Azərbaycan yığmalarının baş məşqçiləri ilə 4 illik yeni müqavilə imzalanacaq

Azərbaycan yığmalarının baş məşqçiləri ilə 4 illik yeni müqavilə imzalanacaq
# 25 avqust 2016 15:34 (UTC +04:00)

Bakı – APA. Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan millilərinin baş məşqçiləri ilə müqavilə uzadılacaq. Bunu apasport.az saytına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.

O bildirib ki, kişilərdən ibarət millimizin baş məşqçi Reza Mehmandost və qadınlardan ibarət yığmamızın çalışdırıcısı Sun Mi Park taekvondoçularımızın inkişafında xüsusi pay sahibi olduqları üçün növbəti 4 il üçün müqavilə bağlanacaq.

Onun sözlərinə görə, anlaşmanın müddətinin artırılmasında yığmalarımızın Rio Olimpiadasında 1 qızıl və 2 bürünc medal qazanması da rol oynayıb: “Biz hər 2 mütəxəssislə Rio Olimpiadasının sonuna kimi müqavilə bağlamışdıq. Təbii ki, onların anlaşması ən azı Tokio-2020-nin sonuna kimi uzadılacaq”.

Qeyd edək ki, hər 2 mütəxəssis 2014-cü ilin oktyabrında yığmalarımızın “sükanı” arxasına keçib. Onların gəlişindən sonra taekvondoçularımız Avropa Oyunlarında, həmçinin dünya və qitə çempionatlarında uğurları sıralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR