Ərdoğan qərarlılığı-TƏHLİL

Ərdoğan qərarlılığı-<span style="color: red;">TƏHLİL
# 06 may 2016 21:26 (UTC +04:00)

“Müsəlman məhəlləsi”ndəki üçüncü sınma

AKP sədri (lideri ola bilmədi) və baş nazir Əhməd Davudoğlunun 22 may tarixinə fövqəladə qurultay təyin etməsi Türk siyasətini içəridən izləyənlərin 90%-i üçün çox böyük sürpriz olsa da, qalan 10% işin bu nöqtəyə gələcəyini aylardan bəri yazmaqdaydı; gəlişmələri günbəgün təhlil edən “Cumhuriyet” yazarı Orhan Bursalının hədəfi tam tutdurduğunu deməliyəm. Bunu-xüsusilə AKP örnəyində- proqnozlaşdırmaq bir köşə yazarı-təhlilçi üçün əsla və qətiyyən asan iş deyildi. Çünki söhbət quruluşundan 1.5 il sonra iqtidara gəlib o iqtidarını 14 ildən bəri qorumasıyla yanaşı qurucu sədrini prezident kreslosuna oturtmuş və “Qol sınar, gipsin içində qalar”-monolitliyindən vaz keçməyən bir siyasi strukturdan gedirsə, 50% dəstəklə yeni iqtidarının sadəcə 6 ayını tamamlaya bilən bir hökumətin başçısı üçün də, partiyası üçün də, həmçinin ölkəsi və dünya üçün də bir silsilə dərin gəlişmənin mövcudluğunu inkar etmək ağıl və məntiq işi deyildir. Elə isə gəlişmələrə bir az geridən baxmaqda fayda vardır.

AKP sədri və Türkiyənin 64-cü hökumətinin başçısı professor Davudoğlunun 22 may tarixinə fövqəladə qurultay təyin etməsi və sədrliyə yenidən namizəd olmayacağını açıqlaması Türkiyədəki dini təmayüllü siyasətin tarixində “üçüncü sınma nöqtəsi”ni təşkil etmişdir. 16 may 2000-ci ildə islamçı siyasi hərəkatın yasaqlı lideri Nəcməddin Ərbakanın xəbərdarlıqlarına baxmayaraq, ”yenilikçilər” Abdullah Gülü Fəzilət Partiyasının sədrliyinə namizəd göstərib nəbz yoxlamış və Gülün 140 səslə uduzmasına baxmayaraq, atmosferin öz lehlərinə olduğunu görmüşdülər. Fəzilət Partiyasının qapadılmasıyla Ərbakanın yeni partiyasına getməyən “yenilikçilər”, bu dəfə “öz yasaqlı liderləri”, İstanbul bələdiyyəsinin keçmiş başqanı Rəcəb Tayyib Ərdoğanın liderliyində Ədalət və İnkişaf Partiyasını (AKP) qurmuş (15 avqust 2001), Fəzilət Partiyasının məclisdəki qrupunun əsas hissəsi AKP-yə qatılaraq, yeni siyasi hərəkata önəmli dərəcədə güc qazandırmışdılar. ”Müsəlman məhəlləsindəki ilk sınma” Ərdoğanın liderliyini və islamçı hərəkatın ilk təkbaşına iqtidarını özü ilə gətirib-gəlmiş, ”Sınma= iqtidar” formulu həyata keçmişdi. ”İkinci sınma” 10 avqust 2014-cü ildə Ərdoğanın prezident seçilməsindən sonra 28 avqusta qədərki mərhələdə AKP sədri və baş nazir olmağa hərarətli yanaşan Abdullah Gülün əl-qolunun bağlanması və Ərdoğanın “30 illik tale arkadaşına və qardaşa” heç bir manevr sahəsi buraxılmazkən yaşansa da, prosesləri strateji və taktiki dühasıyla yönləndirən Ərdoğanın xarizmatik ustalığı sayəsində AKP məhvərindən qopmalar yaşanmamışdı. Və “müsəlman məhəlləsindəki 3-cü sınma”nı 29 aprel- 4 may tarixləri arasında birbaşa prezident Ərdoğanın təşkil və idarə etdiyini gördük. Bunun qarşılığında, vida edərkən professor Davudoğlunun “Ərdoğana sədaqətdən” bəhs etməsi sanki kifayət etmədi, “onun ailəsi mənim ailəmdir”- sentimentalizmini də duyğulu anlara əlavə edilməsi lazım gəldi...

”Baş nazir Davudoğlunu necə bilirdiniz?”

Professor Davudoğlunun siyasi kimliyini xarakterizə etmək üçün 30 avqust 2015-də Beştəpə sarayında prezidentin verdiyi Zəfər bayramı ziyafətindəki bir “momentum”u çox uyğun görürəm: ippodromdakı gündüz mərasimində ana müxalifət lideri Kılıçdaroğluna mobil telefonundan nəyi göstərdiyini şoruşmuşduq. Türkiyənin çox ehtiyacı olan cavabı vermişdi: ABŞ-dakı nəvəmin telefonumdakı fotosunu hörmətli Kılıçdaroğluna göstərirdim, ailəliklə bir-birimizə gedib-gəlməyi qərarlaşdırdıq. Beynəlxalq məsələlər üzrə professor kimliyi ilə baş nazir Ərdoğana və xarici işlər naziri Abdullah Gülə baş müşavirlik yapdığı dönəmlərdən çox yaxşı tanıdığım Əhməd Davudoğlu 1 may 2009-cu ildə AKP hökumətinin millət vəkili olmadan nazir təyin etdiyi ilk şəxs olmuşdu. Baş müşavir kimliyi ilə də xarici işlər nazirliyi üzərində böyük nüfuz sahibi olan Davudoğlu, cümhuriyyət tarixinin ən aktiv və xarici siyasət paradiqmalarını gözünü qırpmadan dəyişdirən nazir kimi tarixdəki yerini alandan sonra 28 avqust 2014-də baş nazir kreslosuna oturar-oturmaz ali məktəb müəllimlərinin maaşlarını artırmaq barədə qərar qəbul etmişdi ki, bu da çıxdığı yerə duyduğu vəfanın göstəricisi kimi dəyərləndirilmişdi. Baş nazirlik dönəmində ölkəsinin bəşəri kriteriyalara sədaqətini nümayiş etdirməyə çalışdı-bunun bir çox örnəyini sadalamaq heç də çətin deyildir. Baş müşavir, nazir və baş nazirliyi dönəmində verdiyim sualları tərəddüdsüz şəkildə cavablandırdı. Əmin ola bilərsiniz ki, müşavir-nazir-baş nazir silsiləsində Azərbaycana və xüsusilə Qarabağa dair məsələlərə göstərdiyi diqqətdə Əhməd Davudoğlunu MHP lideri Bahçelidən daha səmimi, cəsur və qərarlı gördüm.

Əhməd Davudoğlunun vilayət və rayon təşkilatlarının sədrlərini təyin etmə səlahiyyətinin alınaraq fövqəladə qurultay çağırması və sədrliyə namizəd olmaması Türkiyədə prezident üsuli-idarəsinin önündəki psixoloji əngəlləri qaldırdı və bu işin infrastrukturunun döşənməsi mərhələsinə qədəm qoyma zərurətini özü ilə gətirib-gəldi. 5 mayın Türk siyasət tarixindəki önəminə bir neçə nöqtədən baxarkən bu faktorun ön plana çıxdığını görürük: 1991-də Ana Vətən Partiyası lideri və baş nazir Yıldırım Akbulut vilayət təşkilatlarının sədrləriylə əvvəlcədən sövdələşmədiyinə görə yarışda Məsud Yılmaza uduzmuşdusa, bildiyim qədəriylə, ilk dəfə bir iqtidar partiyasının lideri “can evi”ndən vurulmuş oldu. Bu vuruş prezident Ərdoğanı prezident üsuli-idarəsi hədəfinə çox ciddi şəkildə yaxınlaşdırdı...

Ən qərarlı adam: Rəcəb Tayyib Ərdoğan

Azərbaycan dilinə tərcümə etdiyim müsahibələrinin birində William Faulkner deyir ki, yazıçının məqsədi vardır, o, istədiyi əsəri yazmaq üçün hər şeydən vaz keçməyə hazırdır, təki əsər yazılsın. Bu nöqtədən baxanda Türkiyə prezidenti Ərdoğanın da məqsədi olduğunu görürük və o məqsədə çatmaq üçün Ərdoğanın hər cür qərarlı addımı atmağa hazır olduğunu hamı görür. Hörmətli Ərdoğan bu qərarlılığını 17 il əvvəl-1999-cu ilin aprelində Ali Məhkəmənin qərarıyla İstanbul bələdiyyə başqanlığından uzaqlaşdırılarkən keçirdiyi və xeyli tərəfdarının izlədiyi mətbuat konfransındakı “Bu şarkı burada bitməz”-manifestiylə nümayiş etdirərkən oradaydım. O ,heç vaxt qərarlılığından zərrə qədər geri addım atmadı; 4 aylıq həbsdən çıxandan sonra böyük oğlunu evləndirərkən ətrafında barmaqla sayılacaq qədər az adam varkən də, AKP-ni qurmaq üçün, yasaqlı olmasına rəğmən, liderlik missiyasının altına çiynini verəndə də birlikdə olmağı təklif etdiyi insanlara Türkiyənin idarə rejimini dəyişdirəcəyini açıq şəkildə deməkdən qətiyyən ehtiyat etmirdi. Ərdoğandakı bu qərarlılığın daha da güclənməsinə seçicilərin hər seçkidə ona verdiyi dəstəyin rolu müstəsnadır. Demokratiya ilə idarə edilən ölkələrdə siyasi liderlərin yorulması, xüsusilə iqtidardakı siyasi qurumların bir müddətdən sonra əpriməsi qaçılmazdır. Türkiyə prezidenti Ərdoğan öz fəaliyyəti ilə bu xüsusiyyəti alt-üst edən bir siyasətçi örnəyidir və bu baxımdan müasir dünyada örnəyinə az rast gəlinir. O, hər seçkidə qalib gəldikcə daha çox ruhlanır, oksimoronla desək, daha çox ruhlandıqca daha çox qalib gəlir, daha çox qalib gəldikcə öz məqsədinə daha çox yaxınlaşdığını hiss edib yenidən start nöqtəsinə dönür. Öz yerini təhvil verdiyi adam olması bir tərəfə, uzun müddətli iş yoldaşlıqları bir tərəfə, 6 ay qabaqkı seçkidən 50%-lik dəstəklə çıxaraq təkbaşına hökumət qurmuş bir partiyanın liderini fövqəladə qurultaya məcbur etmək- öz məqsədinə doğru gedən yolda hörmətli Ərdoğanın bəzi şeylərə qarşı duyduğu inamsızlıq və güvənsizliyin təzahürüdür ki, nəhəng bir ağacı yerindən çıxarmağa bənzər bir əməliyyatın düyməsinə tərəddüdsüz şəkildə basmasının səbəbini də ən yaxınındakı adama qarşı hiss etdiyi o inamsızlıq və güvənsizlikdə axtarmaq daha realist bir yanaşma olacaqdır.

Prezident Ərdoğan fürsət düşdükcə 10 avqust 2014-dən sonra Türkiyənin feili prezident üsuli-idarəsində yaşadığını deyirdi.

5 mayda o üsuli-idarənin siyasi formatı qəti şəkildə cızıldı.

Bundan sonra konstitusion və hüquq infrastrukturu gəldiyinə görə, əks tərəfdəki rəqiblərin topa daha sərt girəcəklərini təxmin etmək çətin deyil.

Bundan sonrakı toplara girişlər nə qədər sərt olsa da, baş rolda yenə onu görəcəyik: Rəcəb Tayyib Ərdoğan...

Mayis Əlizadə / APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR