Paris terrorunun kölgəsində qalan "G20"nin Antalya sammitinin iqtisadi gündəmi - TƏHLİL

Paris terrorunun kölgəsində qalan "G20"nin Antalya sammitinin iqtisadi gündəmi - TƏHLİL
# 17 noyabr 2015 09:20 (UTC +04:00)

Bildiyiniz kimi “G20”yə ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Çin, Rusiya, Argentina, Braziliya, Avstraliya, Cənubi Afrika Respublikası, Braziliya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və İndoneziya daxildir. Baxmayaraq ki, hər şeydən əvvəl “G20” iqtisadi sammitdir, Antalyada keçirilən toplantı daha çox Suriya və İraqda davam edən müharibə, terrorla mübarizə və miqrasiya böhranının həllinə həsr olunmuş müzakirələrlə yadda qalıb. Fransada baş verən terror aktı isə bu məsələdə koordinasiyanın, dünya nəhənglərinin terrora qarşı birgə mübarizəsinin vacib olduğunu bir daha təsdiqləyib.

Terrorla mübarizə

Antalya sammitinin ilk iclası Parisdəki terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra "G20"yə daxil olan ölkələrin rəhbərləri terrorla mübarizədə birləşməyin vacib olduğunu bəyan ediblər. Bununla bağlı ayrıca bəyanat da imzalanıb. Bəyanatda ölkələrin terror aktlarının qarşısını almaq üçün birgə və sıx əməkdaşlıq edəcəyi vurğulanıb. Liderlər sərhədlərdə yoxlama, aviasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də terrorçuların maliyyə mənbələrinin kəsilməsi barədə razılığa gəliblər.

Almaniya kansleri Angela Merkel çıxışı zamanı İŞİD probleminə toxunub. O, Antalya sammitində hər hansı terror formasından daha güclü olduqları barədə siqnal verdiklərini qeyd edib: "Bu gün Avropada miqrant böhranının əsas səbəbi İŞİD-in fəaliyyəti, Suriya və İraqda baş verən müharibələrdir. Biz İŞİD-ə qarşı mübarizədə gücümüzü birləşdirməliyik".

İtaliya baş naziri Matteo Rentsi də terrora qarşı mübarizədə səylərin birləşdirilməsinin vacib olduğunu vurğulayıb: “Avropadan olan tərəfdaşların birgə səyləri ilə terrora qalib gələ bilərik. Bu mövzu yaxın aylarda, hətta önümüzdəki illərdə də gündəmimizdə qalacaq. Hazırda çox mürəkkəb anlar yaşayırıq, hansı ki, bizdən ağıllı məntiq və ölçülmüş yanaşma tələb edir”.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə maliyyə sektorunu, iş adamlarını yoxsulluq və işsizliklə mübarizəyə yardım etməyə çağırıb. O, yoxsulluq və işsizlik kimi faktorların terror aktlarına yardım etdiyini vurğulayıb.

Sammitdə terrorla mübarizədə birgə əməkdaşlığın, səylərin birləşdirilməsinin vacibliyi qeyd olunsa da, İŞİD təhlükəsinə qarşı birgə mübarizə barədə fikirlər səslənsə də, Suriya böhranının həllində Qərblə Rusiya arasında fikir ayrılığının hələ də davam etdiyi məlum olub. Belə ki, Qərblə Rusiya arasında Bəşər Əsədin Suriyanın gələcək taleyində rolu barədə dərin fikir ayrılıqları qalmaqdadır. Qərb Əsədin hakimiyyətdə qalması, Rusiya isə hakimiyyətdən getməsi ilə razılaşmaq istəmir. Sammit çərçivəsində aparılan müzakirələrdən, liderlərin çıxışlarından və mətbuata açıqlamalarından də məlum olur ki, Suriyada hərbi əməliyyatları həyata keçirən Rusiya ilə Qərbin İŞİD terroruna qarşı vahid koalisiyada yaxın perspektivdə iştirakı qeyri-mümkündür. Rusiya prezidenti Vladimir Putinin sammitin yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər belə deməyə əsas verir. Putin Qərbi İŞİD terroruna qarşı mübarizədə qeyri-səmimi olmaqda günahlandırıb. O, İŞİD-ə qarşı hərbi əməliyyat keçirən Qərb dövlətlərinin Rusiyadan terrorçuların mövqeləri barədə informasiyaları gizlətdiyini bildirib. Putin terrorçuların 40 ölkədən olan fiziki şəxslər tərəfindən maliyyələşdirildiyini, bu ölkələrin məhz "G20r"ə daxil olduğunu qeyd etməsi isə Rusiya ilə Qərb arasında uçurumun daha da dərin olduğunun göstəricisidir.

Miqrasiya böhranı

"G20" ölkələrinin liderləri Avropada qaçqın böhranının böyük miqyasda olduğunu da qeyd ediblər. Onlar miqrasiya yükünün bütün dövlətlər arasında bölüşdürülməsinin vacibliyini vurğuladılar. “Bilirik ki, artıq vaxt yoxdur. Miqrant axınından ən çox əziyyət çəkən ölkənin lideri Avropa İttifaqı çərçivəsində qaçqınların bərabər bölüşdürülməsini tələb edib. "G20" milyonlarla məcburi köçkünə ümid vermək üçün fəaliyyətə keçməlidir”, - deyə A. Merkel bildirib.

Sammitin kommünikesində də “G20” liderlərinin qaçqınlara yardımın artırılması, onların işlə təmin olunması və mövcud problemlərin qlobal böhranın həlli yolunda ilk addım olacağı xüsusi vurğulanıb.

Qeyd edək ki, bu il Avropaya 1 milyona yaxın qaçqının gələcəyi bildirilir. Qonşu Türkiyə isə artıq Suriyadan 2 milyondan çox qaçqın qəbul edib. 2017-ci ildə qaçqınların sayının 3 milyona çatacağı gözlənilir.

Dünya iqtisadiyyatı

Dünya maliyyə bazarında mövcud qeyri-müəyyənlik və dünya ölkələrinin əksəriyyətində iqtisadi artımın yavaşlaması təhlükəsi fonunda "G20" liderləri 2018 ilədək qarşılarına 2 faizlik artım məqsədi qoyacaqlarını bəyan ediblər. "Son proqnozlara baxmayaraq, qlobal iqtisadi artım qeyri-bərabərdir və gözləntilərimizə cavab vermir. Qlobal tələbin kəsiri və struktur problemləri potensial inkişafa təzyiq göstərməkdə davam edir", - deyə sammitin yekun kommünikedə qeyd olunub.

İqlim dəyişikliyi

İqlim dəyişikliyi Antalya sammitinin iqtisadiyyatdan kənar ən vacib məsələlərindən biri olub. Tərəflər hər hansı yeni razılığa gəlməsələr də, liderlər zərərli tullantıların həcminin azaldılmasının vacibliyini qeyd edib. Məsələn, Hindistanın baş naziri Narendra Modi bərpa olunan enerji mənbələrinin istifadəsi üçün texnologiyaların əldə edilməsi və maliyyə ilə təminatının vacibliyini vurğulayıb. Onun fikrincə, ölkələr bu məqsədlə 2020-ci ilədək 100 mlrd. dollar ayırmalıdır.

"G20" və Azərbaycan


Azərbaycanın ilk dəfə qatıldığı "G20" sammitini ölkəmiz üçün uğurlu hesab etmək olar. Prezident İlham Əliyev dünya nəhənglərinin qatıldığı tədbirdə beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətləri, ölkədə həyata keçirilən islahatlar barədə məlumatları və eyni zamanda qlobal məsələlərlə bağlı, xüsusi ilə də beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin vacibliyi haqqında fikirlərini çatdırıb. Sammit iştirakçıları həmçinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın məruz qaldığı terror barədə məlumatlandırılıb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak etdiyini, Əfqanıstanda beynəlxalq koalisiyaya qoşulan ilk ölkələrdən biri olduğunu qeyd edib. Prezident bildirib ki, Azərbaycan özü terrordan əziyyət çəkən ölkədir və bu terror Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir.

Dövlət başçısı erməni terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşının həlak olduğunu diqqətə çatdırıb. Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan İ. Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu bildirib: “Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur”.

"G20" liderlərinin diqqətinə Ermənistan dünyanın bir nömrəli beynəlxalq təşkilatı olan BMT tərəfindən qəbul edilmiş qərarlara əməl etməməsi çatdırılıb. Dövlət başçısı bu məsələnin ciddi olduğunu, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qeyd edib.

Beləliklə, dünya liderləri xeyli müddətdir unutmuş olduqları Dağlıq Qarabağ problemini, təhlükəliliyinə görə İŞİD terrorundan heç də geridə qalmayan erməni terroru barədə həqiqətləri bir daha duymuş, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə regionda ən vacib oyunçu olduğunu bir daha anlamış olublar.

Antalya sammiti Azərbaycan üçün təkcə siyasi və iqtisadi əməkdaşlıq baxımından faydalı olmayıb. Humanitar sahədə də dünya nəhəngləri ilə birgə keçirilən layihələrdə iştirak imkanı Azərbaycanın dünyada imicinin yüksəlməsinə müsbət təsir edib. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın Antalya sammiti çərçivəsində keçirilən humanitar tədbirlərdə iştirakını yüksək qiymətləndirmək olar.

Fərid Əkbərov, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR