Rusiya-Türkiyə gərginliyi: Hava döyüşündən sonra dəniz qarşıdurması - TƏHLİL

Rusiya-Türkiyə gərginliyi: Hava döyüşündən sonra dəniz qarşıdurması - <span style="color: red;">TƏHLİL
# 14 dekabr 2015 14:09 (UTC +04:00)

Dekabrın 13-də Egey dənizinin neytral sularında baş verən hadisə Rusiya-Türkiyə münasibətlərində yaranmış böhranın səngiməyə üz tutmadığını, əksinə, Rusiya tərəfinin addımları ilə gərginliyin yüksələn xətt üzrə davam etdiyini göstərir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən bazar günü səhər saatlarında Egey dənizində, Yunanıstanın Lemnos (Limni) adasının 22 kilometrliyində lövbər salan, Rusiyanın Qara dəniz donanmasına məxsus “Smetlivıy” hərbi gəmisi 1 km uzaqlıqda Türkiyəyə məxsus balıqçı gəmisinin sürətlə yaxınlaşdığını görüb. Türk balıqçı gəmisinin əvvəlcə ratsiya vasitəsilə, sonra isə fənər işığı və fişənglə edilən xəbərdarlıqlara məhəl qoymayaraq Rusiya gəmisinə doğru irəliləməyi davam etdirdiyi bildirilib. İki gəmi arasında məsafə 600 metrə qədər azalarkən Rusiya dənizçilərinin atıcı silahdan xəbərdarlıq məqsədilə atəş açdığı və yalnız bundan sonra Türkiyə gəmisinin öz istiqamətini dəyişdiyi iddia edilib. Hadisədən sonra Türkiyənin Rusiyadakı hərbi attaşesi Müdafiə Nazirliyinə dəvət edilərək nazir müavini Anatoli Antonov səviyyəsində qəbul olunub və ona sərt tonda etiraz bildirilib.

Rusiya Müdafiə Nazirliyinin insident barədə rəsmi açıqlamasını məntiq çərçivəsinə oturtmaq o qədər də asan deyil. Anlamaq olmur ki, silahsız və kiçik ölçülü balıqçı gəmisi hansı məqsədlə artilleriyadan tutmuş, raketlər və torpedolara qədər, hər cür arsenala malik böyük hərbi gəmi ilə toqquşmağa çalışırmış? Məsələnin siyasi tərəfi bir yana qalsın, türkiyəli balıqçılar belə bir toqquşmanın həm özləri, həm də çörək “ağac”ları olan gəmiləri üçün hansı aqibətlə nəticələnəcəyini bilməyəcək qədər sədəlövhdürmü? Bu hadisə və Moskvadan verilən reaksiyalar göstərir ki, Rusiya tərəfi Türkiyə ilə yaranan gərginliyin azalmasında hələlik maraqlı deyil və qarşı tərəfi hərbi avantüraya çəkib, ona hansısa şəkildə cavab verərək, bir növ, hesabı bərabərləşdirməyə çalışır. Noyabrın 24-də Türkiyəyə məxsus “F16” qırıcısı tərəfindən vurulan “Su-24” bombardmançısının qisasını yerdə qoymamaq, Gürcüstan və Ukraynaya hərbi müdaxilələrlə hamıya qorxu salan Kreml sahibinin zədələnən imicini və xarizmasını bərpa etmək niyyəti açıq görünür.

Olayın Türkiyənin güclü hərbi donanmaya malik olduğu Egey dənizində baş verməsi də maraqlıdır. Bu, əvvəla, Türkiyəyə meydan oxumaqdır. Aydındır ki, ehtimal olunan dəniz döyüşündə Rusiya gəmisi Egeydə say etibarilə çoxluqda olan Türkiyə donanmasına qalib gələ bilməz, üstəlik mərhum Brejnevin hakimiyyətinin ilk illərində (1966) ildə inşa olunmuş “Smetlivıy” gəmisini heç də modern dəniz vasitəsi saymaq olmaz. Digər tərəfdən, Türkiyə hökuməti hərbi qarşıdurmanın yaranacağı təqdirdə, Çanaqqala boğazından keçmək üçün ondan icazə gözləyən Rusiya gəmisinə bu icazəni verməyə də bilər. (Ümumiyyətlə, Montre Konvensiyasına əsasən Türkiyə hökuməti müharibə təhlükəsi hiss etdiyi təqdirdə, eləcə də müharibə baş verəcəyi halda, boğazları qarşı tərəfin gəmilərinə bağlamaq hüququna malikdir.) Əlbəttə ki, Rusiya tərəfi bunu bilməmiş deyil. Bəs, belə təhlükəli addımlara getməkdə məqsəd nədir?

Görünən odur ki, Rusiya hərbi müstəvidə təhrikedici addımlara başlayıb və lokal da olsa, hərbi toqquşmanın baş verməsində maraqlıdır.

Xatırlatmaq yerinə düşər ki, dekabrın 4-də İstanbul boğazından keçən Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisinin göyərtəsində bir əsgər təhrikedici şəkildə şəhərə doğru çiynində hava hədəflərini vurmaq üçün nəzərdə tutulan “İqla” zenit-raket kompleksi tutmuşdu. Görünən odur ki, Rusiya hərbi müstəvidə təhrikedici addımlara başlayıb və lokal da olsa, hərbi toqquşmanın baş verməsində maraqlıdır. Prezident Putin dekabrın 3-də Federasiya Şurasında çıxış edərkən “Türkiyə təkcə pomidorlarla canını qurtara bilməyəcək”, deyərək təkcə iqtisadi sanksiyalarla kifayətlənməyəcəklərinə açıq işarə vurmuşdu. Hazırda bu bəyanatdan irəli gələn addımlar - Rusiyanın həm hərbi, həm də diplomatik müstəvilərdə Türkiyəyə qarşı ciddi təzyiq siyasətinə başladığı müşahidə olunmaqdadır. Moskva Türkiyəni yeni bir güc tətbiqinə təhrik etməyə çalışır ki, həm bu ölkənin Rusiyaya qarşı nə qədər aqressiv olduğunu və müharibə təhlükəsi yaratdığını beynəlxalq ictimaiyyətə sübut edib, Ankaranı NATO üzrə müttəfiqlərinin dəstəyindən məhrum etsin (və ya bu dəstəyi zəiflətsin); həm də öz növbəsində Türkiyəyə hərbi xarakterli cavab zərbəsi endirmək üçün haqlı, qanuni əsas qazansın. Kifayət qədər ciddi beynəlxalq məsələlərin, xüsusən Suriya düyünü kimi az qala bütün dünyanı etkiləyən ağır problemin mövcud olduğu bir vaxtda Türkiyə ilə Rusiya arasında gərginliyin artaraq hərbi toqquşma səviyyəsinə yüksəlməsi Qərb dövlətlərinə qətiyyən lazım deyil. Doğrudur, ABŞ (Qərb) geosiyasət “mühəndis”ləri və strateji planlaşdırma ilə məşğul olan xüsusi dairələri Putinin neoimperialist ambisiyalarını “cilovlamaq” üçün Rusiya dövlətinin zəifləməsində və ənənəvi geosiyasi rəqabətdə uduzmasında maraqlıdır, hazırda bu siyasət yeridilir, lakin Rusiya ilə hərbi toqquşma həm Vaşinqtonda, həm də Avropa paytaxtlarında arzuolunmaz ssenaridir. Bu halda NATO ilə Rusiyanın üz-üzə gəlməsi təhlükəsi yaranacaq ki, belə bir qarşıdurmada Putin kimi liderin təkcə konvensial vasitələrlə kifayətlənməyərək taktiki nüvə silahına əl atması da istisna edilmir. Türkiyə “Su-24”lə bağlı insidentdə NATO üzrə müttəfiqləri tərəfindən dəstəkləndi, lakin gərginlik yüksələn xətlə davam edərsə və üstəlik, bu gərginliyə Türkiyənin atdığı addımların səbəb olduğu anlaşılarsa, Qərb Ankaraya siyasi və hərbi dəstəyini ciddi şəkildə azalda bilər ki, bu da Rusiya kimi güclü rəqiblə mübarizədə Türkiyənin təklənməsi demək olardı.

Ankara gərginliyin azalmasını istəsə də, Rusiya cavab zərbəsi endirmək və Türkiyəni cəzalandırmaq üçün zəmin yaratmağa çalışır.

Türkiyə siyasi və hərbi rəhbərliyi bütün ehtimalları nəzərə alaraq və qarşı tərəfin ata biləcəyi addımları hesablayaraq çox ehtiyatla hərəkət edir. Egeydəki hadisəyə Ankaradan gələn ilk reaksiyalar çox yumşaqdır, hətta hadisənin “qəhrəmanı” olan “Geçiciler 1” balıqçı gəmisinin kapitanı ümumiyyətlə, qeyri-adi bir hadisənin baş vermədiyini və atəş səsi eşitmədiklərini bildirib. Böyük ehtimalla kapitana bu cür açıqlama vermək məsələnin tez bir zamanda gündəmdən çıxmasını istəyən ölkə rəhbərliyi tərəfindən tapşırılıb. Lakin bu gün Qara dənizdə baş verən daha bir insident – Krımdakı enerji şirkəti “Çernomornefteqaz”ın çalışma sahəsinə daxil olaraq onun fəaliyyətinə əngəl törətdiyi və toqquşma riski yaratdığı iddiasıyla Türkiyə ticarət gəmisinin Rusiya sahil mühafizə kateri və hərbi gəmisi tərəfindən istiqamətini dəyişməyə məcbur edilməsi Moskvanın gərginliyin səngiməsinə yol vermək istəmədiyini və nəyin bahasına olursa olsun, Türkiyəni cəzalandırmaqda qərarlı olduğunu göstərir.

Şahin Cəfərli, APA Analitik Qrupu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR