Əməliyyat düsturları və döyüş teoremlərindən aksioma doğru - RƏY

Əməliyyat düsturları və döyüş teoremlərindən aksioma doğru - <span style="color: red;">RƏY
# 25 oktyabr 2016 15:46 (UTC +04:00)

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik...

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev

Yalan, uydurma və iftiralar üzərində qurulan erməni təbliğatı tədricən fiaskoya uğrayır

Aprel ayında erməni silahlı birlışmələrinin təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi cavab əks-həmlə əməliyyatlarından xeyli müddət keçməsinə baxmayaraq onun nəticələri dünyada müzakirə olunmaqda davam edir. Bu mövzuda yazılara, süjetlərə bütün kütləvi informasiya vasitələri öz səhifələrində səxavətlə yer ayırır. Hadisələrdən müxtəlif qurumlar bir çox məqsədlər uçün istifadə edir. Beynəlxalq təşkilatlar münaqişənin həllində öz fəaliyyyətlərinin əhəmiyyətinin azalmaması üçün təkliflər hazırlayır, dövlətlər dostluq, tərəfdaşlıq münasibətlərini, dəstəklərini nümayiş etdirmək üçün müxtəlif səviyyələrdə səfərlər təşkil edir, politoloqlar, ictimai xadimlər, qeyri- hökumət təşkilatları nümayəndələri xal qazanmaq, fəaliyyətlərinin, özlərinin cəmiyyət üçün dəyərli olduğunu göstərmək məqsədilə müxtəlif mövzuda tədbirlər keçirir, təhlillərlə çıxış edirlər. Bütün bu tədbirlərin, həmçinin Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsində yalan, uydurma və iftiralar üzərində qurulan erməni təbliğatı tədricən fiaskoya uğrayır.

“Dörd günlük” müharibənin nəticələrinin “təhlilində” ən çox canfəşanlıq edən təbii ki, Ermənistandır. Keçən müddət ərzində elə bir gün olmayıb ki, erməni elektron informasiya resursları guya dərin təhlillərə əsaslanan və Ermənistanın “qüdrətini əks etdirən” qondarma artsax ordusunun qələbələrindən ağızdolusu bəhs edən yazılar, açıqlamalar yaymasınlar. Bu tədbirlərin işıqlandırılmasında ən təmkinli, həqiqəti əks etdirən mövqe nümayiş etdirən isə Azərbaycandır. Bunun da təbii ki, çox sadə izahı var. Aprel əməliyyatlarında, 4 gün davam edən döyüşlərdə Azərbaycan qarşıda qoyulan məqsədlərinə nail oldu. Bəli, bu müharibə deyildi. 4 günlük hərbi əməliyyatlar, əks həmlə döyüşləri, cavab zərbələri idi. Azərbaycan hərbi rəhbərliyinin rəsmi açıqlamalarında da deyildiyi kimi, bu ilk addım, uzun sürən fasilədən sonra bir başlanğıc idi. Dünya ictimaiyyətinin, beynəlxalq qurumların, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın haqq isinə ədalətli mövqenin sərgilənməsi, işğalçı qoşunların torpaqlarımızdan sülh yolu ilə qeyd-şərtsiz çıxarılmasına sövq edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində fəaliyyətimizin başlanğıcı, iradəmizin möhkəmliyinin təcəssümü idi.

Bu dörd günlük döyüşlərdə Azərbaycan ordusunun əldə etdiklərini heçə endirmək istiqamətində ermənilərin fəaliyyətində diqqət çəkən məqamlardan biri də odur ki, onlar döyüşlərdə istifadə edilən qüvvələr nisbətini hədsiz dərəcədə şişirdirlər. Özlərinin, yəni “artsaxın gücündən, qüdrətindən” də hap-gopla, yalandan danışmaqdan, təhlillər aparmaqdan da utanmırlar. Utansaydılar döyüşlərdə birbasa Ermənistan silahlı qüvvələrinin iştirakını və “arçax” deyilən bir qurumun ordusunun olmadığını, yalnız qocalardan, qaçaq-quldurdan ibarət qeyri qanuni, separatçı silahlı dəstələr olduğunu da danmazdılar. Texnikanın, silahların, əsgərlərin Yerevandan gətirildiyini və məhv edilənlərin taleyinə də məhz Ermənistanda əncam çəkildiyini rəsmi şəkildə boyunlarına alardılar.

Utansaydılar, apreldəki uğursuzluqlarından başlarını itirib siyasi-diplomatik ədabazlıq nümayiş etdirərək, qondarma DQR-i tanıyacaqlarını və onlara hərbi-texniki yardım göstə­rə­cək­lərini deməzdilər. Utansaydılar, Dağlıq Qarabag münaqişəsinin həllində xalqların mü­qəd­dəratının həllindən danışmazdılar. Dünyada bir erməni xalqı var və erməni xalqı da bol­şe­viklərin hesabına öz “müqəddəratlarını həll edərək” Azərbaycanın əzəli Rəvan əyaləti əra­zisində Ermənistan deyilən dövlət yaradıblar. Utansaydılar, bir xalqın iki-uç dövlət qurmaq istəməsinin gülünc olduğunu anlayardılar. Bu nonsensdir və ancaq erməninin ağlına gələ bilər. Əgər bir gün ABŞ-da (600 mindən bir az çox erməni yaşayır), Gürcüstanda, Fransada və digər ölkələrdə yaşayan ermənilər orada dövlət yaratmaq tələbi ilə çıxış edərsə buna da təəccüblənmək lazım deyil. İkili standartlarla yanaşma, bəzi beynəlxalq qurumların, dövlətlərin münaqişəyə göz yumması, qəbul edilmiş qərarlara açıq-aydın hörmətsizlik edənlərin cəzasız qalması buna tam zəmin yaradır. Əgər Azərbaycan torpaqlarında iki erməni dövləti olacaqsa, onda dünyanın müxtəlif yerlərində niyə də 4-5 erməni dövləti olmasın. Bu barədə isə yəqin bizimlə birlikdə dünya dövlətlərinin də düşünməsi lap yerinə düşər.

Ermənistan tərəfi apreldə baş verənlərə 4 günlük müharibə deməklə, əvvəl də dediyimiz kimi öz uğursuzluqlarını ört basdır etməyə, Azərbaycan ordusunun qələbəsinin əhəmiyyətini azaltmağa, eləcə də özlərinin xəyali güc və “qüdrətlərini” Ermənistan silahlı qüvvələrində baş alıb gedən anarxiyanın, özbaşınalığın, neqativ halların kölgəsindən çıxarmağa cəhd göstərir. Eyni zamanda Ermənistanın kriminal hərbi-siyasi rejimi, pafoslu çağırışlar, şüarlar, uydurma, şişirdilmiş vətənpərvərlik çağırışlarından “ruhlanaraq döyüşə atılmaq istəyən könüllü” şəxsləri də səngərlərə cəlb etməklə ön xətdə qorxudan titrəyən və anlamadıqları ideyalar üçün mənasız yerə ölmək istəməyən erməni gənclərini qismən də olsa sakitləşdirməyə çalışırlar.

Əməliyyat düsturları

Amma onlar başa düşmək istəmirlər ki, ucuz şan-şöhrət, pulsuz yemək, özünü reklam, sosial şəbəkələrdə piar kompaniyasında iştirak xətrinə işğal olunmuş Azərbaycan torpaqlarına “yollanan” bu qocalarla ordularını, özlərini “pazordan” xilas edə bilməyəcəklər. İşğal olunmuş torpaqlarımızda məhv ediləcəklərini, ağır yaralanaraq şikəst olacaqlarını bilən daha neçə erməni ön xəttə yollanacaq? Hələ neçə erməni ailəsi mənasız yerə, boş vədlər uğrunda ölən gənc övladlarını buraya göndərəcək? Yalnız 4 günlük “müharibə” də yüzlərlə itki verən ermənilər Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək uğrunda həqiqətən müharibəyə başlarsa onda belə mənasız minlərlə itkilər verəcəklərini yəqin hələ dərk etmirlər. Bax onda erməni tərəfi, kriminal hərbi-siyasi rejim bu barədə nələr yazıb, nələr danışıb əhalisini sakitləşdirəcəkdir? Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, düşmənə veriləcək cavabı daha sərt, daha dağıdıcı, dəhşətli olmaqla onu çökdürəcək və məhvinə səbəb olacaqdır. Ermənilər bax bunu da unutmasınlar. Həm də nəzərə alsınlar ki, Azərbaycan bütün sahələrdə, ən əsası ehtiyatlar sarıdan dəfələrlə Ermənistandan qat-qat üstündür.

Bu əməliyyatlar ermənilər üçün həqiqətən cox gözlənilməz oldu. Ona görə də üstündən uzun müddət keçməsinə baxmayaraq hələ də ermənilər bağıraraq buna “4 günlük müharibə deyirlər”. Onlar anlayırlar ki, döyüşlər nə vaxtsa olacaqdır. Amma onlar o qədər lovğalanırdılar, o qədər özlərindən razılıq azarına aludə olmuşdular ki, Azərbaycan ordusunun bu əks-zərbə əməliyyatlarına məhz bu təxribatlardan sonra başalayacağına inanmaq istəmirdilər. Şükürlər olsun ki, Azərbaycan əsgərinin qüdrəti erməniləri lazım olan çox şeyə inandırdı. Özlərinin yalançı, uydurma güc, qüdrətlərindən danışan ermənilərin inanmaq istəmədikləri, qəbul etmək istəmədikləri bir nüans da ondan ibarət idi ki, biz onların gücünü yoxlamaq, sınamaq fikrində deyildik. Onların “gücünə” də, “qüdrətinə” də bələdik. Bilirik ki, bu münaqişənin həllinə ədalətlə yanaşılsa, qərəzli mövqe olmazsa, ermənilər özləri vuruşmaq istərsə, onda, biz işğalçı, oğru, quldur erməniləri, “yaba ilə, zopa ilə döyə-döyə bostanımızdan” çıxararıq.

Biz öz gücümüzə bir daha əmin olmaq üçün bu addımı atdıq. Ordumuz öz gücünü, mənəvi psixioloji səviyyəsini, döyüş ruhunu, bacarığını, öyrəndiklərinin praktiki döyüşdə tətbiqini yoxlamaq, sınamaq üçün inamlı addım atdı. Şəhidlər verdi, torpaq azad etdi, yüksəkliyi nəzarətə götürdü, əhalimizin təhlükəsizliyinə zəmin yaratdı, ÖZ GÜCÜNƏ bir daha əmin oldu.

Aprel hadisələri öz təməlini 1994-cü ilin Horadiz əməliyyatlarından götürsə də ordumuz ilk olaraq əməliyyat düsturlarının həllindən başladı. Mövqeləri möhkəmlətdi, təlimlər keçdi, mənəvi-psixoloji vəziyyətini yüksəltdi, döyüş ruhunu gücləndirdi, təlim mərkəzlərində döyüş vərdişlərini təkmilləşdirdi, yeni silah və texnikadan səmərəli, effektiv istifadə qaydalarını mükəmməl öyrəndi, ən müasir texnologiyaların tətbiqi sirlərinə yiyələndi. Düşmən təxribatlarının cavabını verə-verə gücləndi, quruculuq işləri ilə məşgul oldu, qüdrətini artırdı. İlk olaraq qarşı tərəf təxribat törətdikdə, atəşkəsi pozduqda cavabı artıqlaması ilə verilərək susduruldu. Bəyan etdik ki, həlak olan hər bir hərbçimizin əvəzində 10 düşmən məhv ediləcək. Xəbərdarlıq etdik ki, əgər erməni gəncləri mənasız yerə ölmək istəmirlərsə, işğal olunmuş torpaqlarımızdan çıxıb getsinlər, kəndlərimizi, yaşayış məntəqələrimizi atəşə tutmasınlar. Əks halda cavabları sərt və dağıdıcı olacaqdır.

Döyüş teoremlərindən aksioma doğru

Sonra Müdafiə nazirinin tapşırığına əsasən ordumuz döyüş teoremlərini həll etməyə başladı. Atəşkəsi pozan düşmənə etdiyimiz xəbərdarlıqdan sonra onun mövqelərinə, atəş nöqtələrinə cavab zərbələri endirməyə başladıq. Dedik ki, əgər təxribatlar davam edərsə, işğal olunmuş ərazilərimizdə hərəkət edən əsgər, hərbi texnika, uçan hərbi obyekt, infrastruktur məhv ediləcək. Dedik və əməl etdik, sübut etdik ki, biz buna qadirik! Həmin dövrdə bir neçə ay ərzində düşmənin təxribatlarının, hücumlarının qarşısının alınması zamanı verdiyi itkilər, silah-sursatı ataraq qaçması, mövqelərimiz üzərində uçmağa cəhd göstərən düşmən PUA-larının məhv edilməsi və ən əsası mövqelərimizə hücum etməyə cəhd göstərən düşmən helikopterinin məhv edilməsi ilə ordumuz bir daha sübut etdi ki, o döyüş teoremlərini də uğurla həll edə bilər.

Sonda bir daha apreldə əldə etdiyimiz uğurdan danışmaq istərdim. Ordumuz tərəddüd etmədən qarşıya qoyulmuş “cəbhəboyu zonada yaşayış məntəqələrimizin və dinc sakinlərimizin atəşə tutulmasına cavab vermək, insanların təhlükəsizliyini təmin etmək, strateji yük­sək­likləri, müəyyən əraziləri azad etməklə, mökəmlətməklə taktiki üstünlüyə nail olmaq” kimi döyüş tapşırığını yerinə yetirdi. Əsgərimizin gücünü, qüdrətini görən, öz üzərində hiss edən düşmən anladı ki, əgər xain əməllərindən əl çəkməzə ona bir daha sərt cavab, layiqli dərs veriləcəkdir. Bunların hamısına Azərbaycan Ordusu apreldə əldə etdiyi qələbə ilə nöqtə qoydu və tariximizə daha bir neçə qürur verici günlər yazdı.

Torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bir aksiomadır. Aprel döyüşləri göstərdi ki, Silahlı Qüvvələrimizin gücü, qüdrəti bu aksiomun bərqərar olmasına yetərlidir. Azərbaycan əsgəri sübut etdi ki, dünya ictimaiyyəti bu məsələnin sülh yolu ilə sonlanmasına nail ola bilməzsə, münaqişənin hərbi yolla həlli-işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi mümkündür. Azərbaycan əsgəri bu müqəddəs vəzifənin yerinə yetirilməsində əzmlidir Bunun üçün ölkəmizin iqtisadi, hərbi qüdrəti və ordumuzun döyüş ruhu yetərincədir. Bu gün ordumuz yenə də gündəlik xidməti-döyüş vəzifələrini inamla yerinə yetirərək, təlim meydanlarında döyüş təcrübəsini, peşəkarlığını artırmaq istiqamətində səylərini davam etdirir. Hər kəs əmin ola bilər ki, Silahlı Qüvvələrimiz Xalqımızın iradəsi, Ali Baş Komandanın əmri ilə yenidən irəli atılmağa və torpaqlarımızı işğaldan azad etməyə hazırdır və qadirdir.

İsa İsmayılov, hərbi jurnalist

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR