AMEA-da Oljas Süleymenovla görüş keçirilib

AMEA-da Oljas Süleymenovla görüş keçirilib
# 25 aprel 2016 10:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Oljas Süleymenovla görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, görüş O. Süleymenovun 80 illiyi münasibəti ilə təşkil olunub, Azərbaycan alimləri yazıçının elmi və ictimai fəaliyyəti haqqında məruzələrlə çıxış edəcəklər: “Oljas Süleymenov Azərbaycan xalqının dostudur və o, ölkəmizdə hər zaman hörmət və ehtiramla qarşılanıb. Oljas Süleymenov böyük yazıçı, böyük alimdir. Onun əsərləri dəfələrlə Azərbaycan dilinə tərcümə edilib, çap olunub. Bütün türk dünyası haqlı olaraq bu böyük insanla fəxr edir. Oljas Süleymenov bütün dünyada türk ziyalılığını təmsil edir. Yazıçı ən çətin günlərdə Azərbaycan xalqının yanında olub, onun səsinə səs verib, bizim haqlı mövqeyimizi müdafiə edib”.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev O. Süleymenovun türk xalqlarının elmi və ictimai həyatındakı rolundan, ədəbi fəaliyyətindən danışıb, müəllifin Azərbaycan dövləti və xaqlı ilə münasibətlərini xüsusi vurğulayıb.

Görüşdə O. Süleymenov AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adı ilə təltif olunub.

Yazıçı görüşün təşkilinə, Azərbaycan elm və ədəbiyyat xadimlərinin fikirlərinə görə təşəkkürünü bildirib, Bakıya gəlməkdən məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR