Manat rubl və təngədən sağlamdır - TƏHLİL

Manat rubl və təngədən sağlamdır - <span style="color: red;">TƏHLİL
# 25 yanvar 2016 11:13 (UTC +04:00)

Son günlər Rusiyada rublun dollara qarşı kəskin ucuzlaşması bütün mütəxəssislərin diqqətini cəlb edib. Nəticədə Rusiyada iqtisadi problemlərin kəskinləşməsi, o cümlədən büdcə sahəsində darlaşma ehtimalının yaranacağı barədə fikirlər güclənib. Bu prosesin əsas səbəbi kimi neftin dünya bazarında ucuzlaşması göstərilir. Belə olan təqdirdə, analoji proseslərin digər neft ixrac edən ölkələrdə hansı formada getdiyini araşdırmaq aktuallıq kəsb edir. İlk növbədə gedən prosesləri Azərbaycan və Qazaxıstanın timsalında araşdırmaq lazımdır, çünki bu ölkələrdə problemlər eynidir. Amma bir ciddi fərqlə - əgər Rusiya və Qazaxıstanda vəziyyət artıq faciə xarakteri almaqdadırsa, Azərbaycanda durum nisbətən sağlamdır.

Bunu statistik rəqəmlər sübut edir. Aşağıdakı üç qrafikdə rublun, təngənin və manatın dollara qarşı son bir ayda dəyişən dinamikası göstərilib. Prosesi bir təqvim ayı çərçivəsində araşdırmaq daha obyektiv nəticələrə gətirib çıxarar, çünki manatın devalvasiyasından düz bir ay keçib və bu müddət ərzində manatın dinamikasını müşahidə etmək mümkün olacaq.

Göründüyü kimi, bu ölkələrdə milli valyutaların dollara qarşı ucuzlaşması baş verir, hətta Rusiya və Qazaxıstanda dinamika tam oxşardır. Azərbaycanda artım müəyyən mənada daha kəskin olub, çünki ay ərzində dolların məzənnəsinin yalnız artımı müşahidə olunurdu, amma digər tərəfdən yekun artım digər ölkələrlə müqayisədə Azərbaycanda dəfələrlə zəif olub. Belə ki, təqvim ay ərzində rubl dollara qarşı 17,3%, tenqe 12,3%, manat isə 3,4% ucuzlaşıb. Qrafiklərdən göründüyü kimi, ötən ilin son günlərində rublun sabitliyi, tenqenin isə bahalaşması baş verib. Deməli rublun və təngənin ucuzlaşması əsasən bu il qeydə alınıb. Təkcə yanvar ayının göstəricilərini götürsəydik, o zaman təngənin 12% deyil, daha çox ucuzlaşdığını görmək olar.

Şübhəsiz ki, yaranan vəziyyətinin yeganə səbəbi neftin ucuzlaşması prosesinin davam etməsidir. Bunun iki əsas fakt sübut edir. Birincisi, araşdırılan müddət ərzində dollar avroya qarşı yalnız 0,9% bahalaşıb. Beləliklə, valyutaların ucuzlaşmasında dolların obyektiv möhkəmlənməsinin rolunu minimaldır. İkincisi, həmin müddət ərzində neft 13-14% ucuzlaşıb. Belə ki, yanvarın 1-dən WTI markalı neftin bir bareli 13%, Brent markalı neft isə 13,7% ucuzlaşıb. Beləliklə, neftin ucuzlaşması milli valyutaların dollar qarşısında dəyər itirməsinin əsas və yeganə səbəbdir. Ölkələr bu amili etiraf edərək, tədbirlər görməlidir. Amma müqayisə olunan üç ölkənin timsalında bu işi yalnız Azərbaycanın rəhbərliyi edir. Məsələn, prezident İlham Əliyev Davos Forumunda çıxışında yaranan problemlərə toxunaraq bəyan edib ki, son 10 ildə manat dollara qarşı xüsusi çəki əldə edib. Bu, həm də bir qədər qeyri-təbii idi. “1 manat 1,3 dollar idi. Birinci devalvasiya manatla dolları bərabər etdi. İkinci devalvasiya isə həm də qonşu ölkələrin milli valyutalarının düşməsi səbəbindən baş verdi. Çünki bu səbəbdən bizim məhsullar rəqabət gücündə olmurdu. Bu isə bizim büdcəyə əlavə yük idi. Mümkün qədər müqavimət göstərməyə çalışırıq. Milli Bank ehtiyatımızdan bir qədər itirməli olsaq da, bu tədbirləri görməli idik. Bu səbəbdən də əhali arasında müəyyən narahatlıqlar yarandı. Çünki bu, bizim idxal etdiyimiz məhsulların qiymətinə dərhal təsir etdi. Biz hələ də müəyyən məhsullarla bağlı xarici bazardan asılı ölkəyik. İnsanlarımız qiymətlərin qalxmasına hazır deyildilər. Ancaq indi bu mərhələ bitib. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olacaq”, - deyə prezident bəyan edib.

Rusiyada isə, deyəsən, “heç nə görmürəm, heç nə bilmirəm” siyasəti davam edir, halbuki rublun bu dərəcədə kəskin dəyərdən düşməsi Rusiyada böyük çaxnaşmaya səbəb olub. Müstəqil iqtisadçılar ölkədə iqtisadi böhranın, büdcə sahəsində uçurumu və digər prosesləri proqnozlaşdırırlar. Reallığa baxmayaraq, hökumət nümayəndələri müəmmalı bəyanatlarla kifayətlənirlər. Məsələn, prezidentin mətbuat-katibi Peskov bəyan edib ki, müşahidə olunan rublun ucuzlaşmasını uçurum kimi hesab etmək lazım deyil. Maraqlıdır ki, əgər üç həftə ərzində milli valyuta 17-18% ucuzlaşırsa, o zaman bu uçurum deyil, bəs nədir? Yaxud da Kreml hesab edir ki, uçurum hələ qabaqdadır. Yanvarın 21-də Rusiyanın Mərkəzi Bankında vəziyyətə həsr olunmuş iclas keçirib. Ondan bir gün əvvəl Rusiyanın Regional Banklar Assosiasiyası tərəfindən Mərkəzi Banka təxirəsalınmaz tədbirlərin görülməsi xahişi ilə məktub göndərilib. İclasda hər hansı qərar qəbul olunub? Yox. İclasda qərara gəliblər ki, “vəziyyət sabit və idarəolunandır”. Belə təəssürat yaranır ki, hökumət və Mərkəzi Bank hansısa digər reallıqlardan çıxış edir. Hələlik yalnız Maliyyə Nazirliyi həyəcan siqnalı verir, amma bu da əhali və iqtisadiyyatın naminə verilən siqnallar deyil. Sadəcə olaraq büdcəyə məhz Maliyyə Nazirliyi cavabdehdir və büdcənin sekvestr edilməsində bu qurum maraqlıdır. Ən yaxşı halda bəyan edilir ki, rublun dəyərdən düşməsi iqtisadiyyatda struktur problem olduğunu göstərir, bu isə dövlətin neft və qazdan böyük miqdarda asılılığının nəticəsidir. Bu barədə Maliyyə Nazirinin müavini Serqey Storçak bəyan edib. Mərkəzi Bankın rəhbərliyi isə faktları konstatasiya etmək və ritorik bəyanat verməklə kifayətlənir. Sadə dildə desək, bu artıq müqavimətin mümkünsüzlüyünün, gücsüzlüyün əlamətləridir.

Təngənin sürətlə ucuzlaşmasına nİsbətən real və əsaslı mövqeni Qazaxıstan baş naziri Kərim Məsimov səsləndirib. Onun sözlərinə görə, təngə hazırda tarazlıq nöqtəsi ətrafındadır və yaxın bir neçə həftə ərzində tam sabitləşəcək. Maraqlıdır ki, tenqenin devalvasiyasından 1,5 ilə yaxın vaxt keçib, amma tenqe hələlik sabitləşməyib. Bunun iki səbəbi var. Birincisi, dünya bazarında neftin oynayan qiyməti, ikincisi isə rublun məzənnəsidir. Bu amilləri K. Məsimov da etiraf edir və bildirir ki, bu, Qazaxıstanın Rusiya ilə birgə iqtisadi məkandan olmasından irəli gəlir. Bəyanlardan başqa Qazaxıstan hökuməti ölkə büdcəsinin bir neçə variantını testləşdirir, o cümlədən neftin qiymətinin 30, 25, 20 və hətta 16 dollar olduğu halında büdcə xərclərinin strukturunu nəzərdən keçirirlər. Bu ilin büdcəsində neftin qiyməti 40 dollardan götürülüb və fevral ayında cari vəziyyəti və yaxın perspektivləri nəzərə alınaraq büdcəyə yenidən baxılacaq.

Azərbaycanda isə yenidən baxılacaq büdcədə neftin qiymətinin 30 dollardan götürülməsi gözlənilir. Bu rəqəmi Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bəyan edib. Büdcəyə yenidən baxılmaqdan başqa artıq bir neçə addım atılıb və bu addımlar valyuta bazarını sabitləşdirmək məqsədi daşıyır. Atılmış addımlar sırasında ən önəmlisi Mərkəzi Bank tərəfindən maliyyə sistemini dollar kütləsi ilə təmin etməsidir. İqtisadiyyatda dollarlaşma səviyyəsi yüksəkdir və bununla mübarizə hələ uzun prosesdir. Amma indi valyuta sabitliyi təmin etmək üçün dollara olan tələbatı ödəmək lazımdır. Bunun üçün Mərkəzi Bank vaxtaşırı auksionlar keçirir və maraqlısı odur ki, son auksionlarda təklif tələbatı üstələyir. Belə ki, son auksionlarda Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən çıxarılan dolların kütləsi tam satılmır, deməli tələbat təmin edilir. Belə olan halda kommersiya bankları tərəfindən dolların satılmasına hər hansı məhdudiyyətlər olsa, bu tam olaraq əsassız və izah olunmayan addım olacaq.

Yuxarıda qeyd olunan manatın yanvar ayında ucuzlaşma tendensiyasının rubl və tenqe ilə müqayisədə daha zəif olduğu iki əsas səbəblə izah edilə bilər. Birincisi, Mərkəzi Bankın auksionlar vasitəsilə bazarı dollarla təmin etməsidir. İkincisi isə ondan ibarətdir ki, manatın dollara qarşı məzənnəsinin birdən birə 1,05 manatdan 1,55 manatadək endirilməsi gələcək azalma tendensiyasını bəri başdan neytrallaşdırıb. Yəni indiki məzənnə yarana biləcək azalmaları özündə artıq təsbit edib. Əgər dolların məzənnəsi, məsələn, 1,2-1,25 manat səviyyəsində müəyyən edilsə idi, bəlkə hazırda Rusiyada olan vəziyyət yaranmışdı. Əgər bu ehtimalımız doğrudursa, deməli indiki məzənnə reallığa yaxındır və manatın kursunun daha da aşağı düşməsi ehtimalı azdır. Daha bir amil ölkənin strateji ehtiyatlarıdır. Mərkəzi Bankın ehtiyatları 2015-ci ildə 2,8 dəfəyə yaxın azalıb. Bu faktdır və azalma ötən il ərzində manatın devalvasiyasının qarşısını almağa istiqamətlənən tədbirlər nəticəsində baş verib. Amma Neft Fondun ehtiyatları hələ də 30 mlrd. dollar təşkil edir və bu amil hətta beynəlxalq ekspertlər tərəfindən müsbət amil kimi vurğulanır.

Beləliklə, demək olar ki, Mərkəzi Bankının müxtəlif addımları, qəbul etdiyi qərarlar və gördüyü tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı yanvar ayını - ən kəskin postdevalvasiya dövrünü nisbətən ağrısız keçirilib. Bunu manatın yalnız 3 faiz ucuzlaşması sübut edir. Büdcənin real şəraitə uyğun azaldılması, neft gəlirlərinin devalvasiya hesabına manat ifadəsində daxilolmaların 1,5 dəfə artması, Mərkəzi Bankının və Neft Fondunun dollara olan tələbatı təmin edilmə qabiliyyəti kimi amilləri nəzərə alaraq Azərbaycanda makroiqtisadi sabitliyinin bərpa ediləcəyini proqnozlaşdırmaq olar.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR