 3 mehmanxananın nümayəndələri ilə təmsil olunur.

Azərbaycan təmsilçiləri 104 m²-lik stenddə Azərbaycanın turizm potensialını nümayiş etdirməklə yanaşı, zəngin mədəniyyətini də təbliğ edirlər.

Martın 5-də “İTB Berlin” sərgisində Azərbaycanın milli stendində tədbir keçirilib. “İTB Berlin” sərgisində iştirak edən turizm şirkətlərinin nümayəndələri, beynəlxalq turizm sənayesinin təmsilçiləri, turizm sahəsi üzrə ekspertlər və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizin turizm imkanları haqqında təqdimat olub.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbirdə çıxış edib. Səfir ölkəmizdə turizm infrastrukturunun inkişafına yönələn fəaliyyətdən, “İTB Berlin” sərgisi ilə uğurlu əməkdaşlıqdan, Azərbaycanın yaxınlarda Bakı 2015 I Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyindən danışıb.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri rəqs proqramı ilə çıxış edib. Çıxışlardan sonra tədbirdə iştirak edən 25-dək beynəlxalq turizm şirkətinin nümayəndələri Azərbaycan stendində təmsil olunan şirkətlərinin təmsilçiləri ilə biznes görüşləri üçün bir araya gəliblər, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrinə qonaq edilib.

“İTB” beynəlxalq turizm sərgisi hər il ənənəvi olaraq “Messe Berlin” sərgi kompleksində, 160 min m² təşkil edən ərazidə və 26 sərgi zalında təşkil olunur. Bu il keçirilən sərgidə 180 ölkədən 10 mindən artıq nəfər iştirak edib.

Ölkəmiz “İTB Berlin” beynəlxalq turizm sərgisində 2002-ci ildən hər il təmsil olunur.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR