Avro ucuzlaşır, ya ucuzlaşdırılır? - TƏHLİL

Avro ucuzlaşır, ya ucuzlaşdırılır? - <span style="color: red;">TƏHLİL
# 26 oktyabr 2016 08:18 (UTC +04:00)

Gözlənilmədən dünya bazarlarında avro ucuzlaşmağa başlayıb. Adətən avro, dollar, funt, yen və ya yuanın məzənnələrinin kəskin dəyişməsi hər hansı ciddi iqtisadi və ya siyasi hadisələrin nəticəsi olub. İndi isə avronun ucuzlaşması adi iqtisadi fonda, hər hansı daxili və ya xarici siyasi hadisələr olmadan baş verir. Rəqəmlərə gəlincə, ucuzlaşma bu ayın əvvəlindən başlamışdır, amma ötən müddət ərzində həm ucuzlaşma, həm də bahalaşma baş verirdi. Amma artıq bir həftədir ki, avronun məzənnəsi bir nöqtədə donaraq qalıb. Adətən belə tendensiyalar onu göstərir ki, məzənnə və ya qiymət qısamüddətli gələcək üçün formalaşıb. Sadə desək, məzənnə, qiymət və ya kotirovkanın dəyişkənliyi baş verəndə, nə isə demək çətindir, amma məzənnə bir neçə gün ərzində sabit qalanda, deməli, yeni kotirovka təsadüfi deyil. Bizim halda bu kotirovka – 1 avroya görə 1,1 ABŞ dollar səviyyəsində olan məzənnədir. Ümumilikdə, avronun məzənnəsi üç aylıq minimuma çatıb:

Yenə də vurğulamaq lazımdır ki, oktyabrın əvvəlində dünya maliyyə bazarında və ya dünya siyasətində belə bir hadisə baş verməmişdir ki, avronun ucuzlaşmasına və ya dolların möhkəmlənməsinə səbəb olsun. Amma hər bir halda proqnozlar mövcuddur və proqnozlara əsasən avronun məzənnəsi ilin sonuna kimi 1,05 dollara qədər ucuzlaşa bilər. Buna bir neçə amil işarə edir.

Birinci amil ondan ibarətdir ki, İtaliyada dekabrın 4-də baş verəcək referendumda yeniliklərə “yox” deyilsə, indiki hökumət istefa verə bilər. Bu da Avropa İttifaqının iri iqtisadiyyatlarından birində onsuz da yaxşı olmayan vəziyyəti bir qədər də pisləşdirə bilər. Çünki siyasi qeyri-müəyyənlik həmişə valyutalara mənfi təsir edib və edəcək. Qeyd edək ki, İtaliyanın baş naziri Matteo Rentsi referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Referenduma çıxarılan məsələlər daxili siyasətdə və ölkənin idarəetmə strukturunda ciddi islahatları nəzərdə tutur. Hələlik İtaliyada referendum yaxın gələcəkdə avronun taleyi üçün ən vacib siyasi amil kimi görünür.

İkinci amil Avropa Mərkəzi Bankın iqtisadiyyatı stimullaşdırılması proqramının davam edib-etməməsi dilemmasıdır. Hələlik hər şey göstərir ki, proqram davam etdiriləcək. Bu da bir neçə faktoru üzə çıxarır. Məsələn, aydındır ki, Avrozona iqtisadiyyatı hələlik istənilən səviyyədə güc yığmayıb və deməli avronun möhkəmlənməsi üçün makroiqtisadi əsaslar azalır. Bundan əlavə nisbətən ucuz avro Avrozonanın ixracına əlverişlidir ki, ixrac isə iqtisadiyyatın əsas fundamentlərindən biridir. Yəni ehtimal etmək olar ki, valyutanın ucuzlaşması avrozonanın iqtisadi rəhbərliyinə sərf edir və onu tərəfindən idarə edilir, çünki ucuz avro ixracı stimullaşdıraraq dolayı yolla iqtisadiyyatın artımına xidmət edir. Bundan başqa ucuz valyuta müəyyən dərəcədə inflyasiyanı artıra bilər ki, deflyasiya və kiçik inflyasiya problemi artıq uzun müddətdir ki avrozonada iqtisadi artımı üçün saxlayıcı amildir və Avropa Mərkəzi Bankın əsas “baş ağrısı” nöqtələrindən biridir.

Üçüncü amil ondan ibarətdir ki, Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin qaldırılması ehtimalı gündən-günə möhkəmlənir. FES-in bəzi üzv və rəhbərlərinin çıxışlarından məlum olur ki, faiz dərəcələri ABŞ-da prezident seçkilərindən əvvəl qaldırılmasa da, noyabrın 8-də keçiriləcək prezident seçkilərindən sonra baş verəcək. Mütləq, yoxsa yox, bilinmir, amma ehtimal böyükdür. Deməli, gözləmək olar ki, noyabrın əvvəlində və ya ortalarında müvafiq qərar qəbul edilə və qərar dekabrın ortalarında keçiriləcək FES-in iclasında rəsmiləşdirilə bilər. Nəticədə, dollar möhkəmlənmək üçün daha bir faktora malik olacaq ki, nəticədə avro-dollar cütlüyündə ağırlıq ikincinin xeyrinə dəyişəcək.

Bütün bunların fonunda ilin sonuna kimi avronun məzənnəsinin 1,05 dollara qədər ucuzlaşması çox real görünür. Əgər nəzərə alsaq ki, heç bir ciddi səbəb olmadan avro yalnız oktyabrın ilk yarısında 0,23% ucuzlaşıbsa, belə səbəblər olduğu halda onun daha 4,5-5% ucuzlaşması çox realdır.

Qeyd edək ki, avronun ucuzlaşması, hətta onun dollarla pariteta çatması Avropa Mərkəzi Bankı və ümumilikdə Avrozona üçün hər hansı mənfi makroiqtisadi nəticələrə gətirəcək. Ola bilər ki, əksinə, yəni zəif avro Avrozonanı indi staqnasiyadan çıxara biləcək yeganə makroiqtisadi amil ola bilər. Həmçinin onu da vurğulamaq lazımdır ki, adətən iqtisadiyyatın stimullaşdırılması, yumşaq pul-kredit siyasəti valyutanın zəiflənməsinə səbəb olur, amma avro ilə bu hələlik baş verməyib. Bəlkə, aparılan yumşaq siyasət indi gözlənilən effekt verir, çünki avronun zəiflənməsi artıq başlayıb.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR