İnvestisiyaların azalması nefti bahalaşdıracaqmı? - TƏHLİL

İnvestisiyaların azalması nefti bahalaşdıracaqmı? - <span style="color: red;">TƏHLİL
# 20 iyun 2016 10:18 (UTC +04:00)

2014-cü ilin ortasından neftin ucuzlaşması nəticəsində "Brent" markalı neftin qiyməti 115 dollardan 49 dollara enib, yəni 2,3 dəfə ucuzlaşıb. Bu, bütün neft hasil edən ölkələr üçün iqtisadi və maliyyə sarsıntıları törədib ki, nəticədə onların əksəriyyəti öz iqtisadi-sosial siyasətində artıq qənaət rejiminə keçiblər: büdcələr azaldılır, bəzi sosial layihələr dayandırılır, ehtiyatlar xərclənir, milli valyutalar devalvasiya olunur və s. Amma aydındır ki, neftin ucuzlaşması ilk növbədə neft-qaz şirkətlərin inkişaf proqramlarına təsir edib. Əgər hasil edilən neft daha az gəlir gətirirsə, deməli inkişaf proqramları üçün vəsaitlər də azalır. Bu təbiidir və həmin səbəbdən neft-qaz şirkətlərində yeni layihələrin işlənməsinə yatırılan investisiyaların azaldılması da təbii qəbul olunmalıdır.


"Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin hesablamalarına görə, 2014-cü ilin ortasından bu günə kimi dünyada neft-qaz sahəsində kəşfiyyat və yeni yataqların işlənməsinə məcmu investisiyalar 370 mlrd. dollar azalıb. Yaxın illər üçün, daha dəqiq 2020-ci ilə qədər, bu göstəricinin 1 trln. dollara çatacağı proqnozlaşdırılır. “Wood Mackenzie” bildirir ki, bəzi neft-qaz şirkətləri öz investisiyalarını 2 dəfə azaldıblar. Məsələn, "ExxonMobil" şirkəti əsaslı xərclərini 42,5 mlrd. dollardan (2013-cü il) 23 mlrd. dollaradək (2016-cı il), "Chevron" şirkəti 41,9 mlrd. dollardan 25 mlrd. dollaradək azaldıb. Proqnoz sevindirici deyil: əgər neftin qiyməti indiki səviyyədə qalsa, kəşfiyyata və yeni yataqların işlənməsinə investisiyaların azaldılması davam edəcək. Aydındır ki, bu investisiyaların azaldılması əvvəl-axır hasilatın azalmasına gətirib çıxaracaq və bu proses artıq başlanmaqdadır. Hələlik, mövcud olan istehsal qüvvələri hasilatı təmin edir, amma artıq 2017-ci ildən başlayaraq investisiyaların azaldılması nəticəsində yeni yataqların işə salınmaması bazarda neftin təklifinin azalmasına səbəb olacaq. Gözlənilir ki, 2017-ci ildə azalma 4%-ə çatacaq, sonradan isə (işlər ssenari üzrə davam etsə) azalma daha da güclənəcək.

Bu ilin əvvəlindən neft sahəsində OPEC və qeyri-OPEC ölkələrində neft hasilatının azaldılması ətrafında həqiqi siyasi, diplomatik və iqtisadi qarşıdurmalar müşahidə olunurdu. Nəticədə qiymətlərin dəstəklənməsi üçün hasilatı azaltmaq təşəbbüsü boşa çıxdı. Bəzi ölkələr buna razı idi, bəziləri isə əleyhinə çıxırdı ki, yekunda vəziyyət dəyişməz qaldı. Amma, deyəsən, bir azdan sonra bütün bu cəhdlərə ehtiyac qalmayacaq, çünki neftin hasilatı təbii yolla azalmağa başlayacaq, onun artırması üçün yeni sərmayələr tələb olunur, sərmayə yatırmaq üçün maliyyə resursları qalmır, çünki neft əvvəlki tək gəlir gətirmir. Beynəlxalq Enerji Agentliyinin son hesabatına əsasən, mayın sonunda dünyada sutkalıq neft hasilatının həcmi 95,4 mln. barelə bərabər olub ki, bu da illik müqayisədə 590 min barel azdır. Bu, son illər ərzində ən iri həcmdə azalmadır. Yenə də vurğulamaq lazımdır ki, həmin azalma sövdələşmə və ya birgə addımların nəticəsi deyil, OPEC çərçivəsində bu barədə razılıq əldə edilməyib, azalma təbii yolla yaranıb.

Belə təbii azalma nəticəsində bazarda tədricən təklif-tələbatın tarazlaşması yaranır. Məsələn, əgər bu ilin əvvəlində dünya neft bazarında təklif tələbatı sutkada 1,5 mln. barel üstələyirdisə (Beynəlxalq Enerji Agentliyinin hesablamaları), indi bu göstərici yalnız 800 min barel təşkil edir. Hadisələrin bu şəkildə davam edəcəyi təqdirdə, bu ilin sonuna kimi dünya neft bazarında tarazlıq yaranacaq, sonra isə tədricən son illər ərzində müşahidə olunan artıqlıq kəsirlə əvəz olunacaq. Məlumdur ki, kəsir olan zaman qiymətlər artır. Proqnozlaşdırmaq olar ki, gələn ildən neft-qaz sahəsinə investisiyaların azalması nəticəsində neftin qiymətləri bahalaşmağa başlayacaq. Hələlik hər hansı rəqəmlər səsləndirmək çətindir, amma qiymətlərin artma tendensiyanın yaranacağı şübhəsizdir.

Amma bütün bunlar o halda hadisələrin inkişafına müdaxilə olmayacağı təqdirdə baş verə bilər. İndi bəzi ölkələrdə hasilatın səviyyəsi maksimum səviyyədə deyil və belə ölkələrə ilk növbədə İranı və Səudiyyə Ərəbistanı aid etmək olar. Bu ölkələrdə həm hasilatı, həm də müvafiq olaraq ixracatı artırmaq üçün potensial var. İran sanksiyalar dövründə itkilərin əvəzin götürməsi üçün hasilat və ixracı artırmaq niyyətindədir və bu niyyətlərini gizlətmir. Müvafiq olaraq, Səudiyyə Ərəbistanı da yeni bazarlarına çıxmaq və ya mövcud olan bazarlarda mövqelərini möhkəmləndirmək üçün həm hasilatı azaltmır, həm də satış siyasətində diskont və güzəştlər təklif edir. Nəhayət, Rusiya da prosesdən kənarda qalmaq istəmədiyindən də ixracı artırır. Ən sonda isə ABŞ-da hasil edilən şist nefti də dünya bazarında qiymətlərə təsir edir.

Bütün bu amillər investisiyaların azaldılması nəticəsində neftin yaxın vaxtlarda bahalaşması perspektivlərinin üstündən xətt çəkə bilər. Həmçinin siyasi komponenti də hesabdan çıxartmaq olmaz. ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ölkənin Rusiyaya qarşı münasibət və planları dəyişməz qalacaq ki, bunun tərkib hissəsi olan iqtisadi zəifləmə siyasəti davam etdirilə bilər. İqtisadi siyasətin isə öz növbəsində tərkib hissələrindən biri neftin ucuzlaşdırılmasıdır. Neftin ucuzlaşması deyil, onun istiqamətli şəkilində ucuzlaşdırılmasının heç bir sübutu yoxdur, amma bu fikrin tərəfdarları az deyil. Bəzilərin fikrincə, ABŞ-ın İrandan sanksiyaların götürməsi təşəbbüsünün məqsədlərindən biri də o olub ki, İranın neft bazara qayıtsın ki, qiymətlər düşsün və bu Rusiyaya daha bir iqtisadi zərbə olsun. Heç kəsin yadından çıxmayıb - 80-ci illərin əvvəlindən sırf neft sənayesinin ətrafında qurulan SSRİ iqtisadiyyatı Qərb tərəfindən neft qiymətləri “üsulu ilə” dağıdılıb. Siyasi qüvvələr güclüdür, məqsədləri isə dönməzdir.

Buna görə də bilinmir ki, yuxarıda qeyd olunan investisiyaların azalması səbəbindən neft bazarında tarazlığın yaranması nə dərəcədə uzunmüddətli, davamlı və təsirli olacaq. Təklifin 4%-lik azalması elə də ciddi hadisə deyil ki, bu, məsələn, İranın və ya Səudiyyə Ərəbistanın hesabına “silinə” bilinməsin. Qeyd edək ki, neftin ucuz olması şəraitində gəlirlərin artırılması, sosial partlayışın baş verməməsi üçün Rusiya özü də ixracı artırır. Moskva bununla da müəyyən mənada öz siyasi düşmənlərinin maraqları lehinə addım atır, amma bunu etməyə məcburdur, çünki çıxılmaz vəziyyətindədir. Hər halda yaxın zamanlar neft bazarında təklifin azalması baş verəcək ki, bu, qiymətləri artmağa məcbur edəcək. Amma prosesə mane edəcək amilləri də diqqətdən qaçırmaq olmaz. Çünki neft bazarında yeganə idarəedici qüvvə bəlkə də o amillərdir...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR