AMEA-da Nikolay Qumilyova həsr olunmuş pedaqoji qiraətlər təşkil edilib

AMEA-da Nikolay Qumilyova həsr olunmuş pedaqoji qiraətlər təşkil edilib
# 26 aprel 2016 10:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış rus şairi, nasir, tərcüməçi və ədəbi tənqidçi Nikolay Qumilyovun anadan olmasının 130 illiyinə həsr olunmuş pedaqoji qiraətlər təşkil olunub.

APA-nın xəbərinə görə, tədbir AMEA Alimlər evi və Rusiyanın Azərbaycandakı səfirliyinin nəzdindəki İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.


Tədbiri giriş sözü ilə AMEA Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açıb. O, Nikolay Qumilyovun keçdiyi həyat yolu haqda tədbir iştirakçılarına məlumat verib.


AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Rahib Ulusel isə bildirib ki, N. Qumilyov öz yaradıcılığında əsrin hüdudlarından kənara çıxan mövzulara toxunub: “Sovet dövründə ideoloji qəliblər var idi. O bu qəliblərə sığmadığı üçün onu məhv etdilər. Onun taleyini bizim şairlər də yaşayıb. Nikolay Qumilyov Azərbaycanın Hüseyn Cavidi olub. O, Çar Rusiyasının süqutu və sovet dövlətinin yarandığı bir dövrdə yazıb yaratmış bir sənətkar olub. Bu faciəli toqquşma onun yaradıcılığında öz əksini tapıb. Elə buna görə də 1921-ci ildə onu güllələyiblər. Azərbaycanda Nikolay Qumilyovdan daha çox onun oğlu Lev Qumilyov tanınır və sevilir. Çünki onun əsərləri türk sivilizasiyasını öyrənmək üçün çox böyük mənbədir. Xüsusilə Azərbaycan haqda onun çox maraqlı fikirləri var. “Xəzər ətrafında 1000 il” adlı əsərində və başqa tədqiqatlarında Azərbaycan, Qafqaz, ümumiyyətlə türk dünyası haqda çox geniş məlumatlar var. Ümumilikdə, Nikolay Qumilyovun ailəsi faciəli bir tale yaşayıb. Onun həyat yoldaşı böyük rus şairi Anna Axmatova təqiblərə məruz qalıb. Övladları Lev Qumilyov isə 4 dəfə həbs edilib”.

Daha sonra tədbir mühazirələrlə davam etdirilib.

Tədbirdə Anna Axmatova və Lev Qumilyovun həyat və yaradıcılığına toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR