Trampın zəfəri və elitanın iflası - TƏHLİL

Trampın zəfəri və elitanın iflası - <span style="color: red;">TƏHLİL
# 11 noyabr 2016 12:21 (UTC +04:00)

“Biz indi yol ayrıcındayıq və seçməliyik: keçmişin yanlışlarını təkrar edirik, yoxsa bizləri və gözəl vətənimizi hələ də möhtəşəm gələcək gözlədiyinə inanırıq? Mən gələcəyə inanır və onun möhtəşəm olacağını bilirəm. Hamımız çox yaxşı başa düşürük ki, bizim problemlərimiz həll olunmayacaq – nə qədər ki, biz o problemləri yaradan siyasətçilərə ümid edirik. Artıq bu durumu dəyişməyin vaxtı çatıb! Mənə inanın, bu dəyişiklik olacaq! Biz Vaşinqtondakı bataqlığı qurudaraq onu yeni idarəçiliklə - xalq naminə həyata keçiriləcək xalq hakimiyyəti ilə əvəz edəcəyik!”

Yuxarıdakı sözlər Donald Trampın seçkiqabağı kampaniya çərçivəsində 22 oktyabr 2016-cı il tarixində Pensilvaniya ştatının Gettysburg qəsəbəsində söylədiyi proqram nitqindəndir. Məkan təsadüfən seçilməmişdi: ABŞ-ın ilk respublikaçı prezidenti Avraam Linkoln 1863-cü il noyabrın 19-da vətəndaş müharibəsinin ən qanlı toqquşmalarının baş verdiyi bu qəsəbədəki əsgər məzarlığının açılışında 2 dəqiqəlik çıxışı ilə tarixə düşüb. Yuxarıdakı sitatın son cümləsini Trampın spiçrayterləri məhz mərhum prezidentin məşhur nitqinin yaddaşlara həkk olunan unudulmaz son cümləsindən təsirlənərək qələmə alıblar. Linkolnun məzarlığa toplaşmış insanları duyğulandıran o cümləsi belə idi: “Gəlin, təntənəli şəkildə and içək ki, onların ölümü boşuna deyil və Tanrı tərəfindən qorunan bu millət öz azadlığını əldə edəcək və xalqın hakimiyyəti, xalqın iradəsi ilə, xalq naminə yer üzündən silinməyəcək!”

Donald Trampın qələbəsinin sirrini burada axtarmaq lazımdır. O, kampaniya boyunca insanların hisslərinə, duyğularına xitab etdi. Böyük biznesin nümayəndəsi kütlələrin qarşısına onların dərdini bilən və anlayan qeyri-standart siyasətçi obrazında çıxdı.

8 noyabr 2016-cı il seçkiləri göstərdi ki, qlobal kapitalizm və neoliberal siyasətə qarşı dünyada güclənən əhval-ruhiyyə Amerikadan da yan keçməyib.

Kənardan nəzər yetirdikdə Amerika Birləşmiş Ştatları yüksək rifah səviyyəsinə çatmış, qayğısız ölkə kimi görünsə də, bu ölkə də digərləri kimi sosial-iqtisadi xarakterli problemlərdən xali deyil. İnsanlar bu problemlərin mənbəyi, səbəbkarı kimi ənənəvi siyasəti və mövcud sistemin siyasətdəki təmsilçilərini görürlər. Bəli, Amerikada da sosial ədalətsizlik var, “Wall Street”in - iri maliyyə korporasiyalarının hegemonluğu var, ədalətsiz gəlir bölgüsü var. Milli gəlirin təxminən 40 faizi əhalinin 1 faizini təşkil edən elit qrupun əlində cəmləşib və bu imtiyazlı təbəqə ildən-ilə öz sərvətinə sərvət qatır. Orta təbəqə isə yerində sayır, fəhlələrin, işsizlərin vəziyyəti yaxşılığa doğru dəyişmir. İri korporasiyalar ucuz işçi qüvvəsi və aşağı vergilər səbəbindən istehsal sahələrini ölkə xaricinə köçürür, bu isə ölkənin özündə işsizliyin yaranmasına gətirib çıxarır. Başqa bir narazılıq mənbəyi ölkədə milyonlarla qeyri-leqal miqrantın mövcudluğu və bu axının nəzarətsiz şəkildə davam etməsidir. Bu da yerli vətəndaşın maraqlarına toxunan amillərdən biridir, çünki miqrantlar amerikalılardan dəfələrlə az əməkhaqqı müqabilində çalışmağa razı olur, nəticədə əmək bazarında haqsız rəqabət yaranır və iş axtaran ABŞ vətəndaşı bu rəqabətin qurbanına çevrilir. Tramp seçki kampaniyasının başından sonuna qədər məhz bu problemləri gündəmə gətirdi, onları həll edəcəyini söylədi və insanları buna inandırdı.

8 noyabr 2016-cı il seçkiləri göstərdi ki, qlobal kapitalizm və neoliberal siyasətə qarşı dünyada güclənən əhval-ruhiyyə Amerikadan da yan keçməyib. Bu tendensiya elə qlobalizmin mahiyyətinə uyğun şəkildə sərhəd tanımadan sunami dalğası kimi hər yerə yayılır, qarşısına çıxan maneələri yıxıb keçir. Antisistem, antielita xarakterli qüvvələr, qeyri-standart baxış və ritorikaya sahib populist liderlər sürətlə önə çıxaraq populyarlaşır. Və maraqlıdır ki, qlobal kapitalizmin alternativi kimi ənənəvi sol qüvvələr yox, radikal sağ, millətçi, hətta irqçi qüvvələr populyarlıq qazanır. Məşhur strateq Zbiqnev Bjezinski bu sosial kataklizmin yaxınlaşdığını hələ 2008-ci ildə təxmin etmişdi. Onun “The New York Times”da dərc edilmiş “The global political awakening” (“Qlobal siyasi oyanış”) adlı məqaləsində məhz bundan – siyasi iştirak səviyyəsi aşağı olan passiv və əzilən kütlələrin oyanaraq öz sözünü deyəcəyindən bəhs olunurdu. Bjezinski marksist yanaşma nümayiş etdirməkdən çəkinməyərək bildirirdi ki, Qərb və ümumən dünyada siyasi üstqurum və cəmiyyətin sosial-iqtisadi bazisi arasında uyğunsuzluq güclənir. O, xəbərdarlıq edirdi ki, dünya sürətlə dəyişir və elitalar bunu nəzərə alıb dəyişməlidir.

Bjezinski hakim dairələrə təklif edirdi ki, “inqilab”ı yuxarılar etməli və yeni siyasi elita – üstqurum formalaşdırılmalıdır. Elitalar bu çağırışı dinləmədi, təhlükənin fərqinə varmadı, nəticədə “inqilab”ı aşağılar həyata keçirdi.

Əvvəllər elitalar ənənəvi media vasitəsilə ictimai rəylə istədikləri kimi manipulyasiya edirdilər, dəyişiklik elitanın və sistemin bir nümayəndəsinin başqası ilə əvəzlənməsi şəklində baş verirdi. Lakin texnoloji inkişaf sosial media fenomenini yaratdı. Sosial media qısa müddətdə o dərəcədə populyarlaşdı ki, gündəlik həyat tərzinin ayrılmaz hissəsinə çevrildi. Hətta əvvəllər qəzet oxumayan, TV-də xəbərləri izləməyən apolitik kütlələr də indi sosial mediada hər gün bu tip yayımlarla iç-içədir. Sosial media onları bir növ, siyasiləşdirir. Fərdlər ictimai-siyasi proseslərə təsir göstərmək, siyasi sistemin xaricində qalmış kütlələr sistemi sarsıtmaq imkanı əldə edib. Bu, müasir dünyada tamamilə yeni bir mərhələnin başlanması deməkdir. Amerika demokratları bu tendensiyanı əlbəttə ki, görürdülər, lakin ya onu lazımi qədər qiymətləndirə bilmədilər, ya da yetərincə ciddiyə almadılar. Əslində demokratların daxilində də cəmiyyətin gözləntilərinə uyğun lider ortaya çıxmışdı, senator Berni Sanders “praymeriz”də gənclərin, dəyişiklik istəyənlərin dəstəyini arxasına alaraq Hillari Klintonla ciddi rəqabətə girmişdi. Lakin elitanın və sistemin dəstəyi nəticəsində xanım Klinton rəsmi namizəd seçildi, dəyişiklik tərəfdarı olan elektorat isə məyus oldu. Məhz həmin elektoral kütlə səsverməyə qatılmayaraq Kintonun siyasi iflasında rol oynadı. Namizəd seçimində bu kritik xəta demokratlara çox baha başa gəldi, onlar həm Ağ Evi itirdilər, həm də Nümayəndələr Palatası və Senatda çoxluq əldə edə bilmədilər. Üstəlik, Ali Məhkəmədə boş qalmış yerə mühafizəkar zehniyyətə sahib hakimin təyin olunması üçün də şans yaranıb və respublikaçılar bu şansı qaçırmayacaq. Bu təyinat nəticəsində Ali Məhkəmədə paritet respublikaçıların xeyrinə pozulacaq və onlar Amerika cəmiyyətində mübahisə doğrudan bəzi təşəbbüslərini ali instansiyanın yekun qərarı əsasında reallaşdırmaq fürsəti əldə edəcəklər.

...Bjezinski hakim dairələrə təklif edirdi ki, “inqilab”ı yuxarılar etməli və yeni siyasi elita – üstqurum formalaşdırılmalıdır. Elitalar bu çağırışı dinləmədi, təhlükənin fərqinə varmadı, nəticədə “inqilab”ı aşağılar həyata keçirdi. ABŞ-da və dünyada yeni bir dövr başladı...

Şahin Cəfərli,

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR