Akademik Milli Dram Teatrı Balakəndə tamaşa nümayiş etdirib

Akademik Milli Dram Teatrı Balakəndə tamaşa nümayiş etdirib
# 22 iyun 2016 12:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Akademik Milli Dram Teatrının kollektivi Balakəndə qastrol tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı heyət Balakən rayon mədəniyyət evində “Qürbətdən gələn məktublar” tamaşasını nümayiş etdirib.

Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edib.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub.

Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, daha sonra xalq artisti İlham Əsgərov canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR