THY İstanbula press-tur təşkil edib

THY İstanbula press-tur təşkil edib
# 10 oktyabr 2016 14:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türk Hava Yolları (THY) media nümayəndələri üçün İstanbula üç günlük press-tur təşkil edib.

APA-Economics” xəbər verir ki, 15 ölkədən 65-ə yaxın jurnalistin iştirak etdiyi səfərdə Azərbaycanı 12 media işçisi təmsil edib.

İlk gün jurnalistlər üçün şəhər ətrafına kiçik tur təşkil edilib. İstanbulun mərkəzində yerləşən Bizans imperatorluğuna aid iri yeraltı su anbarı olan “Yerebatan Sarnıcı” öz möhtəşəm arxitekturası və gözəlliyi ilə bura səfər edənlərin heyranlığına səbəb olub. Daha sonra isə “Kapalı Çarşı” bazarına səfər edən media nümayəndələri burada satılan ləziz təamların dadına baxmaq imkanı əldə ediblər.

Türkiyədə turizmin əhəmiyyətini nəzərə alsaq demək olar ki, İstanbul bu mənada ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Hər qarışı özündə tarixi əks etdirən İstanbulda jurnalistlərin növbəti dayanacağı Türkiyədə turistlər tərəfindən ziyarət edilən ən məşhur tarixi məkan olan “Sultan Ahmet Camii”si və “Topkapı Sarayı” olub. Vaxtilə Osmanlı sultanlarının yaşadığı bu sarayda onların həyat tərzini əks etdirən müxtəlif qılınc, saat kolleksiyaları toplanılıb. Bundan başqa, bələdçi tərəfindən media nümayəndələrinə imperiya zamanında baş vermiş müharibələr, müharibə nəticəsində qazanılan ərazilər barədə ətraflı məlumat verilib.

Diqqət çəkən məqamlardan biri də adıçəkilən məkanlarda turistlərin çoxluğu idi. Burada Makedoniya, Bosniya və Hersoqovina, Ukrayna, Rusiya, Fransadan gələn turistlər üstünlük təşkil edirdi.

Daha sonra THY-nin baş icraçı direktoru İlker Aycı media nümayəndələri üçün mətbuat konfransı keçirib. İ. Aycı bildirib ki, şirkət bu il 64 mln. sərnişin daşıyacaq. “Türk Hava Yolları olaraq biz yüksəlişlərə öyrəşmişik. 2018-ci ilin ikinci rübündə dünyanın ən böyük hava limanlarından birini İstanbulda fəaliyyətə başlayacaq. Layihə artıq bitmək üzrədir. İstanbulun bu yeni hava limanı ilk mərhələdə 90 milyon, ikinci mərhələ ilə birlikdə isə 150 milyona yaxın sərnişin daşıyacaq. Burada 550 təyyarə üçün nəzərdə tutulan park yeri, 5 hərəkət zolağı olacaq. İstanbul Hava Limanı hal-hazırda Avropanın 3-cü beynəlxalq hava limanıdır. Bu sırada o, yalnız İngiltərənin “Heathrow” və Fransanın “Charles de Gol” hava limanlarından geridə qalır. Yaxın zamanda Fransa hava limanını da ötüb keçəcəyik. Bununla da dünyanın ən çox nöqtəsinə uçuş həyata keçirən hava limanı olacağıq”, - deyə şirkət rəhbəri qeyd edib.

İ. Aycı bundan başqa, Türk Hava Yollarının həyata keçirəcəyi yeniliklərdən də bəhs edib. O bildirib ki, yaxın gələcəkdə şirkət göyərtədə plastik qabların istifadəsindən imtina edərək daha tez emal olunan qablardan istifadə edəcək. Bundan başqa, dar gövdəli təyyarələrdə biznes sinfi üçün İFE sistemində (in-flight entertainment system – red.) ekran problemi olanlara da xüsusi planşetlər paylanacaq. Ekonom sinfinin sərnişinləri üçün isə uçuş zamanı “wifi” şəbəkəsinin istifadə imkanları yaradılacaq ki, bununla da sərnişinlər həm təyyarədə, həm də hava limanında olarkən internetdən istifadə edə biləcəklər. İ. Aycı bildirib ki, göyərtədə sərnişinlərin istirahəti üçün nəzərdə tutulan musiqilərin daha yeniləri ilə əvəzlənməsi üçün məşhur bəstəkarlarla əməkdaşlıq edilir. Şirkətin yenilikləri bununla yekunlaşmır. Türk Hava Yollarının rəsmisinin sözlərinə görə, bundan sonra şirkət “sağlam mətbəx konsepti”ni həyata keçirərək göyərtədə sərnişinlərə daha sağlam və yüngül qidalar təqdim edəcək. Qidanın üzərində onun kalori dəyəri qeyd olunacağı üçün sərnişinlər öz istədikləri yeməyi seçə biləcəklər.

“Qeyd edim ki, Türk Hava Yollarının biletlərinin dünya üzrə orta qiyməti 130-150 dollardır. Biz 18 ayda 81 yeni təyyarə almışıq. Bunların 79-u iri gövdəlidir. Ümumilikdə isə 336 təyyarə ilə dünyanın bir çox nöqtəsinə uçuruq. Hal-hazırda hətta Bakı-İstanbul-Bakı istiqamətində 169 dollara kampaniya həyata keçirilir”, - deyə İ. Aycı qeyd edib.

Növbəti gün isə mətbuat işçiləri Türk Hava Yollarının Uçuş Təhsil Mərkəzində olublar. Burada THY-nin simulyatorlarında pilotlara keçilən təlimlər, onların uçuşa hazırlıq prosesi, o cümlədən uçuş zamanı fövqəladə hallardan çıxış yolları barədə ətraflı məlumat verilib. Bildirilib ki, iş stajından asılı olmayaraq hər bir pilot müəyyən müddətdən bir burda təlim keçir. Təlimdən keçməyənlərin yenidən təyyarə sürməsinə icazə verilmir.

Daha sonra isə jurnalistlər “DO & CO” restoran və katerinq şirkətinə baş çəkiblər. 1981-ci ildə türk iş adamı Atilla Doğudan tərəfindən yaradılan şirkət 2007-ci ildən etibarən “Türk Hava Yolları” ilə birlikdə “THY DO & CO İkram Hizmetleri” A.Ş. adı altında şirkət quraraq THY-nin uçuşları zamanı həm biznes, həm də ekonom klass sərnişinlərə xidmət göstərməyə başlayıb.

Təyyarələrdə sərnişinlərə təqdim olunan qidaların hazırlanması ilə əyani tanış olan jurnalistlərə yemək çeşidləri, paketlənməsi, təyyarələrə göndərilməsi və s. göstərilib.

Şirkət nümayəndəsinin sözlərinə görə, təqdim olunan yeməklər həftəlik olaraq dəyişir. “Gün ərzində şirkətdə 200 min yemək istehsal edilir. Biz yalnız Türk Hava Yolları ilə deyil, Türkiyədə 60-a yaxın aviaşirkətə xidmət göstəririk. Ümumilikdə, şirkətdə 4000 nəfər işçi çalışır”, - deyə şirkət rəsmisi qeyd edib.

Günün sonunda isə media işçiləri hava limanının “Turkish Airlines Lounge Istanbul” adlı xüsusi zonasında uçuş vaxtını gözləyiblər. Ötən il dünyanın ən yaxşı “lounge”u seçilən “Lounge Istanbul” ölkə xarici səfərlər terminalında sərnişinlərə xidmət göstərən iki mərtəbəli və 5 900 kvadratmetr salona malik, eyni zamanda 1030 insana xidmət göstərən bir məkandır. Burada sərnişinlərin uçuş saatlarına qədər qalan zamanı əla keçirməsi üçün hər bir şərait yaradılıb. Uçuş öncəsi gözləmə müddətini daha yaddaqalan edən bu məkanda sərnişinlərin boş vaxtlarını səmərəli keçirmələri üçün məscid, kitabxana, kino zalı, hamam, bilyard salonu, zəngin mətbəx çeşidləri, konfrans salonu, uşaq otağı və s. fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR