Azərbaycana kiçik banklar lazımdırmı? - TƏHLİL

Azərbaycana kiçik banklar lazımdırmı? - <span style="color: red;">TƏHLİL
# 08 fevral 2016 09:56 (UTC +04:00)

Azərbaycanda bankların bağlanması prosesi artıq irimiqyaslı xarakteri alıb. Yalnız yanvar ayında 6 bankın lisenziyaları ləğv olunub. Sonradan isə bunların birinin - “NBC Bank”ın lisenziyası bərpa olunub və lisenziya bərpa olunduqdan sonra bu bank digər iki bankla konsolidasiya sazişi imzalayıb. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBC Bank" ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərarı (25 yanvar 2016-cı il tarixli, 06/3 saylı) ləğv edilib. Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq "NBC Bank" ASC-nin 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olmasını təsdiqləyən şəhadətnamə bərpa olunub.

Göründüyü kimi, Mərkəzi Bankın tövsiyəsi ilə kiçik bankların ya bağlanması, ya da birləşdirilməsi prosesi həyata keçirilir. Burada əsas kimi:

a) bank sisteminin təhlükə yarada biləcək banklardan təmizlənməsi,

b) öhdəliklərin, o cümlədən depozitlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ehtimalının qarşısını əvvəlcədən almaq kimi amillər göstərilir.

Nəticədə, bəzi banklar bağlanır, bəziləri birləşmək barədə danışıqlara gedir. Prosesin miqyası mexaniki olaraq sual doğurur: Kiçik bankların iqtisadiyyata lazımdırmı?

Bankların lisenziyalarının ləğv olunması, yenidən bərpa edilməsi, bəzi bankların konsolidasiya sazişləri imzalaması “ölkədə nə qədər bank lazımdır” sualını yenidən aktuallaşdırıb. Amma bu suala birmənalı və əsaslı cavab vermək hələlik mümkün deyil. Aydındır ki, ölkədə bankların sayı bəzi göstəricilərdən, o cümlədən ərazidən, əhalinin sayından, adambaşına düşən ÜDM-in həcmindən, iqtisadiyyatın miqyasından, qonşu ölkələrlə inteqrasiya səviyyəsindən və sair amillərdən asılıdır. Amma bu asılılığın hər hansı sərt düstur formatında müəyyən edilməsi mümkün deyil. Çünki bununla bağlı hesablama həm subyektiv, həm də səhv ola bilər. Məsələn, əgər bankların sayı iqtisadi inkişafdan əks proporsional asılılıq prinsipinə əsasən müəyyənləşsə, ABŞ-ın nümunəsi bu yanaşmanı alt-üst edəcək. Çünki dünyanın aparıcı iqtisadiyyatında nə az, nə çox, bir neçə min bank fəaliyyət göstərir. Almaniyada bankların sayı 2 mindən çox, Avstriyada isə minə yaxındır. Bu baxımdan “iqtisadiyyat nə dərəcədə sağlam və güclüdürsə, o iqtisadiyyatda bankların sayı bir o qədər az olmalıdır” yanaşması tam olaraq yanlışdır. Çünki kiçik banklarının iqtisadiyyatında rolu kifayət qədər böyükdür.

Bu fikrə Avropa və ABŞ-ın nümunəsində baxaq. Birincisi, kiçik bankların bir neçə funksional üstünlükləri var. Bu üstünlüklər resurslardan asılı olmamaq, kiçik personal və kiçik inzibati xərclər və ixtisaslaşmadır. İqtisadiyyata əsas fayda verən sonuncu amildir, amma Avropa və ABŞ-da ixtisaslaşma fərqli prinsiplərə əsaslanır. Belə ki, ABŞ-da ixtisaslaşma əsasən coğrafi prinsip əsasında qurulursa, Avropada bu, sahələr üzrə aparılır. Yəni ABŞ-da iri banklar federal miqyasında fəaliyyət göstərir, kiçik banklar isə faktiki olaraq ştatlar üzrə universal banklardır. Avropada isə kiçik banklar yalnız bir neçə sahə üzrə fəaliyyət göstərir, bəzi hallarda isə (ipoteka bankları) hətta yalnız bir sahəni əhatə edir.

Bundan əlavə kiçik banklar üçün ümumi “ixtasaslaşma” modeli var, çünki dünya bank praktikasına əsasən, kiçik bankların fəaliyyəti ilk növbədə ticarəti stimullaşdırmaq, ticarət sektorunu maliyyələşdirmək üzərində qurulub. Unutmaq olmaz ki, ticarət ikitərəfli prosesdir və ticarətin maliyyələşməsi də iki tərəfdən həyata keçirilir. İlk növbədə söhbət ticarətçilərin maliyyələşməsindən gedir ki, bu sahədə kiçik bankların rolu müstəsnadır. Xarici dövlətlərin praktikasına baxsaq, iri, hətta orta banklar kiçik ticarətçilərlə işləmir, bunun üçün xüsusi kiçik banklar var. Bu kiçik banklar olmasa, ticarətçilər yalnız öz vəsaitləri hesabına fəaliyyət göstərməli olacaqdılar.

Qeyd etmək lazımdır ki, ABŞ-da kiçik və orta sahibkarlıq ÜDM-in ¾-nü formalaşdırır, Avropada bu göstərici daha aşağıdır, amma yenə də 50 faizdən artıqdır. Buna görə də həm Avropada, həm Amerikada kiçik banklara xüsusi diqqət var, hətta ABŞ-da kiçik banklar üçün nəzarət proseduraları, normativləri və sair daha yumşaqdır. ABŞ-da kiçik bankların faydası o dərəcədə yüksək qiymətləndirilir ki, aşağı tənzimlə təhlükəsinə prinsipial baxılmır. Eyni zamanda ABŞ-da pərakəndə ticarətin iqtisadiyyatda rolu yüksəkdir, müstəsnadır, kiçik banklar isə, dediyimiz kimi, əsasən ticarət sektorunda maliyyələşməni əhatə edir. Nəticədə, ölkədə 7 mindən çox bank var, və burada ABŞ-da, dünyanın aparıcı iqtisadiyyatında heç bir problem görmürlər. Əksinə, bankların bağlanması iqtisadiyyatda böhran əlaməti kimi qiymətləndirilir, iqtisadiyyatda geriləmə isə bankların bağlanmasının əsas səbəbi kimi qiymətləndirilir.

Avropada bank nəzarəti nisbətən daha güclüdür, amma kiçik bankların fəaliyyətinə maneələr törədilmir. Əgər bankın cari vəziyyəti normativlərə cavab verirsə, onun fəaliyyət miqyası heç kəsi narahat etməyəcək. Çünki başa düşülür ki, kiçik banklar iqtisadiyyatını ayrılmaz bir hissəsidir. Bir amilə də toxunmaq lazımdır. İstehlak kreditləşməsi Avropada son dərəcədə yüksək inkişaf edib, kredit alanlara qarşı tələblər isə son dərəcədə yumşaqdır. Faktiki olaraq, kiçik bankların dəstəklənməsi bir sıra sahələrdə ticarəti dəstəkləmək demək anlamına gəlir. Yaxud əksinə, istehlak kreditləşməsinin sərtləşdirilməsi bəzi sahələrə mənfi təsir edir. Bu fakt həmçinin Azərbaycanda da müşahidə olunur. Məsələn, avtokreditləşmənin dayandırılması ölkədə avtomobil satışı sektorunu durğun vəziyyətə salıb, çünki əhalinin cari alıcılıq qabiliyyəti yüksək deyil. Əgər kiçik banklar istehlak kreditləşməsini daha da sərtləşdirsə, və ya kiçik bankların sayı nəzərə çarpan dərəcədə azalsa, məişət texnikası bazarını, mebel bazarını və digər sahələri də avtomobil bazarının vəziyyəti gözləyir. Bu isə o deməkdir ki, bu sahədə çalışan ticarətçilər, hətta istehsalçılar mallarını sata bilməyəcəklər. İstehlakın tələbatının maliyyələşdirilməsi iqtisadiyyatının irəli getməsinin əsas məqamlardan biridir, bu, Avropa və ABŞ bazarlarında illər ərzində təsdiqini tapan bir faktdır.

Azərbaycanda kiçik banklarının bağlanması bank sisteminin sağlamlaşdırılması ilə izah olunur, amma burada bir neçə məqam nəzərə alınmalıdır. Bəzi banklar öz formalaşmış müştəri bazasına və müştəri əhatəsinə malikdir, bank ləğv olunandan sonra həmin müştərilər maliyyəsiz qalacaq. Əksər halda bu müştərilər ya kiçik sahibkarlar, ya da istehlakçılardır. Kiçik bankların bağlanması hər iki halda ticarətə mənfi təsir ediləcək. Maliyyə sistemində şərti sağlaşma baş versə belə, real ticarət dövriyyəsində kiçilmə müşahidə olunacaq. Bu isə iqtisadiyyatın diversifikasiyası yolunda böyük maneədir, çünki digər amillərdən başqa bu proses həmçinin məşğulluğa da ciddi zərbə vurur. Bu, tək malların alınması üçün lazım olan kreditlərə aid deyil, bəzi banklar həm də nisbətən ciddi vəsait tələb edən xidmətlərə də kredit ayırır. Və bu kreditlər olmasa, bu banklar olmasa, xidmət göstərənlər işsiz qalacaq. Kiçik bankların bağlanması iki halda haqlı sayıla bilər - əhalinin alıcılıq qabiliyyəti yüksək olsun və vətəndaşların istehlak kreditləşməsinə ehtiyacı olmasın. Amma bu hallar nəinki Azərbaycanda, hətta Avropa və ABŞ-da da müşahidə olunmur.

Kiçik bankların bağlanması ilk növbədə istehlak kreditləşməsinə təsir edəcək, çünki bu proseslə ilk növbədə kiçik və orta banklar məşğuldur. Hazırda Azərbaycanda istehlak kreditlərin həcmi ümumi bank sistemi üzrə kredit portfelinin 38,6 faizinə, bank aktivlərinin isə 24,1 faizinə bərabərdir, ölkənin ÜDM-ə qarşı isə nisbət 15,5% təşkil edir. Avropa ölkələrində və ABŞ-da istehlak kreditləşmənin həcmi ÜDM-in 60-70 faizinə bərabərdir, bəzi ölkələrdə hətta ÜDM-ə bərabərdir. Düzdür, Avropa və ABŞ-da istehlak kreditlərinin böyük hissəsi ipoteka kreditlərinin payına düşür, amma adi istehlak kreditlərin payı da Azərbaycandan yüksəkdir. Bu onu göstərir ki, istehlak kreditlərinin və dolayı yolla kiçik banklarının iqtisadiyyatda rolu son dərəcə yüksəkdir.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR