Türkiyənin koalisiya tarixi: hökumət qura bilməzkən-ŞƏRH

 Türkiyənin koalisiya tarixi: hökumət qura bilməzkən-<span style="color: red;">ŞƏRH
# 14 avqust 2015 09:42 (UTC +04:00)

Mayis Əlizadə/ APA-Analitics.

”Soldan-sağa” İlk koalisiyanın şah əsəri

Türkiyə Cümhuriyyəti koalisiya üsul-idarəsiylə 1961-ci ilin oktyabrında tanış oldu.

O vaxta qədər ölkə 2 partiyanın iqtidarını görmüşdü: 1) 1923-cü ildən 1950-ci ilin mayına qədər dövlətin qurucusu Cümhuriyyət Xalq Partiyasının (CHP) 27 illik iqtidarı ; 2) 14 may 1950-ci ildə keçirilmiş seçkidə hakimiyyətə gələn Demokrat Partiyasının (DP) 10 illik iqtidarı.

27 may 1960-cı ildə silahlı qüvvələr DP iqtidarını devirməklə qalmamış, hərbi məhkəmə 16-17 sentyabr 1961-ci ildə keçmiş baş nazir Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Həsən Polatkanı edam edərək, Türk demokratiyasının inkişafına amansız və anlamsız zərbə vurmuşdu. Başqa ölkələrlə müqayisədə Türkiyədəki ilk hərbi çevrilişdən sonra demokratiyaya keçid dövrü uzun vaxt almamış, 1961-ci ilin oktyabrında keçirilmiş seçkidən koalisiya hökuməti çıxmışdı. 10 il bir-birinə qarşı rəhmsiz şəkildə mübarizə aparmış CHP ilə hərbi çevrilişdən sonra qapadılmış DP-nin yerində qurulan Ədalət Partiyası (AP) ölkəyə ilk koalisiya təcrübəsini yaşatmışdılar. Hər iki partiyanın öz tərəfdarlarına “koalisiyanın lüzumunu” izah edə bilmələri lazım idi, istiqlal savaşının qəhrəmanı, Türk siyasətinin ən təcrübəli siması (koalisiya mərhələsinə gələnə qədər 14 il baş nazirlik, 12 il prezidentlik təcrübəsi) olan CHP lideri İsmət İnönü partiyasının məclis fraksiyasındakı çıxışında üzünü 1954-cü ildəki seçki ərəfəsində atası başına dəmirlə vurularaq öldürülən Gümüşhanənin gənc millət vəkili Nurəttin Özdəmirə tutaraq belə demişdi :”Geçmişdə aramızda bu qovğa oldu, o qovğa oldu”- deyərsinizsə və millət vəkilləri bir-birinə salam verməzsə, onda Kəlkitdə (Gümüşhanə vilayətinin qəsəbəsi) bir-birlərinə güllə atarlar. Mənim bunları zövqlə etdiyimi düşünürsənmi? Mən özəl həyatımda əlini sıxmaq istəmədiyim insanlarla dövlətin sağ-salamat ayaq üstündə qalması üçün qol-qola gəzməyə məcbur qalıram. Dövlət həyatı budur”. Nəticə: zidd qütblərdə siyasət yapan CHP-AP koalisiyasının hazırlayıb məclisdən keçirdiyi konstitusiya insan haqq və azadlıqları baxımından Türkiyənin bu günə qədərki ən demokratik konstitusiyası sayılır. 1964-cü ilin dekabrındakı qurultaydan 3 gün əvvəl vəfat edən AP lideri Ragip Gümüşpalanın yerinə partiyanın sədri seçilən 40 yaşlı Süleyman Dəmirəlin hökumətin məclisə təqdim etdiyi büdcə ilə bağlı müzakirələrdəki çıxışı CHP-AP koalisiyasının sonunu gətirdi; istefa edən baş nazir İnönünün yerinə kreslo Dəmirələ təklif edildi, ancaq Dəmirəl, millət vəkili olmamasını səbəb göstərərək, kreslonu rədd edincə, Suat Hayri Ürgüplü ölkəni 1965-ci ilin oktyabrındakı seçkiyə qədər aparan hökuməti qurdu.

Oktyabrdakı seçki Süleyman Dəmirəlin lideri olduğu AP-nin təkbaşına iqtidara gəlməsiylə nəticələndi. 4 il sonrakı seçkidən də birinci yerdə çıxan Dəmirəlin siyasi irəliləyişinin önünə ilk əngəl ordunun 12 mart 1971-ci ildə verdiyi ultimatumla çıxdı: istefa edən hökumətin yerinə əvvəlcə Nihat Erimin (33 və 34-cü hökumətlər), arxasınca Fərit Mələnin və ara dönəmi üçün son olaraq Naim Talunun koalisiya hökuməti qurulsa da, seçkiylə hakimiyyətə gəlmədiklərinə görə, o hökumətlərin istər cəmiyyətdə, istərsə də xaricdə etibarı yox idi. Türk siyasətinin o dönəmdəki ən önəmli hadisələrindən biri CHP baş katibliyindən istefa verən Bülənt Ecevitin, partiyanın 1938-ci ildən bəriki lideri İsmət İnönüyə qarşı rəqib olması və CHP sədri seçilməsiydi...

”Sağdan-sağa” koalisiyalar: “bitli yorğanlar”

1973-cü ilin oktyabrında keçirilən seçkidən də koalisiya hökuməti tablosu çıxdı. CHP bu dəfə siyasət tablosunun daha uc nöqtəsində olan bir partiya ilə koalisiya qurmağı uyğun gördü: din söyləmlərini öz siyasi fəlsəfəsinin mərkəzinə yerləşdirərək meydanlara “Osmanlıçılıq” xəyalıyla çıxan Nəcməttin Ərbakanın Milli Səlamət Partiyası (MSP) Ecevtin CHP-si ilə koalisiya hökuməti qurmağa razılıq verdi. 6 yanvar 1974-cü ildə qurulan CHP-MSP koalisiyasının gördüyü əsas iş- 20 iyul 1974-cü ildə Kipr sülh hərəkatını uğurla tamamlayaraq, Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının yolunu açmaq oldu. Türk ordusunun adaya desant çıxarmasıyla 1774-cü ildən bəri daima torpaq itirən Türklər ilk dəfə torpaq qazanmış olurdular. CHP-MSP koalisiyasının ömrü uzun olmadı, daha sonra Bülənt Ecevit bunu “Ərbakanın özünü baş nazir kimi apararaq, tez-tez problem yaratmasına” bağlayacaqdı. 10 ay ömrü olan ikinci sol-sağ koalisiyasının dağılmasından sonra növbə sağ partiyalar arasında koalisiya qurulmasına gəldi. Bu dəfə AP sədri Süleyman Dəmirəl Ərbakanın MSP-sinin yanına məclisdə 3 millət vəkiliylə təmsil edilən Alparslan Türkeşin MHP-sini də qataraq ictimaiyyət arasında “Milliyyətçi cəbhə” adlandırılan koalisiya hökumətini qurdu. Dəmirəl 1977-ci ildəki seçkidən sonra da eyni formatda bir hökumət qurdu; Türkiyədə qətllər ən çox “Milliyyətçi cəbhə” hökumətləri dönəmində baş verdi; sonralar Süleyman Dəmirəl qurduğu “Milliyyətçi cəbhə” hökumətlərini “siyasət həyatının ən böyük səhvləri” kimi xarakterizə edəcək, o hökumətlərə “Türkiyənin üstünə örtülmüş bitli yorğan” deməkdən özünü saxlaya bilməycəkdi. İkinci “Milliyyətçi cəbhə” hökumətinin istefasından sonra 1978-ci ilin yazında Bülənt Ecevit, AP-dən 11 millət vəkili transfer edərək təkbaşına hökumət qursa da, ictimai vicdan hökumətin transfer yoluyla qurulmasını qəbul etmədi. Ecevitlə bir-birinə salam vermədikləri atmosferdə qurulan o hökumət üçün Dəmirəl, “Moteldə qurulmuşdur”- deyirdi. AP-dən 11 millət vəkili transfer edərək təkbaşına hökumət qurmasına daha sonra Ecevitin özü də peşman olmuşdu. Ecevit hökumətinin 1979-cu ilin noyabrında istefa verməsindən sonra Süleyman Dəmirəl növbəti seçkiyə qədər azlıq hökuməti qurdu. Hökumətə qıraqdan dəstək verən Nəcməttin Ərbakan həftə səkkiz mən doqquz “Kadayıfın (paxlava növündən şirniyyat) altı qızarır, məclisdə etimadsızlıq bildirib hökuməti iş başından uzaqlaşdıracağam”-sözləriylə azlıq hökumətini təhdid etsə də, baş nazir Süleyman Dəmirəl, icra aparatının rəhbəri Turgut Özala hazırlatdırdığı 24 yanvar qərarlarını məclisdən keçirməyi bacarmış və Türkiyə qısa müddət sonra özünü liberal iqtisadiyyatın qayda-qanunlarının qucağında hiss etmişdi. 12 sentyabr 1980-cı ildə isə ordu ultimatum verməyi lazım bilmədən birbaşa hərbi çevrilişlə hakimiyyətə əl qoymuşdu.

Demokratiyaya keçid müddəti əvvəlki iki dönəmlə müqayisədə 1980-ci il hərbi çevrilişindən sonra bir qədər uzun çəkmişdi; 1983-cü ilin yazında yeni partiyaların qurulmasına icazə çıxan kimi siyasi cəhətdən yasaqlı olan Süleyman Dəmirəlin “Zəmin sürüşkəndir, məni gözləsin, özü partiya qurmasın”- sifarişlərinə baxmayaraq, Turğut Özal Ana Vətən Partiyasını qurdu, ordu generallarının başqa partiyanı dəstəkləmələrinə rəğmən 6 noyabrda keçirilən seçkidə təkbaşına iqtidarı əldə etdi. İqtidarın ilk dönəmini qarşısında aktiv müxalifət olmadan keçirdiyi üçün liberal iqtisadiyyat sahəsində qərarlı addımlar atan Özal, cəmiyyətdən gələn təzyiqlərə müqavimət göstərə bilməyincə , hərbi xuntanın siyasət yasağı qoyduğu Dəmirəl, Ecevit, Ərbakan və Türkeşin siyasət səhnəsinə qayıda bilməsi işini 1987-ci ilin sentyabrında referendumun ümidinə buraxdı. Xalq 50 min səs fərqiylə 60-70-ci illərin aktyorlarını yenidən siyasət səhnəsinə qaytardı. Liderlərin öz partiyalarını ayağa qaldırmasına fürsət vermək istəməyən Turğut Özal, referendumun nəticəsi açıqlanan kimi erkən seçki qərarı qəbul edərək, noyabrdakı seçkidə təkbaşına iqtidarını daha da gücləndirdi. Liderlərin yenidən arenaya dönmələri isə Özalın siyasətdəki reytinqinin azalmasına səbəb oldu. 1989-cu ilin martında keçirilən bələdiyyə seçkisində siyasi həyatının ilk məğlubiyyətini alan Özal, noyabrda partiyasının məclis qrupu tərəfindən ölkənin VIII prezidenti seçilərək daha böyük məğlubiyyətləri dadmaqdan yaxasını qurtardı...

Ən centlimen koalisiya

Ana Vətən Partiyasının (AVP) təkbaşına iqtidarını devirməyi hədəfləyən müxalifət partiyaları 1991-ci ilin oktyabrında keçirilən seçkidə partiyanın 8 illik fasiləsiz iqtidarına son qoydu. Seçkinin nəticəsi Türkiyə üçün yeni bir koalisiya demək idi, ancaq seçkidə ən çox səsi qazanaraq prezident Özal tərəfindən hökuməti qurma vəzifəsini alan Doğru Yol Partiyasının (DYP) lideri Süleyman Dəmirəl, Türkiyənin 49-cu hökumətini siyasət fəlsəfəsi baxımından DYP-nin əkizi olan AVP ilə yox, siyasi cəhətdən ən ciddi rəqibi olan İsmət İnönünün oğlu Ərdal İnönünün lideri Sosial-Demokrat Halkçı Partıyası (SHP) ilə qurdu . AVP ilə hökumət qurmaq- seçicilərin iradəsinə hörmətsizlik olardı, çünki Dəmirəl seçki meydanlarında xalqdan səsi “iqtidar partiyasını devirmək” şüarıyla istəmişdi. Yəni, 7 iyundakı seçkidə “AKP-ni devirmək” şüarıyla meydanlara çıxan MHP lideri Devlet Bahçelinin, seçkinin nəticələri açıqlanan kimi “AKP-filan partiya ilə hökumət qursun”- deməsi, 25 il əvvəlin siyasətçiləri üçün həm insanın özünə qarşı çıxması, həm də seçicisinə hörmətsizlik etməsi kimi dəyərləndirilməsi mənasını daşıyırdı. 1991-ci ildəki DYP-SHP koalisiyası Bahçeli məntiqsizliyi üzərində yox, Dəmirəl-İnönü məntiqi üzərində qurulmuşdu. O hökumətin fəaliyyətini yaxından izlədiyimə görə əminliklə deyə bilərəm ki, Türkiyədə koalisiya mədəniyyətini ən yaxşı əks etdirən hökumət məhz DYP-SHP koalisiyası olmuşdur. 17 aprel 1993-də Özalın qəfildən vəfatından sonra məclis 16 mayda Süleyman Dəmirəli prezident seçdi. Doğru Yol Partıyasının iyundakı növbədənkənar qurultayında Tansu Çillər partiya sədri seçilincə, prezident Dəmirəl yeni hökuməti qurma səlahiyyətini ona verdi. DYP-SHP koalisiyası Çillər-İnönü liderliyində yola davam etməsinə rəğmən, iyulda Ərdal İnönü “Koalisiyanı Dəmirəllə qurduğunu, Dəmirəl hökumətdə olmadığına görə, özünün də baş nazirin müavini vəzifəsində qalmasının düzgün olmayacağını” səbəb göstərərək baş nazirin müavini vəzifəsiylə birlikdə SHP liderliyindən də istefa verdi. SHP-nin sentyabrda keçirilən fövqəladə qurultayında Ankara bələdiyyə başqanı Murat Karayalçın sədr seçilərək baş nazirin müavini kreslosuna oturdu. 1995-ci ilin martında Karayalçının SHP-si ilə Dəniz Baykalın CHP-si birləşdilər, sentyabrda qurultay keçirmək şərtiylə birləşmə qurultayında partiyanın müvəqqəti sədrliyinə Hikmət Çətin gətirildi. Baş nazirin müavini vəzifəsinə də Hikmət Çətin təyin edildi, millət vəkili olmayan Murat Karayalçın isə hər şeydən kənarda qaldı.

Sentyabra qədər SHP-CHP birləşməsi tamamlandı, Hikmət Çətinin namizəd olmağa belə macal tapmadığı qurultayda Dəniz Baykal SHP-CHP birləşməsindən doğan partiyanın (CHP-nin) lideri seçildi. Baykalın ilk işi xırda bir bəhanə gətirərək, Çillərlə koalisiyanı pozmaq oldu. Buna cavab olaraq Çillər azlıq hökuməti qurdu, hökumət məclisdən etimad ala bilməyincə, erkən seçki qərarı qəbul etdi, seçkiyə qədərki 2 aylıq müddətdə isə Baykalın CHP-si ilə yeni koalisiya quruldu. 24 dekabr 1995- ci ildəki seçkidən Nəcməttin Ərbakanın Rifah Partiyası 22.8% səslə birinci yerdə çıxdı, seçki yenə koalisiya tablosuyla nəticələndi. Tansu Çillərin DYP-si ilə Məsut Yılmazın ANAP-ı təxminən eyni miqdarda səs almışdılar, Yılmazın 133, Çillərin 132 millət vəkili vardı. Bülənt Ecevitin Demokratik Sol Partiyası (DSP) 76, Dəniz Baykalın CHP-si isə 52 millət vəkiliylə məclisdə təmsil edilmişdilər. O seçkinin nəticəsinə həlledici dərəcədə təsir edən hadisə isə 27 mart 1994-cü ildə keçirilmiş bələdiyyə seçkisində Rifah Partiyasının namizədləri olan Rəcəp Tayyip Ərdoğanın İstanbul, Məlih Gökçəkin Ankara bələdiyyə başqanı seçilmələri olmuş və 24 dekabr 1995-ci ildəki parlament seçkisi ərəfəsində Nəcməttin Ərbakan bunu “Bələdiyyələrimiz dastanlar yazır”- şüarıyla nəğdə çevirə bilmişdi...

Havada benzin doldurmağa” icazə verilmədi

1996-cı il başlayarkən prezident Dəmirəl yeni hökuməti qurma səlahiyyətini Nərcməttin Ərbakana verdi. İş dünyası və ordu məclisdəki partiyaların RP ilə koalisiya qurmasının əleyhinə olduqlarını gizləmirdilər. Hökuməti qurmaq məqsədiylə məclisdəki partiyaların qapısını bir-bir döyən Nəcməttin Ərbakan, təxminən bir həftədən sonra bunun baş tutmayacağını görüb aldığı səlahiyyəti prezident Dəmirələ geri qaytardı. İş dünyasının DYP-ANAP koalisiyası üzərində təkid etməsinə baxmayaraq, proses uzandı və Tansu Çillərlə Məsut Yılmazın uzun-uzadı nazından sonra martda qəribə bir koalisiya quruldu; buna görə, Məsut Yılmaz baş nazir oldu, Çillər hökumətə girməyib baş nazirin müavini vəzifəsini Nahit Məntəşəyə verdi, 1 ildən sonra hökumət istefa verəcək, Tansu Çillər baş nazir olacaq, Məsut Yılmaz hökumətdən kənarda qalıb baş nazirin müavini vəzifəsinə öz adamını təyin edəcəkdi.

İllərin qurd siyasətçisi Ərbakan “Kənara çəkilib qəhvəmi içəcəm, əvvəl-axır mənim qapımı döyəcəklər”- deyib prosesləri müşahidə etməyə başladı. ANAP-DYP koalisiyası içində ilk gündən özünü göstərən etimadsızlıq qısa müddətdə cəmiyyətə də faş oldu və nəticədə hökumət 4 aydan sonra istefa verdi. Yubanmadan Nəcməttin Ərbakanın qapısını döyən Tansu Çillər, RP-DYP koalisiyasının qurulmasına da önayaqlıq etdi. 28 iyunda qurulan yeni koalisiyanın proqramını baş nazir Ərbakan 8 iyulda Məclisdə ənənəvi yumoristik üslubuyla oxuyandan sonra hökumət fəaliyyət başladı (RP-DYP koalisiyasının “seyrü səfəri” barədə daha əvvəl ətraflı yazdığıma görə, burada üzərindən keçirəm). Koalisiyaya ən böyük zərbə 28 fevral 1997-ci ildə 10.5 saat davam edən Milli Təhlükəsizlik Şurasının iclasında gəldi; “generalların Ərbakana verdiyi tövsiyyələrin həyata keçirilməsinin yubandığını” bəhanə edən DYP-dən olan bəzi nazirlər apreldə istefa verdi, getdikcə gücsüzləşən hökumət baş nazir Ərbakanın 30 iyunda istefa verməsi nəticəsində tarixə qarışdı. ”Təyyarəmizə havada benzin dolduracağıq”-sözləriylə istefa verən Ərbakan, yeni hökumətin qurulması səlahiyyətinin prezident Dəmirəl tərəfindən DYP lideri Tansu Çillərə veriləcəyini ümid etsə də, Süleyman Dəmirəl yeni hökuməti qurma səlahiyyətini ANAP lideri Məsut Yılmaza verdi. Daha bir keçmiş baş nazir-DSP lideri Bülənt Ecevit yeni hökumətdə Məsut Yılmazın müavini olmağı qəbul etdi. DYP-dən ayrılaraq Hüsaməttin Cindorukun liderliyində qurulmuş DTP də hökumətə girdi, CHP lideri Dəniz Baykal 8 illik fasiləsiz təhsil proqramını bir an əvvəl məclisdən keçirməsinin əvəzində hökumətə kənardan dəstək verdi. RP millət vəkili, 17 sentyabr 1961-ci ildə edam edilmiş keçmiş baş nazir Adnan Menderesin oğlu Aydın Menderes, bunu “Bülənt Ecevitin hökuməti” adlandırdı. Ana müxalifətə keçən Nəcməttin Ərbakan isə “Məsut Yılmaz ağıl öyrənmək üçün benzin stansiyasına baş çəkirmiş kimi hər gün Ecevitə baş çəkir”- sözləriylə yumoristik məharətini bir daha nümayiş etdirdi. Koalisiyanın ən böyük uğuru, Dəniz Baykalın da təzyiqiylə qəbul edilən 8 illik fasiləsiz təhsil qanunu oldu. 1998-ci ilin payızında mafiya lideri Ələddin Çakıcının Parisdə İnterpol tərəfindən yaxalanmasından sonra Türkiyədə cərəyan edən başdöndürücü hadisələr Məsut Yılmaz hökumətinin istefasıyla nəticələndi. Dəniz Baykalın təzyiq və təlqiniylə istefa vermiş hökumət 18 aprel 1999-cu ilə həm parlament, həm də bələdiyyə seçkisi təyin etdi...

Əsrin son koalsiyasından yeni əsrin təkbaşına iqtidarına

18 aprel 1999-cu ildəki seçkidən birinci yerdə Ecevitin DSP-sinin çıxacağı əvvəlcədən məlum olsa da seçkinin iki sürprizindən biri Milliyyətçi Hərəkat Partiyasının öz tarixində ilk dəfə seçkini ikinci yerdə tamamlaması ( və bələdiyyə seçkilərdə uğur qazanması) və Türkiyə Cümhuriyyətini quran CHP-nin ilk dəfə 10%-lik ölkə baryerini keçə bilməməsi oldu.

MHP-dən etiraz səslərinin yüksəlməsinə və DSP-dən, məsələn, Rahşan Ecevitin ağır sözlərinə rəğmən, Ecevit və Bahçeli koalisiya hökuməti qurmaq üçün razılığa gəldilər. Siyasətə dizayn verməyi xoşlayan Devlet Bahçeli Tansu Çillərin Doğru Yol Partiyası ilə Rəcai Kutanın Fəzilət Partiyasının (1998-ci ilin yanvarında Rifah Partiyasının Konstitusiya məhkəməsi tərəfindən qapadılmasıyla Nəcməttin Ərbakana 5 il siyasət yasağı qoyulmuşdu) “dincəlməsini” uyğun gördü. Ahəngdar şəkildə yoluna davam edən koalisiya ən böyük sıxıntını 19 fevral 2001-ci ildə yaşadı. Bank sistemindəki naqisliklərə görə, siyasi böhranla üzbəüz qalan Türkiyənin böhrandan çıxa bilməsi üçün Dünya Bankından dəvət edilən Kamal Dərvişin acı reseptlərini həyata keçirmək qaçınılmaz oldu. İqtisadi böhranın dərin izlərini aradan qaldırmaq üçün təxminən 1.5 il lazım oldu. 2002-ci ilin yayında ölkə iqtisadiyyatı normallaşmaya başlayarkən baş nazir Ecevitin təkidlərinə baxmayaraq, baş nazirin müavini Devlet Bahçeli 3 noyabrı erkən seçim tarixi elan etdi (seçkinin normal vaxtına 1.5 il vardı). 14 avqust 2001-ci ildə siyasi cəhətdən yasaqlı olan Rəcəp Tayyip Ərdoğanın liderliyində qurulan AKP 15 aydan sonra seçki sisteminin naqisliyinin və 10%-lik ölkə bariyerinin gətirib-gəldiyi “naxışla” 34.2% səs alaraq məclisin üçdə ikisinə hakim oldu və təkbaşına iqtidara gəldi. 12.5 illik AKP iqtidarı 7 iyun 2015-ci ildəki seçkidə sona çatmalı idi. Ancaq...

”Sərt mühafizəkarlıqdan sola” koalisiya olmadı

Türk siyasətində formalaşmış ənənəyə görə, prezident seçkidən birinci yerdə çıxan partiyanın liderinə ən gec bir həftə içində yeni hökuməti qurma səlahiyyətini verir. Bu ənənəni ilk dəfə 7 iyundakı seçkidən sonra mövcud prezident Ərdoğan pozaraq, yeni hökuməti qurma səlahiyyətini seçkidən düz 32 gün sonra-9 iyulda AKP lideri Davudoğluna verdi. Əhməd Davudoğlunun hökumət qurma tərzi də sələflərinə bənzəmədi. 13 iyulda seçkidən ikinci yerdə çıxan Cümhuriyyət Xalq Partiyasının lideri Kılıçdaroğluyla görüşməsindən sonra siyasət müntəxabatına “istikşafi” kəlməsini bəxş etdi; sözün gərəyi olaraq, AKP ilə CHP-nin müəyyənləşdirdiyi və partiyaların hər birindən 5 nəfərin daxil olduğu heyətlər bir-birlərini kəşfə başlayacaqdı. 1 ay boyunca 35 saat görüşən heyətlər hazırladıqları raportları öz liderlərinə təqdim etdilər. 10 avqustda Davudoğlu və Kılıçdaroğlunun 4 saat 20 dəqiqə davam edən görüşündən sonra 13 avqustda AKP-CHP koalisiyasının taleyinin müəyyənləşdirilməsi qərarlaşdırılmışdı. 13 avqustda Kılıçdaroğluyla görüşündən sonra kameraların qabağına keçən Davudoğlu “aralarında təxminən 100 illik rəqabət olan iki partiya arasında koalisiya qurulmasının mümkün olmayacağını” açıqlayana qədər nəticə bu işlərlə məşğul olanlara çoxdan bəlliydi. Əhməd Davudoğlu, CHP ilə koalisiya hökuməti qurmaq üçün, xüsusilə xarici siyasət və təhsil sahəsində dərin anlaşmazlıqları olduğunu vurğuladı. Maraqlıdır ki, bir ay əvvəl CHP ilə bir-birlərini kəşfə başladıqlarını iddia edən Davudoğlu 13 avqustda CHP ilə aralarında təxminən 100 illik anlaşmazlıqlar olduğundan danışırdı. Bir aylıq “istikşafi” müzakirələrin gəldiyi nöqtə “100 illik rəqabəti” kəşf etmək olmuşdusa, demək ki, 35 saatlıq görüşlərdə koalisiya məsələlərinə çox az vaxt sərf edilmişdi. AKP-CHP koalisiyasının qurulmamasına rəğmən Əhməd Davudoğlu bir aylıq “istikşafi” görüşləri mədəni üslubu və nəzakəti baxımından “Türk demokratiya tarixinin ən önəmli hadisəsi” kimi xarakterizə etdi.

Qurula bilməyən koalisiya Türk demokratiya tarixini zənginləşdirmişdi.

O zənginləşdirmə Türkiyəni 1 il içində ikinci dəfə seçkiyə aparacaq.

İqtisadiyyat bunun altından qalxa biləcəkmi?

Yaxşı xatırlayıram, 90-cı illərin axırlarında prezident Süleyman Dəmirəl Yunanıstanı örnək verərək deyirdi ki, seçkidən qorxmaq lazım deyil. Yunanıstan 2 ildə 3 dəfə seçki keçirərək demokratiyasını yerli-yerinə oturtdu.

Bu da ironik bir xatırlarma olmadı ki?

Şəxsən mənim üçün bu proseslərin ən rəngli siması Devlet Bahçeli oldu.

Siyasət bazarına hər gün yağdırdığı təlimatlarla.

İftixar etdim...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR